İsveçrənin "Swisscom" şirkəti qondarma “Karabakh Telecom” ilə əməkdaşlığa xitam verib. Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir. Məlumatda bildiriliİsveçrənin aparıcı mobil operatoru “Swisscom”un Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycanın İsveçrədəki səfirliyi həm “Swisscom” şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş apararaq, “Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğunu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyini, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığını izah etmiş, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
“Qeyd edək ki, “Swisscom” şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə Federal Xarici İşlər Departamentindən “Swisscom”un qanunsuz “Karabakh Telecom” şirkəti ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız Səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər. “Swisscom”un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan Səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, “Swisscom”un “Karabakh Telecom”la əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib “, deyə məlumatda bildirilir.