“Mən bilmirəm bizim təşkilatın adını “siyasi məhbuslar” siyahısının müəllifləri sırasında kimlər və niyə hallandırır. Nə mən, nə də rəhbərlik etdiyim təşkilat belə siyahıların hazırlanmasında heç vaxt iştirak etməmişik”.
Bunu virtualaz.org saytına açıqlamasında Media Hüquqları İnstitutunun (MHİ-nin sədri Rəşid Hacılıdır-red.) əməkdaşı və hüquqi maarifçiliklə məşğul olan QHT-nin rəhbəri, tanınmış vəkil Elçin Sadıqov deyib.
E.Sadıqovun sözlərinə görə, o, bu və ya digər məhbusun hüquqlarını məhkəmədə və istintaq orqanlarında yalnız bir vəkil kimi müdafiə edib.
“Mən adı “siyasi məhbus” siyahısında olan şəxslərin iş materialları ilə ümumiyyətlə tanış deyiləm. Ona görə də bununla bağlı konkret nəsə deyə bilmərəm” - deyə vəkil E.Sadıqov hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun hazırladığı əvvəlki siyahı əsasında “siyasi məhbus”ların yeni siyahısını tərtib etməyə çağıran müxalifətçi jurnalist Xədicə İsmayılovanın və digər ictimai xadimlərin bu təşəbbüsünü şərh edərkən bildirib.
E.Sadıqov bəzi mətbu orqanlarda onun Rəsul Cəfərovla əməkdaşlığına dair yayılan şayiələrə də münasibət bildirdi: “Bəziləri məni Rəsul Cəfərovla bağlamağa çalışır. Rəsul Cəfərovun mənə nə aidiyyəti var? Tam məsuliyyətimlə bəyan edirəm ki, Rəsul Cəfərovun nə mənə, nə də bizim QHT-yə heç bir bağlılığı yoxdur. Rəsul Cəfərov Bakı Hüquq Müdafiə Klubuna rəhbərlik edirdi”.
E.Sadıqov onu da qeyd etdi ki, o, həmişə prezident İlham Əliyevin siyasətini dəstəkləyib: “Çünki İlham Əliyevin siyasətinə alternativ görmürəm”.
Qeyd edək ki, X.İsmayılova və digər müxalifətçilər son günlər sosial şəbəkələrdə kampaniya başlayıblar. Onlar vəkilləri və QHT rəhbərlərini L.Yunus və R.Cəfərovun hazırladığı “siyasi məhbus”ların yeni siyahısını imzalamağa çağırır və həmin siyahını beynəlxalq təşkilatlara göndərməyə çalışırlar.