Parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsinə başlanıb. Lent.az-ın verdiyi məlumata görə, Artur Rasizadənin çıxışından sonra hesabat deputatların müzakirəsinə təqdim olunub.
Çıxış edən deputat Fazil Mustafa Bakı metrosundakı problemdən danışıb. O qeyd edib ki, metronun giriş-çıxışı açıq olmalıdır: “Amma nəzərə almalıyıq ki, Azərbaycanda istənilən sahibkar heç bir nöqtəni də pulsuz əldə etmir. Qeyri qanuni yollarla oranı əldə edir və maliyyə sərf edir. Günün birində onların əlindən hər şey alınır və həyatı məhv edilir. Çünki onun əlində heç bir hüquqi sənəd yoxdur. Hamının obyekti var. Amma heç kim mülkiyyət sahibi deyil. Belə obyektlərə təkcə metroda yox , digər ticarət mərkəzlərində də rast gəlinir. Dövlət bununla bağlı ciddi tədbirlər görməlidir, vətəndaşın bu problemini həll etməyə çalışmalıdır. Əks halda imkansız ordusu yaradıb dövlət öz çiynində sosial müavinət yükünü artıracaq?”