“Bəzi səfirliklər siyasi məqsəd güddüklərini ortaya qoyurlar”  - MÜSAHİBƏ
24 dekabr 2012 18:46 (UTC +04:00)

“Bəzi səfirliklər siyasi məqsəd güddüklərini ortaya qoyurlar” - MÜSAHİBƏ

0

Rauf Zeyni: “Görünür, bizim ölkəmizin, millətimizin maraqlarını müdafiə etməyimiz onları qane etmir”

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin APA-ya müsahibəsi

 

- Qurultayın işini necə qiymətləndirirsiniz?

 

- Düşünürəm ki, qurultayın işi çox uğurlu oldu. Prezident Administrasiyası, Nazirlər Kabineti, özəl qurumlar, media və qeyri-hökumət təşkilatlarının, həmçinin beynəlxalq təşkilatların və bəzi xarici ölkələrin səfirliklərinin nümayəndələri qurultaya çox yüksək qiymət verdilər. Fürsətdən istifadə edərək qurultayın belə yüksək səviyyədə keçməsinə dəstək verən və onun işində iştirak edən insanların hamısına öz minnətdarlığımı bildirirəm.

 

- Bu qurultay nə ilə yadda qaldı və hansı sənədlər qəbul olundu?

 

- Qurultay özünün mütəşəkkilliyi, möhtəşəmliyi ilə yadda qaldı. Qurultayın qətnaməsində indiyə qədər görülən işlərə qiymət verildi və bundan sonrakı istiqamətlər üzrə görüləcək işlər müəyyən edildi. Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti də çox mühüm sənəddir. Orada cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, ölkənin əksər qeyri-hökumət təşkilatlarının prezidentin siyasi kursunu müdafiə etdikləri ifadə olunmuşdur. Qurultay forumun yeni rəhbər heyətini də seçdi. Biz  növbəti dörd il üçün yeni seçilən heyətlə daha səylə çalışmaq və vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr vermək əzmindəyik. Onu da deyim ki, yeni heyət gələn ilin yanvar ayında ictimaiyyətə təqdim ediləcək.

 

- Perspektivdə MQF fəaliyyətini hansı istiqamətdə quracaq?

 

- Biz qəbul etdiyimiz qərar və qətnaməyə, habelə ölkəmizin, cəmiyyətin tələbatına uyğun olaraq öz fəaliyyətimizi davam etdirəcəyik. Vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının maddi-texniki bazasının və təşkilati imkanlarının gücləndirilməsi, onların fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının, milli-mənəvi dəyərlərinin qorunması, zəngin mədəniyyətinin dünyada təbliği, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması və s. sahələrdə üzərimizə düşən vəzifələri yerinə yetirəcək, vətəndaş cəmiyyətinin imkanlarını bu yöndə səfərbər etməyə çalışacağıq.

 

- Qurultayda diqqət çəkən məqam ölkədəki bəzi diplomatik nümayəndəliklərin rəhbərlərinin tədbirdə iştirak etməməsi idi. Bunun səbəbini necə izah edərdiniz?

 

- Açığını deyim ki, biz bütün səfirlikləri dəvət etmişdik. Təəssüflər olsun ki, onlardan bəziləri qurultaya gəlmədilər. Demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına xüsusi dəyər verdiklərini tez-tez təkrarlamağı xoşlayan bir sıra səfirliklərin nümayəndələrinin 601 təşkilatı özündə birləşdirən, Azərbaycanın ən böyük QHT koalisiyası olan Milli QHT Forumunun qurultayında iştirak etməməsi paradoksal haldır. Düşünürəm ki, məqsədi Azərbaycanda siyasi qalmaqallar yaratmaq olan üç təşkilatın dekabrın 11-də Bakı Caz Klubunda düzənlədiyi “Demokratiya naminə incəsənət” layihəsinin təqdimat mərasimində iştirak edən səfirlərin bizim qurultaya nümayəndə belə göndərməməsi bir sıra qaranlıq məqamlara işıq salır. Hesab edirəm ki, burda bir neçə amil mövcuddur. Görünür, bizim ölkəmizin, millətimizin maraqlarını müdafiə etməyimiz onları qane etmir. Həmin səfirlər Azərbaycanın maraqlarını müdafiə etməyən QHT-lərə açıq  dəstək verməklə siyasi məqsədlər güddüklərini ortaya qoyurlar. Ona görə də siz qeyri-hökumət təşkilatlarının Qarabağla, işğalla, qaçqın və məcburi köçkünlərlə, Xocalı soyqırımı ilə bağlı tədbirlərində həmin səfirlərin heç birini görə bilməzsiniz.

 

- Son vaxtlar Milli QHT Forumuna xarici fondlar tərəfindən qrantların ayrılmamasını da bununla bağlamaq olarmı?

 

- Bu məsələdə ikili standartla yanaşma mövcuddur. Bir sıra beynəlxalq təşkilatlar bir qrup qeyri-hökumət təşkilatını öz başına toplayıb, özlərinin qeyri-hökumət təşkilatlarını yaradıblar. Bəzi QHT-lərə “Demokratiya naminə oxu”, “Musiqi festivalı” və s. adları altında külli miqdarda qrantları çox asanlıqla verirlər. Amma biz vətəndaş cəmiyyəti quruculuğu ilə məşğuluq, regionlarda QHT-lərin inkişafı ilə məşğul oluruq, onlarsa bu məsələlərə çox da meyl etmirlər. Burada onların öz prioritetləri, öz planları əsas rol oynayır.

 

- Sizcə, bu problemi necə aradan qaldırmaq olar?

 

- İlk növbədə neytral, müstəqil, sağlam qeyri-hökumət təşkilatları, o cümlədən, Milli QHT Forumu bu məsələlərə öz münasibətini açıq bildirməli, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməlidir. Bundan başqa, vətəndaş cəmiyyətinin təmsilçiləri bu sahədə geniş yayılmış qeyri-şəffaflıqla bağlı həmin qurumlardan, habelə onların himayə etdiyi əlaltı QHT-lərə dəstək verən diplomatlardan izahat tələb etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar