Abşeronda oğurluqda və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Allahverən Əhmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Allahverən Əhmədov Ağcabədi rayonunda oğurluq edib. O, evdən 1 700 manat dəyərində qızıl qolbaq, 2 500 manat dəyərində qızıl boyunbağı və 1 300 manat dəyərində qızıl üzük oğurlayıb.
Daha sonra anası Afət Əhmədovaya atəş açaraq onu qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 228.1-ci (qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər əməllər) maddələri ilə ittiham irəli sürülüb.