Azərbaycanın İstanbul (Türkiyə) şəhərindəki baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalovun APA-ya müsahibəsi
- Həsən müəllim, İstanbul dünyanın ən fəal həyat və iş rejiminə malik şəhərlərindəndir. Baş konsulluğumuzun buradakı fəaliyyəti və iş təcrübəsini bizimlə bölüşməyinizi istərdik...
- Türkiyə regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən, ticarət-iqtisadi, nəqliyyat, turizm və maliyyə sahələrində önəmli mərkəzlərindəndir. Bu ölkə ilə Azərbaycan arasındakı qardaş əlaqələr iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsini zəruri edir. Bundan əlavə, Türkiyə və Azərbaycan üçün olduğu qədər dünyanın digər dövlətləri və bölgələri üçün də mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın təşəbbüskarı olduğu bir sıra layihələr bizi daha sıx bağlarla birləşdirir, gələcəkdə də bu əlaqələrin uğurla davam etdirilməsinə sağlam zəmin yaradır. Müstəqil Azərbaycanın Türkiyə ilə əlaqələrinin strateji məcrada inkişafının bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” təfəkkürü ilə möhkəm təməl üzərində qoyulub. Azərbaycan prezidenti İlham Əliyev həmin strateji xətti uğurla davam etdirir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tendensiyası xalqlarımızın mənəvi sifarişidir.
Baş Konsulluğumuzun yerləşdiyi İstanbul şəhəri isə Türkiyənin ən intensiv inkişaf edən və yaşayan şəhəridir. Şəhərin inkişaf göstəriciləri - əhalisinin sayı, siyasi, ticarət-iqtisadi, tarixi-mədəni və s. anlamda əhəmiyyəti, İstanbul və ətraf vilayətlərdə xeyli soydaşımızın yaşaması işimizin məsuliyyətini artıran amillərdəndir. Təbii ki, burada işlərin intensivliyi bizdən çevik, təşəbbüskar və effektli fəaliyyət tələb edir. Baş Konsulluğumuzun konsul dairəsinin fəaliyyəti İstanbulla bərabər 30-a yaxın vilayəti əhatə edir və bu, özü-özlüyündə, işimizə əlavə həcm verməklə yanaşı, ölkəni daha yaxşı tanımağa, prosesləri yaxından izləməyə əlavə imkan yaradır. Bir qayda olaraq yerli KİV-lərin, qanunvericilikdə, regionlarda baş verən dəyişikliklərin gündəlik əsasda izlənməsi, yerlərə səfərlərin həyata keçirilməsi, iki ölkə arasında qarşılıqlı səfərlərin təşkil edilməsi, vətəndaşlarımızın qəbul edilməsi, onlara mümkün köməkliyin göstərilməsi, görüşlərin keçirilməsi, tədbir və toplantılarda iştirak, İstanbulda yerləşən beynəlxalq təşkilatlarda respublikamızın təmsil edilməsi, maraqlarının qorunması və s. kimi məsələlər, eyni zamanda iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirə biləcək məsələlərin üzə çıxarılması və bununla bağlı təkliflərin hazırlanması işimizin ayrılmaz hissəsi, önəmli parçasıdır. Bildiyiniz kimi, mən on ildən artıqdır Türkiyədə çalışıram. Əvvəlcə Azərbaycanın Qarsda (2004-2010), 2010-cu ildən etibarən isə İstanbulda baş konsuluyam. Hələ gənclik illərindən Türkiyənin tarixinə, mədəniyyətinə, ictimai-siyasi həyatına marağım olub. Türkiyədə çalışdığım illər isə qardaş ölkəyə aid biliklərimi daha da zənginləşdirib, bu ölkəyə marağımı daha da artırıb. Bu marağım mənə Türkiyənin ictimai-siyasi həyatında, iqtisadiyyatında və s. sahələrdə gedən prosesləri daha aydın şəkildə anlamağa, işimizin necə qurulmasının müəyyən edilməsinə yardım edir. Təbii ki, çoxşaxəli işimizin idarə edilməsində, ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan vəzifələrin layiqincə həyata keçirilməsində idarəçilik təcrübəsi və biliklərlə yanaşı, peşəkar və vətənpərvər kadrlar da mühüm rol oynayır.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Azərbaycanın xarici ölkələrdəki diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi zamanı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən diplomatik nümayəndəliklərin rəhbərləri qarşısında bir sıra təxirəsalınmaz tapşırıqlar verilib. Müşavirə zamanı ölkə başçımız və digər yüksək vəzifəli şəxslər tərəfindən səsləndirilmiş fikirlərdən nəticə çıxararaq işimizin daha da təkmilləşdirilməsinə, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə bütün kollektivimizlə əzmlə səy göstərəcəyik.
- İstanbul dünyanın ticarət-iqtisadi mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı işləri görürsünüz?
- Qeyd etdiyim kimi, İstanbul regionun və qloballaşan dünyanın önəmli ticarət-iqtisadi, maliyyə mərkəzlərindən biri kimi tarixi şöhrətini qorumaqdadır. Bu gün dünyanın sosial-iqtisadi (ticarət-iqtisadi) xəritəsini İstanbulsuz təsəvvür etmək mümkünsüzdür. Bu şəhər strateji önəmə malik layihələrin, təşəbbüs və tədbirlərin həyata keçirilmə yerinə çevrilib. Ölkənin ən iri və mühüm şirkətləri, holdinqləri, sənaye müəssisələri burada yerləşir, görkəmli iş adamları, dünya şöhrətli insanlar burada yaşayır. Bu səbəbdən İstanbulda olduqca güclü işgüzar mühit yaranıb, iş adamları müxtəlif sahələri əhatə edən birliklər, ixtisaslaşmış qurumlar təsis ediblər. Baş konsulluq olaraq biz daim bu birliklərlə, qurumlarla, ayrı-ayrı iş adamları ilə müxtəlif formatlarda görüşür, Azərbaycan həqiqətləri - sağlam işgüzar və sərmayə mühiti, əməkdaşlıq imkanları haqqında onları məlumatlandırır, insanları Azərbaycanla sıx əməkdaşlıq etməyə, ölkəmizə sərmayə yatırmağa çağırırıq. Bununla yanaşı, Azərbaycan iş adamlarının və şirkətlərinin də maraqlarının konsul dairəmiz çərçivəsində təmin edilməsinə çalışır, iş adamlarımız üçün maraq kəsb edə biləcək sahələr üzrə araşdırmalar apararaq mövcud imkanlar barədə ölkəmizin aidiyyəti qurumlarını məlumatlandırırıq.
- Türkiyədə çalışan iş adamlarımızın fəallığı, onlarla əlaqələriniz hansı səviyyədədir? Xatırlayıram ki, bir neçə il əvvəl Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİAB) təsis edilmişdi. Bu təşkilatla işgüzar münasibətlərinizi necə qurmusunuz?
- Heç kimə sirr deyil ki, hazırda Türkiyədə həmvətənlərimiz irili-xırdalı yüzlərlə şirkət təsis edib, çoxlu sayda azərbaycanlı iş adamı işgüzar fəaliyyətə cəlb olunub. Onların arasında Türkiyə və dünya miqyasında sayılıb seçilən həmyerlilərimiz də var. Təbii ki, bizimlə səmimi münasibətlərdə olan, dəvətlərimizi qəbul edərək tədbirlərimizdə, toplantılarımızda yaxından iştirak edən, matəm və əlamətdar günlərimizdə bizimlə bərabər olan çoxlu şirkətlərimiz və iş adamlarımız var. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, baş konsulluq bütün tədbirləri yalnız daxili imkanlar hesabına keçirir. Bunu deməkdə məqsədim odur ki, kimsə iş adamlarımızla, şirkətlərimizlə münasibətlərimizdə təmənna olduğunu düşünməsin. Əksinə, biz baş konsulluq olaraq hər zaman onların arxasındayıq və lazımi dəstəyi verməyə hazırıq. Amma təəssüf ki, bəzi insanlarımız hələ də “köhnə psixologiya” ilə, stereotiplərlə yaşayır və xarici ölkələrdəki diplomatik nümayəndəliklərin adı gələndə xof içində onlardan uzaqlaşmağa çalışır. Biz onlarla işləyərək, yaxınlaşaraq onlara dəstək ola biləcəyimizi aşılamağa çalışsaq da, bu, həmişə gözlənilən effekti vermir.
Səmimi etiraf edim ki, harada işləməyimdən, hansı ölkədə olmağımdan asılı olmayaraq, hər zaman azərbaycanlı iş adamlarının, onların şirkətlərinin uğurlu və güclü olmasını istəmişəm. Bunun üçün onların öz aralarında da əlaqələrinin, şəbəkə və birliklərinin olması vacib şərtlərdəndir. Lakin əfsuslar olsun ki, bu anlamda vəziyyət hələ də o qədər ürəkaçan deyil və iş adamlarımızın real olaraq təşkilatlanması prosesi olduqca zəif gedir. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yaranmasından xeyli müddət ötməsinə baxmayaraq, birlik hələ də iş adamlarımızı öz ətrafında toplaya biləcək işlək mexanizm təklif edə bilməyib. Bizdən tez-tez soruşurlar ki, bu qurum nə işlə məşğuldur, fəaliyyəti varmı, baş konsulluqla əlaqələri hansı səviyyədədir? Açığını deyim ki, 2012-ci ildə Çırağan sarayında keçirilmiş təsis iclasından indiyədək birliyin azərbaycanlı iş adamlarını kütləvi şəkildə öz ətrafında birləşdirməsi, onlarla bağlı hər hansı toplantı keçirməsi haqqında məlumata rast gəlməmişəm. Hətta Türkiyədə çalışan iş adamlarımızın əksəriyyətinin bu birlik haqqında məlumatlı olmasına da əmin deyiləm. Amma ümidvaram ki, yaxın zamanlarda vəziyyət dəyişər və biz bu birlik haqqında qürurla danışarıq. Əslində TAİAB-in potensialı var və Türkiyə kimi qardaş ölkədə real olaraq maraqlı işlər, birgə layihələr, toplantılar həyata keçirmək, qarşılıqlı səfərlər təşkil etmək olar.
- Siz həm də Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsisiniz. Təşkilat çərçivəsində işlər necə gedir?
- Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindəndir. Ölkəmiz bu təşkilat çərçivəsində gedən proseslərin fəal iştirakçısı, Qara dəniz regionunda əməkdaşlığın, pozitiv dəyişikliklərin həyata keçirilməsi istiqamətində səy göstərən tərəfdaşdır. Azərbaycan günü-gündən inkişaf etdikcə, qüdrətləndikcə onunla əməkdaşlığa maraq daha da artır. Respublika rəhbərliyinin yorulmaz səyləri nəticəsində bu gün ölkəmiz bütün dünyada, o cümlədən də QDİƏT çərçivəsində etibarlı tərəfdaş kimi tanınmaqdadır.
Ermənistanın da üzv olduğu bu təşkilat çərçivəsində aparılan işi, həyata keçirilən əməkdaşlığı, irəli sürülən təşəbbüsləri Azərbaycanın QDİƏT yanında daimi nümayəndəsi olaraq bilavasitə nəzarətdə saxlayır, Azərbaycan Xarici İşlər Nazirliyi və respublikamızın digər dövlət qurumları ilə əlaqələndirmə yolu ilə ölkəmizin təşkilatdakı fəaliyyətinin koordinasiyasında iştirak edir, bununla bağlı təklif və təşəbbüslərlə çıxış edirəm.
Qeyd etmək istərdim ki, indiyədək respublikamız QDİƏT çərçivəsində onlarla təklif və təşəbbüs irəli sürüb, onların həyata keçirilməsi üzrə danışıqlar aparmış və uğurlu nəticələr əldə edib. Ən son təşəbbüslər bir ay öncə təşkilat çərçivəsində “Gömrük işi” və “Elm və texnologiya” sahələrində əməkdaşlıq üzrə iki işçi qrupunda əlaqələndiriciliyin respublikamıza keçməsi ilə nəticələnib. Əminəm ki, iki il davam edəcək bu fəaliyyət zamanı müvafiq nazirlik və dövlət qurumlarımızla sıx işbirliyində təşkilat çərçivəsində konkret sahələr üzrə əməkdaşlığı daha da inkişaf etdirəcək təkliflər irəli sürüləcək və həyata keçiriləcək.
- Türkiyədəki fəaliyyətiniz dövründə Qarsda ölkəmizin baş konsulluğu üçün ayrıca bina, daha sonra isə İstanbuldakı baş konsulluq üçün yeni inzibati bina inşa edilib. Bu işlər böyük zəhmət, enerji, vaxt və vəsait tələb edir. Bu işlərdə Sizə Türkiyədəki iş adamlarımızın, şirkət və qurumlarımızın dəstəyi nədən ibarət olub?
- Azərbaycan müstəqillik qazandıqdan sonra xarici ölkələrdə diplomatik missiyalarını açmağa başladı. Müstəqilliyimizin ilk illərində bu sahədə çoxlu çətinliklər - maliyyələşmə, uyğun bina tapılması kimi problemlər olduğunu hamımız bilirik. Amma şükürlər olsun ki, artıq müstəqilliyimizdən 23 ilə yaxın vaxt keçib və bu müddət ərzində ölkə rəhbərliyinin səyləri nəticəsində dövlətimiz inkişaf edib, qüdrətlənib və geniş maliyyə imkanlarına malikdir. Bu gün Azərbaycanın xarici dövlətlərdə 78 diplomatik nümayəndəliyi var. 23 il öncə rəhbərlik tərəfindən qarşımıza qoyulan məqsədlərlə indikilər fərqlənir. Dövlətimizin rifahı yaxşılaşdıqca imkanları genişlənir. Bu səbəbdən də xaricdəki təmsilçiliklərimizin istər öz işi ilə, istərsə də yerləşdiyi məkan və bina ilə Azərbaycanın real vəziyyətini və imkanlarını əks etdirməsi labüd və zəruri hal alıb.
Bildiyiniz kimi, Azərbaycandan başqa Qarsda heç bir dövlətin baş konsulluğu yoxdur. Biz orada fəaliyyətimizin ilkin mərhələsində nisbətən kiçik bir bina icarəyə götürmüşdük. Lakin işin həcminin və təbii olaraq əməkdaşların sayının artması ilə daha geniş, baş konsulluğun funksiyalarını tam mənada həyata keçirməyə imkan verəcək binaya ehtiyac duyulmağa başladı. Biz də dövlətimizin imkanlarından istifadə edərək orada tarixi bina aldıq, onu təmir edərək Azərbaycanı təmsil etməyə layiq bina şəklinə gətirdik.
İstanbulda fəaliyyətə başladığım ilk günlərdən hiss etdim ki, baş konsulluq üçün icarəyə götürülmüş bina müasir tələblərə cavab vermir. Bina xeyli vaxt əvvəl icarəyə götürülmüşdü və artıq baş konsulluğun tələblərinə cavab vermirdi. Türkiyənin döyünən ürəyi olan İstanbulda Azərbaycanın baş konsulluğunun ölkəmizə layiq məkana, binaya və təchizata malik olması zərurəti kəskin duyulurdu. Ölkə rəhbəri qarşısında təkliflə çıxış etdik və İstanbulda uyğun ərazi alaraq baş konsulluğun binasını inşa etdik. Bu gün Azərbaycanın mülkü olan baş konsulluğun yeni binasında çalışır, qonaqlarımızı qəbul edir, qəbullar, tədbirlər, konfranslar, dəyirmi masalar keçirə bilirik.
Minnətdarlıq hissi ilə bildirirəm ki, həm Qarsda, həm də İstanbulda baş konsulluqların yerləşdiyi ərazilərin və binaların alınması, inşası və təmir edilməsi, müasir texnika ilə təchiz edilməsi və s. işlər ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlətimiz tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilib. Bu işlərdə Türkiyədəki heç bir azərbaycanlı iş adamı, Azərbaycan şirkəti və ya dövlət qurumu iştirak etməyib.
- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətinizi necə qurmusunuz? Qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar bəzi narahatlıqlar var, bu barədə nə deyə bilərsiniz?
- Diplomatik fəaliyyətimizin önəmli bir hissəsi Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, reallıqları, nəticələri, münaqişənin həlli istiqamətində atılan addımlar və görülən işlər haqqında yerləşmə ölkəsinin rəsmi, işgüzar və ictimai dairələrinin doğru və dolğun məlumatlarla təmin edilməsindən ibarətdir. Bu səpkidə İstanbul və ətraf vilayətlərdəki dövlət qurumları, yerli özünüidarəetmə orqanları, dərnəklər və birliklərlə, təhsil ocaqlarında, KİV-lə baş konsulluq arasında səmimi işgüzar əməkdaşlıq əlaqələri mövcuddur. Düzdür, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin səciyyəsi baxımından münaqişə ilə bağlı təbliğat məsələləri üzrə bizim işimiz respublikamızın digər dövlətlərdəki diplomatik nümayəndəlikləri ilə müqayisədə bir qədər fərqli, bəlkə də asan görünsə də, əslində iki ölkə arasındakı əlaqələrin səviyyəsi işimizin məsuliyyətini daha da artırır. İl ərzində, xüsusən əlamətdar tarixlər yaxınlaşdıqca şəxsən mən və baş konsulluğun məsul əməkdaşları konsul dairəmizdə onlarla toplantılarda, konfranslarda, dəyirmi masalarda Ermənistanın işğalçı mahiyyətini, Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətini, torpaqlarımızın iyirmi faizinin işğal altında olmasını, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasını anladır, sərgilər, film və digər əyani və audio-vizual materiallardan istifadə edərək təbliğat işi aparırıq. Məsələn, bu il yaddaqalan ən əlamətdar hadisə Uşak vilayətində “Xocalı soyqırımı” abidəsinin açılışı olub. Uşak Bələdiyyəsi hesabına qoyulmuş abidənin açılışında Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi, Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbərliyi, digər rəsmi şəxslər və QHT, KİV nümayəndələri, yerli ictimaiyyətin görkəmli təmsilçiləri iştirak ediblər.
Qondarma “erməni soyqırımı” ilə bağlı isə hər zaman qardaş türk xalqının yanındayıq və tarixi faktların belə bir soyqırımın olmadığını, əksinə, ermənilərin türklərə qarşı vəhşiliklər törətdiklərini, soyqırımı həyata keçirdiklərini söyləyirik. Cəmi 22-23 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı və bir sıra digər şəhərlərində silahsız mülki əhalini, qoca, qadın və uşaqları amansızca, xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirən ermənilərin türklərə və Türkiyəyə qarşı soyqırımı iddiası ilə çıxış etməsi əsrimizin paradoksudur, məncə. Odur ki, Azərbaycan və Türkiyədə, habelə xaricdə yaşayan soydaşlarımız və diaspora nümayəndələrimiz Ermənistanla münasibətlər və “erməni məsələsi”ndə sıramızı düz və sıx tutmalı, mövqeyimizi qorxmadan və yüksək səslə açıqlamalı, ermənilərin yalançı və uydurma “faktlarına” qarşı Xocalı həqiqətlərini, Dağlıq Qarabağda yaşanan vəhşətləri dünya ictimaiyyətinə davamlı şəkildə çatdırmalı, bu istiqamətdə birgə təbliğat fəaliyyəti göstərməliyik. Bu yolda istər siyasi, istər ictimai, istərsə də bütün digər qanuni vasitələrdən istifadə edilməlidir.
- Türkiyədə uzun illərdən bəri yaşayan Azərbaycan əsilli ziyalılarımızın nəslinin davamçıları, nəvə-nəticələri ilə əlaqə saxladığınızı, şəxsən maraqlandığınızı bilirəm...
- Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq bağlarının möhkəmliyini isbat edən məqamlardan biri də bir çox azərbaycanlı mütəfəkkirin taleyinin bu və ya digər mərhələdə Türkiyə ilə sıx bağlı olmasıdır. Ötən əsrin əvvəllərində bir çox ziyalımız Türkiyədə təhsil almış, yaşayıb-yaratmış, özündən sonra yüz illərlə davam edəcək irs qoyub getmişlər. Bundan əlavə, keçən əsrin əvvəllərində xalqımızın ağrılı-acılı ilərində bolşevik təqibləri və repressiyaları ucbatından Vətənini tərk edərək Türkiyəyə pənah gətirmiş, buranı özünə ikinci vətən seçərək yeni həyat qurmuş soydaşlarımız da olub. Onların arasında xeyli sayda ziyalılarımız, qəhrəmanlarımız, vətən aşiqlərimiz vardır. Böyük ustadlar və mütəfəkkirlər Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Əlibəy Hüseynzadə, torpaqlarımızı erməni-bolşevik işğalından qəhrəmancasına qoruyan Kərbəlayi İsmayıl və başqaları bu qəbildən olan dəyərlərimizdəndir. Belə şəxslərin xatirəsinin daim yaşaması, onların irsinin qorunmasının və təbliğ edilməsinin məsuliyyəti sonrakı nəsil olan bizlərin üzərinə düşür. Hesab edirəm ki, bu cür şəxsiyyətlərin həyat yolu, fikirləri və əməlləri, ana torpaq Azərbaycana olan sevgiləri dünya durduqca yaşamalı, gələcək nəsillərə vətənpərvərlik örnəyi olaraq ötürülməlidir. Bu məqsədlə baş konsulluq öz fəaliyyəti çərçivəsində müxtəlif tədbirlər, toplantı və gecələr təşkil edir, sərgilər həyata keçirir, çap materialları və nəşrlər hazırlayır. Bu mənada bu il İstanbul Universiteti ilə birgə təmtəraqlı şəkildə Hüseyn Cavidə və Əlibəy Hüseynzadəyə həsr olunmuş iki elmi konfransın keçirilməsini xüsusi qeyd etmək istərdim.
Baş konsulluq tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə Şahtaxtılılar (Şahtaxtinski) nəslindən, Məlik-Aslanov, Əlibəy Hüseynzadə, Nuru və Ənvər Paşalar, Kazım Qarabəkir Paşa, digər ziyalı və zadəgan ailələrin nəslinin davamçılarının, övladlarının, nəvə-nəticələrinin bizimlə bərabər olduğunu görmək olar. Burada haşiyə çıxaraq vurğulamaq istəyirəm ki, ümumiyyətlə, biz İstanbul və ətraf vilayətlərdə yaşayan alim, sənətçi və ziyalı soydaşlarımızla baş konsulluq arasında səmimi münasibətlər mövcuddur. Vaxtaşırı onlarla görüşlər keçirir, onları narahat edən məsələlərlə maraqlanır və belə məsələlər olduqda onların həllinə çalışır, Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində onların fikir, təklif və mülahizələri ilə tanış oluruq. Biz bu əlaqələrə xüsusi diqqət göstərir, onları qoruyub daha da inkişaf etdirməyə çalışırıq.
Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyimizə, milli-mənəvi dəyərlərimizin tərənnüm etdirilməsi, mütəfəkkirlərimizin və ziyalılarımızın həyat və yaradıcılıqlarını, əsərlərini və türk xalqlarının xoşbəxt gələcəyi naminə fikirlərini təbliğ edəcəyimizə heç kimin şübhəsi olmasın.
- İki ölkə arasında əməkdaşlıq sahəsində önəmli yerlərdən biri də elm-təhsil sahəsidir. Bu sahədə işlər necə qurulub, hansı problemlər var?
- Elm-təhsil sahəsində iki ölkə arasında kifayət qədər geniş əməkdaşlıq mövcuddur, lakin hesab edirəm ki, hər iki ölkənin bu istiqamətdə potensialı hələ də tam şəkildə istifadə olunmamış qalır. Azərbaycandan Türkiyəyə təhsil almağa gələn gənclərimiz olduğu kimi, Türkiyədən də çoxlu sayda gənc Azərbaycanda təhsil alır. Bu gün Qərb ölkələri ilə tələbə mübadiləsi üzrə müxtəlif proqramlar mövcuddur. İstərdim ki, iki ölkə arasında da belə sanballı proqramlar olsun və tələbələrimiz qarşılıqlı olaraq mübadilə fürsətlərindən yararlana bilsinlər. Eyni zamanda çalışmalıyıq ki, tələbə mübadiləsi ilə yanaşı, elmi dairələrimizin nümayəndələri arasında da əlaqələr inkişaf etsin, birgə layihələr həyata keçirilsin, araşdırmalar aparılsın. Tarixi reallıqlar səbəbi ilə uzun illər Azərbaycan alimləri Türkiyə arxivlərindən, Türkiyə alimləri isə Azərbaycan arxivlərindən uzaq düşmüşdülər. İndi bu sahədə müəyyən əməkdaşlıq nəzərə çarpsa da, yaxşı olardı ki, tarixçilərimiz, humanitar sahə üzrə təhsil alan tələbələrimiz bu məqama diqqət yetirə, birgə tədqiqat-araşdırma layihələri işləyib hazırlaya, həyata keçirərdilər və əməkdaşlığı daha da inkişaf etdirərdilər.
Bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafına, savadlı və bacarıqlı mütəxəssislərin hazırlanmasına, gənclərimizin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına göstərdiyi qayğı və diqqət nəticəsində təhsil sahəsində qabaqcıl sayılan bir sıra ölkələrdə, o cümlədən Türkiyədə təhsil müşavirliyi təsis edilib. Lakin hesab edirəm ki, təhsil müşaviri 20 il bundan öncənin metodları ilə işləməməli, müşavirliyin işində köklü dəyişiklik edilməli, fəaliyyətin koordinasiyası həyata keçirilməlidir. Baş konsulluq bu istiqamətdə hər zaman lazımi dəstək göstərməyə hazırdır.
Bundan əlavə, ərazimizdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də toxunmaq istərdim. Müşahidələrimiz onu göstərir ki, bəzi dərnəklər və QHT-lər tələbələrlə ünsiyyətini müəyyən ideoloji xətt üzrə qurmağa, öz işini bu prinsipə uyğun olaraq təşkil etməyə çalışır. Hesab edirəm ki, bu yanlış mövqedir və doğru nəticələrə gətirib çıxarmayacaq. Dərnəklər tələbələrimiz arasında ayrı-seçkilik salmadan, hər kəslə eyni məsafədə durmaqla, tələbələrimizi öz ətrafına toplamaqla fəaliyyət göstərməli, tələbələrin bu və ya digər problemlərinin həllində iştirak etməli, zərurət olduğu təqdirdə isə baş konsulluqla sıx əlaqədə olmalıdır.
Bununla yanaşı, Türkiyədəki iş adamlarımızın da tələbələrlə maraqlanmasını, dərnəklərlə sıx təmasda olmasını, tələbə gənclərimizin tədrisi və məişəti ilə əlaqədar yaranan və yarana biləcək çətinliklərin aradan qaldırılmasında iştirak etmələrini istərdim, amma görünür, bu təfəkkürün formalaşması üçün yaxşı zamanları hələ gözləmək lazımdır.
Mənə yaratmış olduğunuz bu imkandan istifadə edərək İstanbul və ətraf vilayətlərdə yaşayan və təhsil alan soydaşlarımıza demək istərdim ki, Azərbaycanın daha da güclənməsi, daha da qüdrətlənməsi, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da möhkəmlənməsi naminə öz işlərində, təhsillərində, həyatlarında fəal olsunlar. Əmin olsunlar ki, qardaş Türkiyədə birgə amalımız, məqsədimiz naminə onların arxasında doğma Azərbaycanı ləyaqətlə təmsil edən baş konsulluq var.
Sözsüz ki, baş konsulluğumuzun geniş bir coğrafiyanı əhatə edən çoxistiqamətli fəaliyyəti barədə bir müsahibədə ətraflı təsəvvür yaratmaq mümkün deyil. Gələcəkdə baş konsulluğumuzun fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə çox hörmətli oxuculara daha geniş məlumat verməyə şərait yaratmağınızı diləyir və ona görə də əvvəlcədən səmimi təşəkkürümü ifadə edirəm.