“Azərbaycanın D-8-ə üzvlüyündə bir problem görmürəm” - Novruz Məmmədov
23 oktyabr 2017 15:09 (UTC +04:00)

“Azərbaycanın D-8-ə üzvlüyündə bir problem görmürəm” - Novruz Məmmədov

“Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət olunması bir daha Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və xüsusi əlaqələr olduğunu nümayiş etdirir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

 

N. Məmmədov bildirib ki, ev sahibi kimi bir dövlət dəvət etmək ixtiyarı olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə “G 20” zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi: “Digər tərəfdən, Azərbaycanın belə mötəbər tədbirlərə dəvət olunmasına əslində təbii baxmaq lazımdır. Çünki Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, hətta bir sıra nailiyyətlərinə, parametrlərinə görə onların çoxundan da irəlidədir. Məsələn, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir, bundan əvvəl 37-ci yerdə idi. O nöqteyi-nəzərdən D-8 sammitində Azərbaycanın iştirakının həm ölkəmiz, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi. Zirvə görüşündə məsələlərin müzakirəsində, fikir mübadiləsində Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Çünki Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır”.

 

N. Məmmədovun sözlərinə görə, Azərbaycan kiçik dövlət olsa da, təkcə region deyil, beynəlxalq miqyasda bəzən vasitəçi, təşəbbüskar kimi rolunu oynayır: “Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi və coğrafi mövqeyinə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan prezidenti D-8 sammitində Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atılan addımlar, keçilən yol, beynəlxalq aləmdə gördüyü işlər, o cümlədən islamofobiyaya qarşı mübarizə, islam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətə layiq çıxış etdi. Bu çıxış hamının alqışları ilə qarşılandı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

APA Baycan

Oxşar yazılar