“Sağlamlığın Qorunması” İctimai Birliyi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladlarının iştirakı ilə tədbir keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə İB-nin sədri Yazgül Abdiyeva bildirib ki, Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət xadimi, xalqın inanıb səs verdiyi millət vəkilidir: “Bu, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadına cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Heydər Əliyevin yürütdüyü siyasətdə qadınlar həmişə dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən biri olub. Prezident İlham Əliyev də öz çıxışlarında ölkənin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərdən danışaraq həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolunun olduğunu vurğulayır”.
“Qadınları qoruyaq” devizi altında aksiya başlatdıqlarını deyən Y. Abdiyeva deyib ki, bu işdə məqsəd Azərbaycan qadınına dəstək olmaq, onun arzularının gerçəkləşməsinə yardım etməkdir: “ Sözsüz ki, sağlam qadın sağlam cəmiyyət, sağlam düşüncə deməkdir. “Sağlamlığın qorunması” adlı yaratdığımız yeni təşkilat çərçivəsində qadınların sağlamlığı ilə bağlı layihələr həyata keçirmək niyyətindəyik. “Sağlam düşüncə, sağlam həyat” devizini əsas götürərək biz də bu yola başladıq”.
Tədbirdə çıxış edən millət vəkili, Sağlamlığın Qorunması İB-nin fəxri sədri Qənirə Paşayeva bildirib ki, yaxın zamanda torpaqları işğaldan azad edildikdən sonra şəhidlərin də ruhu şad olacaq.
Tədbirdə bir sıra ziyalılar çıxış edərək əhalinin tibbi maariflənməsinin vacibliyindən danışıb və bu istiqamətdə təşkilatın önəmli çalışmalara imza atacağına inandıqlarını bildiriblər. Tədbir çərçivəsində əməkdar artist - Aybəniz Haşımova, Nuriyyə Hüseynova, tanınmış sənətçi Flora Kərimova, Sevinc Tofiqqızı, Aslan Hüseynov, Əkbər Əliyev və bir çox sənətçilərin ifaları böyük maraqla qarşılanıb.