APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi İrəvanda keçirilən brifinqdə çıxış edib.
Sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi ehtimalını şərh edən səfir qeyd edib ki, rəsmi Tehran bu təşəbbüsün əleyhinədir. Onun sözlərinə görə, bu məsələnin həlli Ermənistan, Azərbaycan və ATƏT-in Minsk qrupundan asılıdır.
“Mən əminəm ki, kənar qüvvələrin yerləşdirilməsi bölgədəki təhlükəsizliyi sual altına qoya bilər. İraq və Əfqanıstan bunun bariz nümunəsidir”, - deyə o vurğulayıb.
İranın regionda istənilən zorakılıq təzahürlərinə qarşı olduğunu deyən diplomat Tehranın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı azdır.