İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını bir araya gətirəcək.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu gün ümumxalq Novruz şənliyində çıxışı zamanı deyib ki, bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları növbəti dəfə ölkəmizin potensialını göstərəcək və eyni zamanda, İslam həmrəyliyinə də Azərbaycanın növbəti töhfəsi olacaq. Çünki buna böyük ehtiyac var.
İlham Əliyev bildirib ki, bu Oyunlar təkcə idman yarışı deyil: “ Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun”.
Prezident qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi indi də uğurlu siyasəti ilə güclənir: “Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik. Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub”.
Cənub Qaz Dəhlizi layihəsinə də toxunan dövlət başçısının sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edir: “ Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranıb.
Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Vaxt keçdikcə dünyada ölkəmiz haqqında daha da dolğun məlumat yayılır. Bizə böhtan, şər atan, bizə pis gözlə baxan qüvvələr yavaş-yavaş sıradan çıxırlar. Artıq onların bir çoxu siyasi səhnədən kənarlaşdırılıb. İndi dünyada yeni inkişaf dinamikası yaranır. Azərbaycan müasir, müstəqil, inkişafda olan ölkə kimi dünyada daha çox tanınır”.