“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun Almaniyanın Berlin, Frankfurt və Hamburq şəhərlərində təqdimatları olacaq. Lent.az-ın məlumatına görə, toplular fevralın 22-də Berlində, 23-də Frankfurtda, 24-də isə Hamburqda təqdim ediləcək. Tədbirdə ictimaiyyətin nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV və QHT təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət topluda 20-ci əsrin əvvəllərində erməni terror dəstələrinin, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar “Soyqırım:Bakı”, “Soyqırım:Quba”, “Soyqırım: Şamaxı” adlı 3 film şəklində 3 diskdə kataloqda öz əksini tapır. Topluda Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edən zaman həyata keçirdiyi soyqırımlar “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa kataloqda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Şuşa:Dağıdılmış mədəniyyət beşiyi” və “ Ağdam: Qafqazın xirosiması” filmləri də yer alıb.
Toplunun nüsxələri Azərbaycan həqiqətlərinin daha da geniş yayılması məqsədilə Berlin, Frankfurt və Hamburq şəhərinin dövlət qurumlarına, millət vəkillərinə, qeyri-hökumət təşkilatlarına, KİV, universitet və kitabxanalarına təqdim olunacaq.
Layihənin rəhbəri Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovdur.