Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçi qəbul edib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, B. Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət ediblər.
Sonra B. Qaşiçinin Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Görüşdə Z. Həsənov ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə danışıb, dövlətlərimizin separatçılıqla üz-üzə qaldığını xüsusi vurğulayıb.
B. Qaşiç öz növbəsində ölkələrimiz arasında mühüm strateji əməkdaşlığa, dost və mehriban münasibətlərin mövcudluğuna toxunaraq Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu bildirib.
Sonda Azərbaycanla Serbiya arasında hərbi təhsil, hərbi texniki sahələrdə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, serbiyalı nazirin Azərbaycana səfəri avqustun 13-dək davam edəcək.