Azərbaycanda orta aylıq pensiya 208 manatdan 594 manata çatdırılıb - Nazir Anar Əliyevlə MÜSAHİBƏ
21 aprel 2026 20:55 (UTC +04:00)

Azərbaycanda orta aylıq pensiya 208 manatdan 594 manata çatdırılıb - Nazir Anar Əliyevlə MÜSAHİBƏ

0

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibə verib. O, müsahibədə əmək və məşğulluq məsələləri ilə bağlı cari vəziyyət və hədəflər barədə məlumat verib, sosial ödənişlər istiqamətində atılacaq addımlardan bəhs edib, bir sıra məqamlara aydınlıq gətirib.

Prioritetlərimizdən biri də əhaliyə göstərilən xidmətlərin, sosial ödənişlərin adekvatlığı ilə bağlıdır

ARB24: Cənab nazir, bir ildən artıq müddətdir əmək və əhalinin sosial müdafiəsi nazirisiniz. Bundan daha əvvəl də sözügedən nazirlikdəki fəaliyyətinizi nəzərə alsaq, ötən illərdəki göstəricilər, cari vəziyyət və gələcək hədəflərlə bağlı qəti fikirlərinizin formalaşdığını deyə bilərik. Bundan başlayaq ki, son dövrdə sosial müdafiə sistemində hansı əsas prioritetləri müəyyən etmisiniz? Bu prioritetlərin arxasında hansı sosial amillər dayanır?

– İlk növbədə, sizi salamlayıram və müsahibənin təşkilinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Əlbəttə, prioritetlərdən danışanda, ümumilikdə, ölkədə həyata keçirilən sosial, iqtisadi proqramlara nəzər yetirməliyik. Məlumdur ki, hazırda Azərbaycanda çox geniş sosial proqramlar həyata keçirilir. Bu proqramların mahiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti dayanır. Bu siyasətin mahiyyəti vətəndaşın sosial rifahı və məşğulluq imkanlarının, gəlirlərinin artırılması, sosial cəhətdən həssas kateqoriyaya aid olan şəxslərin dəstəklənməsidir. Biz bu proqramlara baxdıqda çox böyük sığorta-pensiya sisteminin, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən aktiv məşğulluq proqramları, əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və inklüzivliyi məqsədilə həyata keçirilən layihələrin mövcud olduğunu görürük. Bir qayda olaraq, bu proqramlar arasında ciddi ayrı-seçkilik aparmırıq. Lakin yaranmış müəyyən vəziyyətdən asılı olaraq, dövlət müəyyən məsələlərə fokuslanır və bir sıra prioritetləri müəyyənləşdirir. Sosial sistemdə prioritetləri dövlət başçısı və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva müəyyən edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu prioritetlər icra olunur.

Həyata keçirdiyimiz tədbirlərin mərkəzində şəhid ailələri və müharibə əlilləri ilə əlaqədar atılan addımlar dayanır. Bu sahədə olduqca geniş layihələri reallaşdırırıq. Həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı istiqamətlər də bizim üçün prioritetlər sırasındadır. Hər iki istiqamət daim dövlət başçısının diqqət mərkəzindədir.

Hazırda Azərbaycanda sosial sahə ilə bağlı geniş islahatlar həyata keçirilir. 2018-ci ildən bu yana 5 böyük sosial islahat zərfini icra etmişik. Prioritetlərimizdən biri də əhaliyə göstərilən xidmətlərin, sosial ödənişlərin adekvatlığı ilə bağlıdır. Bildiyiniz kimi, son illərdə sistemin şəffaflaşdırılması və sosial ədalətin təmin edilməsi dövlət başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ümumilikdə, sosial sistem qarşısında qoyduğu vəzifədir. Bu istiqamətdə fəaliyyət göstəririk. Mən də nazir kimi Prezidentin müəyyənləşdirdiyi istiqamətdə səylərimi əsirgəmirəm.

APA: Priroritetlər barədə ümumi fikirlərinizi bölüşdünüz. Maraqlıdır, nazirlik hazırda öz fəaliyyətini daha çox sosial dəstək, yoxsa əmək bazarının inkişafı üzərində qurur? Təbii ki, qeyd etdiyim sahələr bir-biri ilə əlaqəlidir. Amma indiki vəziyyətdə daha çox hansı istiqamətə diqqət yönəlib?

– Nazirliyin fəaliyyətini və sosial dəstək proqramlarını təhlil etsək, iki istiqamət üzrə təsnifat aparmaq mümkündür. Onlardan birincisi əmək münasibətləri və məşğulluq istiqamətində göstərilən xidmətlərdir. İkinci istiqamət isə sosial cəhətdən həssas şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardır. Bir qayda olaraq, bunları qətiyyən bir-birindən ayırmırıq. Amma şəxsin məşğulluğundan güclü sosial müdafiə mexanizmi yoxdur. Təbiidir ki, müəyyən şəxslər, xüsusən təqaüd yaşına çatanlar artıq əmək bazarında əvvəlki kimi iştirak edə bilmirlər. Bu baxımdan dövlət tərəfindən yaradılan mexanizmlər, xüsusən pensiya sistemi, sosial müavinət mexanizmi, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü vasitəsilə bu şəxslərin sosial müdafiəsinin təminatına böyük dəstək veririk.

Eyni zamanda, məşğulluq sahəsində geniş tədbirlərimiz var. Bu tədbirlər bir qayda olaraq iqtisadi fəal şəxslərə ünvanlanır. Bunun mahiyyəti daha çox aktiv məşğulluq tədbirlərinin tətbiqindən və insanları bu tədbirlərə cəlb etməklə əmək bazarına inteqrasiyasından ibarətdir.

965 min şəxsə ödənilən təqaüd və müavinətlərinin artımını reallaşdırmışıq

ARB24: Sosial ödənişlərin məbləği ilə bağlı məsələlər daim cəmiyyətin diqqət mərkəzindədir. Son illər Azərbaycanda aparılan sosial islahatlar sosial ödənişlərdə hansı artımlara imkan verib?

– Qeyd etdiyim kimi, 2018-ci ildən başlayaraq dövlət başçısının sosial siyasət çərçivəsində ötən müddət ərzində olduqca böyük təbirlər və islahatlar tətbiq edilib. Son 7 il ərzində beş böyük sosial islahat zərfini icra edə bilmişik. Bu islahat zərfi çərçivəsində 4 milyon insana dəstək göstərmişik. Həm dövlət büdcəsindən, həm də icmal büdcədən əlavə 8 milyard manat vəsaitin islahatların icrasına cəlb edilməsinə nail ola bilmişik. Bu istiqamətdə görülən işlərə nəzər yetirmək istəyiriksə, birbaşa rəqəmlərə baxmalıyıq. Çünki bu rəqəmlər bizdə görülən işlərin həcmi barədə təəssürat yaradır.

Azərbaycanda ötən müddət ərzində sosialyönümlü xərclər 2,2 dəfə artaraq 7,8 milyard manatdan 17,1 milyard manat çatıb. Sosial müdafiə və sosial təminat xərcləri isə 2,2 dəfə artaraq 2,3 milyard manatdan 4,9 milyard manata çatıb.

2025-ci ildə beşinci sosial islahat zərfini tətbiq etdik. Təkcə sonuncu islahat zərfi çərçivəsində 3 milyon vətəndaşla bağlı dəstək tədbiri həyata keçirdik. Həmçinin 1,4 milyon manat vəsaiti əhalinin sosial müdafiəsinə, sosial ödənişlərin və əməkhaqqılarının artırılmasına yönləndirə bildik. Bu islahatlarımız davamlı xarakter daşıyır. Bu il əmək pensiyalarının indeksləşdirilməsini həyata keçirdik və beləliklə, bütün pensiyalar 9,3 faiz məbləğində indeksləşdirildi. Bu məqsədlə 640 milyon manat vəsaiti yönəldə bildik. Nəticədə, Azərbaycanda orta pensiyanın məbləğində 11 faiz artıma nail ola bilmişik. Hazırda orta pensiyanın məbləği 594 manatdır. Yaşa görə isə, orta pensiyanın məbləğində 10 faiz artım əldə etmişik. Yaşa görə orta pensiyanın məbləği 632 manat təşkil edir. Eyni zamanda, bu tədbirlər çərçivəsində işləyən əhalinin sığorta-pensiya sistemində toplanan pensiya kapitallarının indeksləşməsini təmin etdik. 2026-cı ilin yanvar ayından sistemdə olan şəxslər üzrə pensiya kapitalının 5,6 faiz artımına nail ola bilmişik. Həmçinin 965 min şəxsə ödənilən təqaüd və müavinətlərinin artımını reallaşdırmışıq. Həm təqaüd, həm də müavinət ödənişləri üzrə, haradasa, 16-17 faizə yaxın artım qeydə almışıq.

Bu islahatlar olduqca geniş xarakter daşıyır. Dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar həm işləyən əhalinin gəlirlərinin, həm də pensiyaçıların ödənişlərinin artımına yönəlir. 2018-2026-cı illər ərzində minimum pensiya məbləğinin 2,9 dəfə artırılmasına nail olmuşuq. Minimum pensiya 110 manatdan 320 manata qədər yüksəlib. Orta aylıq pensiyanın məbləğində də artım müşahidə edirik. Burada da 2,9 dəfə artım var. Orta aylıq pensiya 208 manatdan 594 manata çatdırılıb. Müavinət və təqaüdlərə ayrılan illik vəsaitin məbləği də 5 dəfədəyək artıb. Əvvəllər bu məqsədlər üçün 426 milyon manat ayrılırdısa, hazırda bu vəsaitin məbləği 2,1 milyard manat təşkil edir. Aztəminatlı ailələrə göstərilən dəstək mexanizmi də diqqətdən kənarda qalmayıb. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımının orta məbləğində 2,4 dəfə artım müşahidə edirik. Bu məbləğ 175 manatdan 428 manata artırılıb. Bu çərçivədə yaşayış minimumunun məbləğinin 73 faiz artımına nail ola bilmişik. Həmçinin ölkə üzrə ehtiyac meyarının məbləği 2,3 dəfə artıb.

Baxın, bu bizim gördüyümüz işlərin rəqəmlərlə ifadə olunan nəticəsidir. Düşünürəm, böyük işlər görülüb. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

APA: Rəsmi statistikaya nəzər yetirəndə məşğulluq problemlərinin azaldığını müşahidə etsək də, qeyri-rəsmi məşğulluq mövcuddur. Bu problemin əsas səbəbləri nədir və onun həlli üçün hansı işlər aparılır?

– Əslində, qeyri-formal məşğulluq həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr üçün böyük problemdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq qeyri-formal məşğulluqla bağlı münasibətlərin rəsmiləşdirilməsi, işçilərin hüquqlarının təmin olunması istiqamətində tədbir görülməsini dəstəkləyirik. Ötən müddət ərzində Azərbaycanda bu məsələyə böyük diqqət yetirilir. 2017-ci ildə dövlət başçısının müvafiq Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılmışdı. Bu komissiya Baş nazirin müavininin rəhbərliyi altında fəaliyyət göstərirdi. Komissiyanın fəaliyyəti çərçivəsində dövlət başçısı tərəfindən qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində dövlət proqramı təsdiqlənmişdi və icra edilmişdi. Burada bir neçə istiqaməti görürük. Ötən müddət ərzində Azərbaycanda əldə edilən təcrübə deməyə əsas verir ki, ölkəmizdə bu istiqamətdə mübarizə tədbirləri kompleks xarakter daşıyır. Yəni biz yalnız cəza tədbirləri ilə məhdudlaşmırıq, bu sahədə geniş maarifləndirmə, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bu, Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmişdi. Rəqəmlərə baxdıqda görürük ki, görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 44 faiz – 580 mindən çox artım müşahidə edirik. Bu artımın özəl sektora da təsiri böyük olub. Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə – 450 minə yaxın artmışdı. Eyni zamanda görülən tədbirlərin təsiri ölkədə formalaşmış əməkhaqqı fondunun artımlarında da özünü göstərib. Ölkə üzrə əməkhaqqı fondu, nazirliyin əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən, 3,3 dəfə artaraq aylıq əsasda 500 milyon manatdan 1,6 milyard manata yüksəlib. Bu da işlərin kifayət qədər effektiv həyata keçirildiyini göstərir. Lakin bu hələ bizim üçün son deyil. Bizim bu sahədə ölkə olaraq çağırışlarımız var və bu faktora qarşı mübarizə tədbirlərimizi davam etdirməliyik.

Sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərin məşğulluqla təmin olunması məqsədilə müvəqqəti xarakter daşıyan, haqqı ödənilən ictimai işlər təşkil edilir

ARB24: Nazirlik tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək istiqamətində hansı işlər aparılır?

– İşsizlik bütün dövlətlər üçün aktual, gündəlik nəzarətdə olan məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir. Həmin agentlik tərəfindən işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxslərə münasibətdə aktiv məşğulluq tədbirlərinin tətbiqi həyata keçirilir. İşsiz şəxslərin sosial müdafiəsinin təmin olunması, onların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə dövlət başçısı tərəfindən əməli tədbirlərin formalaşdırılması istiqamətində qərarlar qəbul olunur. Xüsusilə Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı vurğulamaq istərdim. Bu strategiyanın icrası çərçivəsində Azərbaycanda məşğulluq haqqında qanun yeniləndi, 2018-ci ildən işsizlərin sığorta sisteminin tətbiqinə başlanıldı və İşsizlikdən Sığorta Fondunun yaradılmasına nail olduq.

Bu tədbirlər çərçivəsində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin sosial müdafiəsinə dəstək tədbirlərini həyata keçirir və onların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsini təmin edir. 2018–2026-cı illərdə bu yaradılmış alətlər vasitəsilə 2,3 milyon vətəndaşın müxtəlif aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına nail olmuşuq. Onlardan 900 minə yaxın şəxsin işə düzəlməsinə köməklik göstərmişik, 60 minə yaxın şəxsin isə peşə hazırlığı kurslarına istiqamətləndirilməsini reallaşdırmışıq. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili proqramı da məşğulluq sahəsində həyata keçirdiyimiz ən prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə 112 min şəxsin kiçik ailə təsərrüfatının yaradılmasına, mikrobiznesinin təşkilinə dəstək olmuşuq.

Həmçinin dövlət başçısının tapşırığı əsasında sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərin məşğulluqla təmin olunması məqsədilə müvəqqəti xarakter daşıyan, haqqı ödənilən ictimai işlər təşkil edilir. “İşsizin dostu” konsepsiyası çərçivəsində bunu təmin edirik və ötən müddət ərzində 120 minə yaxın şəxsin bu proqram çərçivəsində müvəqqəti məşğulluğunun təmin olunması, bundan sonrakı dövrdə isə əmək bazarına inteqrasiyası məqsədilə tədbirlərimiz həyata keçirilib.

Digər bir istiqamət isə Dünya Bakı ilə birlikdə həyata keçirilən işsiz şəxslərin özünüməşğulluğunun dəstəklənməsi proqramıdır. Biz artıq bu proqramın birinci fazasını başa çatdırmışıq. Hardasa, 26-27 minə yaxın şəxsin istehsal xidməti istiqaməti üzrə özünüməşğulluğunu Dünya Bankının proqramı çərçivəsində həyata keçirmişik. Dövlət başçısının tapşırığı əsasında 2025–2030-cu illəri əhatə edən “Məşğulluğa dəstək layihəsi 2” proqramı da Dünya Bankı ilə birgə davam etdiriləcək. Bu çərçivədə daha 30 min işsiz şəxsin özünüməşğulluğunun təşklinə dəstək göstərəcəyik.

Eyni zamanda, işsizlərin sığrorta ödənişlərini İşsizlikdən Sığorta Fondu vasitəsilə təmin edirik. Bu da olduqca passiv alət olsa da, işsizlik riski ilə üzləşmiş şəxslərə sığorta ödənişi etməklə onların sosial müdafiəsini dəstəkləyirik və əmək bazarına qayıtmaları üçün dəstək göstəririk.

Qarabağa qayıdan şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi başlıca elementlərdən biridir

APA: Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin və Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının şahidi oluruq. Lakin əhalinin orada sosial rifah içində yaşaması üçün işlə təmin olunması vacibdir. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində hansı addımlar atılır?

– İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış hər birimizin mənəvi borcudur. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq, həm də vəzifə borcumuzdur. Biz dayanıqlı qayıdışdan danışırıqsa, Qarabağa qayıdan şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi başlıca elementlərdən biridir. Böyük Qayıdışla bağlı həyata keçirilən proqramın məşğulluq istiqamətinə dəstək veririk. Bu dəstəyin mahiyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin həm qayıdışdan əvvəl, həm də sonrakı dövrdə onların məşğulluq imkanlarının qiymətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdəki iş yerlərində onlara üstünlük verilməsi, peşə hazırlığı kimi tədbirləri tətbiq etməklə onların bilik və bacarıqlarının artırılmasını təmin edirik. Həmçinin həmin ərazilərdə özünüməşğulluq proqramlarını həyata keçiririk. Qeyd etdiyim kimi, həm köçdən əvvəl, həm də köçdən sonra keçmiş məcburi köçkünlərimizi aktiv məşğulluq tədbirləri ilə əhatə etmişik və edəcəyik. Köçdən əvvəl müəyyən edilmiş siyahılar üzrə iş aparırıq, şəxslərin hər biri ilə fərdi qaydada görüşürük, onların iş imkanlarını qiymətləndiririk və bunun nəticəsində onlar üçün uyğun aktiv məşğulluq tədbirlərinin tətbiqi istiqamətində iş aparırıq. Köçdən sonrakı prosesdə də eyni qaydada həmin şəxslərlə işi davam etdiririk, müəyyən edilmiş məşğulluq tədbirlərinə onların cəlb edilməsi üçün addımlar atırıq. Bu prosesdə işəgötürənlər bizim sosial tərəfdaşımızdır, orada bizə geniş dəstək verirlər. Əsas hədəfimiz işəgötürənlərlə birlikdə həmin ərazilərdə yaradılan iş yerlərində, ilk növbədə, qayıtmış şəxslərin işlə təmin olunmasıdır. Keçmiş məcburi köçkünlərin bilik və bacarıqları həmin aktiv vakansiyaya uyğun odluqda, həmçinin iş yeri məcburi köçkünü qane etdikdə biz həmin şəxsin işlə təmin olunması istiqamətində addım ata bilirik. Eyni zamanda, peşə hazırlığı məsələlərinə çox diqqət göstəririk. Son 3 ildə 6 min keçmiş məcburi köçkünün peşə hazırlığına cəlb edilməsinə nail ola bilmişik.

Bundan başqa, bilirsiniz ki, hazırda işğaldan azad olunmuş ərazilərdə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Qarabağa köç edən mütəxəssisləri birdəfəlik müavinətlərlə təmin edirik. Həmin ərazilərdə işləyən əməkdaşların əməkhaqqılarına 20 faizə qədər artım tətbiq edilir. Həmçinin, işəgötürənlərə münasibətdə sosial sığorta haqlarının subsidiyalaşdırılması kimi proqramlarımız mövcuddur.

İşəgötürənlərdən böyük dəstək görürük. Məşğulluğun əsas lokomotivi işəgötürənlərdir. Hesab edirik ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi və məşğulluq potensialı var. Bu potensial reallaşdıqca həmin ərazilərə köçmüş keçmiş məcburi köçkünlərin məşğulluq problemlərinin həllinə nail ola biləcəyik.

 

2030-cu ilə qədər bütün ölkəni DOST şəbəkəsi ilə əhatə etməyi planlaşdırmışıq

ARB24: Hazırda daha hansı bölgələrdə DOST infrastrukturunun qurulması işləri aparılır?

– Bildiyiniz kimi, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasən, DOST Agentliyi və DOST mərkəzləri yaradıldı. Bu təşəbbüs Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məxsusdur. Olduqca qısa müddət ərzində bu konsepsiyanın reallaşmasını təmin edə bildik. DOST konsepsiyası həm ölkə daxilində, həm də beynəlxalq arenada kifayət qədər tanındı. Ötən dövr ərzində Azərbaycanın DOST konsepsiyası Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlar kimi yüksək qiymətləndirilib və 40-dək xüsusi mükafat, sertifikat qazanıb. Hazırda Bakıda və bölgələrdə 7 DOST mərkəzi fəaliyyət göstərir, 2 DOST filialı, 3 DOST məntəqəsini istifadəyə vermişik. 2030-cu ilə qədər bütün ölkəni DOST şəbəkəsi ilə əhatə etməyi planlaşdırmışıq. Hazırda DOST konsepsiyası çərçivəsində 4,3 milyon vətəndaşa xidmət göstərmişik və bu xidmətdən əhalinin məmnunluq səviyyəsi 98 faizin üzərindədir.

DOST konsepsiyasını işğaldan azad edilən ərazilərdə də tətbiq edə bildik. İlk dəfə Zəngilan rayonunun Ağalı kəndində ilk smart DOST məntəqəsini istifadəyə verə bildik. Şuşada Dövlət Xidmətləri Mərkəzində DOST konsepsiyasını reallaşdırdıq. Həmçinin bu xidmətin təşkilini Füzulidə, Kəlbəcərdə təmin etmişik.

Hazırda Naxçıvan Muxtar Respublikasında, Quba, Sabirabad, Gəncə, Masallı, Sumqayıt və bir sıra ərazilərdə DOST mərkəzlərinin və filiallarının layihələndirilməsi və tikilməsi istiqamətində işlər davam edir.

Əsas fəaliyyət istiqamətlərimizdən biri peşə və kvalifikasiya standartlarının hazırlanmasıdır

APA: Məşğulluq problemi, əslində, bir neçə qurumun müştərək kurasiyasında olan məsələdir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ixtisas sayının müəyyən olunması istiqamətində Elm və Təhsil Nazirliyi ilə, yaxud regionlarda işsizlik məsələsinin həllində digər müvafiq qurumlarla əməkdaşlıq edirmi? Ümumiyyətlə, bu sahədə hansı qurumlarla tərəfdaşlıq edirsiniz?

– Məşğulluq yalnız sosial məsələ deyil, həm də iqtisadi məsələdir, iqtisadiyyatın sektorları ilə birbaşa bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq həm işəgötürənlərlə, həm də işsiz və işaxtaran şəxslərlə iş aparırıq. Dövlət Məşğulluq Agentliyi 2018-ci ildən böyük transformasiya yolu keçib. Yəni biz inzibati modeldən xidmət modelinə keçid edə bilmişik. Dövlət Məşğulluq Agentliyi işəgötürənlərə daha çox bilikli, bacarıqlı işçi qüvvəsinin tapılması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, işçi qüvvəsinə münasibətdə isə onların potensialının reallaşması, onların peşə hazırlığı tədbirləri vasitəsilə beynəlxalq əmək bazarının tələb və standartlarına cavab verərək formalaşması istiqamətində iş aparırıq. Əsas fəaliyyət istiqamətlərimizdən biri peşə və kvalifikasiya standartlarının hazırlanmasıdır. İndiyə qədər 1600-ə yaxın peşə və kvalifikasiya standartlarının hazırlanmasına nail olmuşuq.

Əsas tərəfdaşlarımızdan biri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. Burada, bir növ, üçtərəfli tərəfdaşlıq formalaşıb. Bir tərəfdə hökumət, bir tərəfdə işçilərin hüquqlarını təmsil edən bir qurum, bir tərəfdə isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası var. Belə bir üçtərəfli komissiyamız var. Bu, Beynəlxalq Əmək Təşkilatının tələb və standartlarına uyğun formalaşmış komissiyadır. Ölkədə məşğulluq, əməkhaqqı, əmək münasibətləri məsələləri sahəsində verilən bütün qərarlar həmin üçtərəfli komissiyada müzakirə edilir və qəbul olunması üçün hökumətə təqdim olunur.

Həm Elm və Təhsil Nazirliyi, həm İqtisadiyyat Nazirliyi bizim bu sahədə əsas əməkdaşlıq etdiyimiz qurumlardandır. Hazırda ölkədə sosial dəstək proqramları ilə yanaşı, biznesə dəstək proqramları da həyata keçirilir. Bu çərçivədə sənaye parklarının, məhəllələrinin yaradılması kimi proqramlar həyata keçirilir və bu proqramlar çərçivəsində bizim əməkdaşlığımızın mahiyyəti bizim işəgötürənlər üçün lazım olan işçi qüvvəsinin formalaşdırılması və təqdim olunmasından ibarətdir.

Bütün narazılıq halları, şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları tərəfindən yerində araşdırılır

APA: Ünvanlı sosial yardım mexanizmi ilə bağlı danışaq: bəzən aztəminatlı ailələr olur ki, bu proqramdan yararlana bilmədiklərini söyləyirlər. Sizcə bunun əsas səbəbləri nədir və bu sosial yardım mexanizmə əlçatanlığının artırılması üçün hansı addımlar atılır?

– Ünvanlı dövlət sosial yardım proqramı Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinə yönəlib. Bu çərçivədə hazırda 80 min ailəyə – 350 minə yaxın şəxsə dəstək veririk. Ünvanlı dövlət sosial yardımın hər ailəyə düşən orta məbləği 428 manat təşkil edir. Ötən müddət ərzində bu məbləğ 2,4 dəfə artaraq 175 manatdan 428 manata çatıb. Həmçinin, ötən müddət ərzində ehtiyac meyarının məbləği 130 manatdan 300 manata qədər yüksəlib. Yaşayış minimumunda da ciddi artımlar tətbiq etmişik.

Hazırda ünvanlı dövlət sosial yardımın təyin olunması elektron şəkildə həyata keçirilir. Hər bir ailənin bu yardıma uyğunluğu nazirlik tərəfindən qiymətləndirilir. Elektron qiymətləndirmədən sonra hər bir ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçiririk. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın əlçatanlılığı istiqamətində xeyli addım atmışıq. Ünvanlı dövlət sosial yardımın alt sistemi, hardasa, iki il bundan əvvəl istifadəyə verilib. Həmin proqramın böyük həcmdə elektronlaşdırılmasına nail olmuşuq. Bu gün şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanlarının elektron informasiya bazalarında varsa, biz həmin məlumatları şəxsdən tələb etmirik, elektron qaydada əldə edirik. Eyni zamanda, bir sıra hallarda ünvanlı sosial yardımın müddəti bitdiyi halda elektron sistemlər üzərindən müşahidə etdikdə şəxsin gəlirində və ailə vəziyyətində dəyişiklik görülmürsə, sosial yardımın müddətini proaktiv qaydada uzadırıq. Hər bir proqramın öz şərtləri var. Bu şərtlərə cavab verməyən şəxslərə, ailələrə sistem üzərindən imtinalar verilir. Sizi birmənalı şəkildə əmin edə bilərəm ki, bütün narazılıq halları, şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları tərəfindən yerində araşdırılır. Hər bir şikayətə diqqətlə baxırıq. Şəxsin hüququ yarandığı təqdirdə, şikayəti təmin edirik. Hər il bu proqramın icrasına dövlət büdcəsindən 450 milyon manatdan çox vəsait ayrılır.

Tam iş saatı ilə çalışan şəxslərə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsinə qanun icazə vermir

ARB24: Minimum əməkhaqqının artırılması üçün hansı işlər aparılır. Bu artımlar özəl sektora da təsir edirmi və bu sahədə nəzarət tətbiq olunurmu?

– İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3,1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib. Minimum əməkhaqqı öz mahiyyətinə görə universal sosial standartdır. Tam iş saatı ilə çalışan şəxslərə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsinə qanun icazə vermir. Biz bu standartın tətbiqinə, demək olar ki, həftəlik əsasda nəzarət edirik. Əmək və məşğulluq alt sistemi buna imkan yaradır. Bu proses tam elektron şəkildə həyata keçirilir. Monitorinq tədbirlərimiz çərçivəsində minimum əməkhaqqıdan aşağı əməkhaqqı alan şəxsləri müəyyən etdikdə onların işəgötürənlərinə müvafiq maarifləndirici bildirişlər göndəririk, nəzarət tədbirləri tətbiq edirik. Minimum əməkhaqqı standartı həm dövlət, həm də özəl sektor üçün aktualdır. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub. Dövlət sektorunda vahid tarif cədvəli üzrə pillələr var. Ən aşağı pillədə məbləğ artdıqca bütün pillələrə təsir edir. Özəl sektorda da mexanizm, hardasa, eyni qaydadadır. Ümumiyyətlə, minimum əməkhaqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir.

Rəqəmsallaşma həm də bizə şəffaflığı təmin etməyə, müxtəlif sui-istifadə hallarının qarşısını almağa imkan verir

ARB24: İstərdik, söhbətimizi nazirliyin son illər əldə etdiyi rəqəmsal xidmət təcrübəsinə dair mövzu ilə davam etdirək...

– Sosial sahədə rəqəmsallaşma da prioritet məsələlərdən biridir. Bu istiqamətdə ötən müddət ərzində çox ciddi nailiyyətlərimiz var. Nazirliyin 150-dən çox xidmətinin 90 faizinin elektronlaşdırılmasına nail olmuşuq. Bu xidmətlərin 52-ni tam proaktiv şəkildə həyata keçiririk. Nazirliyin qurumları vətəndaş özü müraciət etmədən, əgər hansısa sosial hüququ yaranırsa, bunu müəyyən edir və bilavasitə sosial ödənişlərin təyinatını elektron həyata keçirir. Bundan sonra həmin şəxsin telefonuna bununla bağlı bildiriş gedir. Ümumilikdə, nazirliyin 18 alt sistemdən ibarət mərkəzləşdirilmiş elektron informasiya sistemi var. 80-ə yaxın qurum bu sistemə inteqrasiya olunub. Rəqəmsallaşma həm də bizə şəffaflığı təmin etməyə, müxtəlif sui-istifadə hallarının qarşısını almağa imkan verir. Bu çərçivədə ötən müddət ərzində ölkəmizin sosial reyestri olan “e-sosial” platformasının hazırlanmasına və tətbiqinə nail olmuşuq. Bu portal vasitəsilə bu gün vətəndaşlar öz sosial hüquqlarının necə reallaşmasını aydın görə bilirlər. Nazirliyin informasiya sistemləri dövlət başçısının tapşırığına uyğun olaraq “Mygov” platformasına inteqrasiya olunan ilk dövlət qurumlarından biriyik. Mayın 1-dən “e- sosial” mobil tətbiqi “Mygov”a keçid edəcək. Növbəti dövrdə də bu istiqamətdə addımlar atılacaq.

 

APA: Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı proqramlar barədə nə deyərdiniz? Onların əmək bazarına inteqrasiyası üçün hansı addımlar atılır. Real nəticələr sizi qane edirmi?

– Əlilliyi olan şəxslərin hüquqlarının təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas vəzifələrindən biridir. Ötən müddət ərzində bu kateqoriyadan olan şəxslərin sosial ödənişlərinin artırılması istiqamətində ciddi addımlar atılır. Hər bir sosial paketin icrasında bu kateqoriyaya xüsusi dəstək verilib. Əlilliyi olan şəxslərin əmək bazarına qaytarılması bizim üçün prioritet məsələlərdən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin işlə təmin olunması istiqamətində aktiv məşğulluq tədbirləri həyata keçirilir. 2025-ci ildə 6 minə yaxın əlilliyi olan şəxsin işə düzəlməsinə dəstək ola bilmişik. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili proqramında da əlilliyi olan şəxslər bizim üçün prioritet kateqoriya təşkil edir. Ötən il 1300 əlilliyi olan şəxs bu proqrama cəlb edilib. Bu istiqamətdə peşə hazırlığı çərçivəsində də işlərimizi davam etdiririk. Ötən il 500 şəxsə bu sahədə dəstək göstərmişik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Həmin mərkəzdə müxtəlif istiqamətlərdə emalatxanalar təşkil edilib. O emalatxanalarda əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi kurslar təşkil etmişik. Bu kurslar vasitəsilə onların bilik və bacarıqlarının artırılmasını təmin edirik.

16 min müharibə əlilinə və şəhid ailə üzvünə mənzil təminatını həyata keçirmişik

ARB24: Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunması işləri nə yerdədir?

– Nazirliyimiz üçün şəhid ailələri, müharibə səbəbindən əlilliyi müəyyən olunmuş şəxslər, müharibə veteranları ilə iş ən prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə dövlət başçımızın tapşırığı əsasında geniş sosial dəstək proqramları nazirlik tərəfindən həyata keçirilir. Onu da qeyd edim ki, Vətən müharibəsindən sonrakı dövrdə nazirliyimiz tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin dəstəklənməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Rəqəmlərlə biz buna baxsaq, 132 min unikal şəxsi 424 min müxtəlif xidmətlərlə təmin etmişik. O cümlədən 106 min şəxsə müxtəlif sosial ödəniş təyinatları ilə bağlı 120 min xidmət göstərmişik. Vətən müharibəsindən sonrakı dövrlərdə şəhid ailələri və müharibə əlillərinə edilən sosial ödənişlərin məbləği 2 dəfə artırılıb. 25,6 min şəxsə müxtəlif birdəfəlik ödənişlər – sığorta ödənişləri həyata keçirilib. Bu proqramlar çərçivəsində prioritet istiqamətlərdən biri də müharibə əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu proqramın da icrası və əhatə dairəsi Vətən müharibəsindən sonrakı dövrdə artırılıb. Hazırda dövlət başçısının iki sərəncamı əsasında bu istiqamətdə iki müxtəlif proqram icra olunur. Vətən müharibəsindən sonrakı dövrdə biz bu kateqoriyada olan 7200 şəxsin mənzillə təminatını həyata keçirə bilmişik. Ümumilikdə isə 16 min müharibə əlilinə və şəhid ailə üzvünə mənzil təminatını həyata keçirmişik. Bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı istiqamətində də iş aparmışıq. Ötən müddət ərzində 7,7 min şəxsin avtomobillə təminatını həyata keçirmişik. Müharibədən sonrakı dövrdə isə 570-ə yaxın şəxsi avtomobillə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslər üçün sosial psixoloji dəstək, reabilitasiya tədbirləri də bizim üçün prioritet istiqamətlərdəndir. 11 min nəfərə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətini təmin edə bilmişik. Əzalarını itirmiş hərbi qulluqçularımıza da dəstək veririk. Dövlət başçısının tapşırığı əsasında müharibə əlillərimizi ən yüksək texnoloji protez ortopetik vasitələrlə təmin edirik. Ötən müddət ərzində 500-dən çox hərbçini 622 yüksək texnoloji protezlə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslərin məşğulluğu istiqamətində də tədbirlər həyata keçirilir. Bilirsiniz ki, bu istiqamətdə məşğulluq marafonu ölkədə geniş vüsət alıb. Ümumilikdə, ötən müddət ərzində 30 minə yaxın şəhid ailə üzvünün və müharibə əlilinin aktiv məşğulluq proqramlarına cəlb olunmasına nail olmuşuq. Bu çərçivədə işsiz şəxslərin özünüməşğulluq proqramı da bizə böyük imkanlar yaradıb. 13,5 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminatı bizim üçün ən prioritet məsələlərdən biridir. Biz bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik.

İcbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılmasını hədəfləmişik

APA: Prezident İlham Əliyevin 2026-cı il 19 mart tarixli Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Hazırda Fərmanın icrası ilə bağlı hansı işlər aparılır? İcbari tibbi sığorta sahəsində xidmətlərin təkmilləşdirilməsi istiqamətində hansı hədəflər var?

– Bu, çox aktual məsələdir. Bunu nazirliyimiz üçün yeni çağırış kimi qiymətləndirmək istəyirəm. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Nazirliyinə dövlət başçısı tərəfindən çox böyük etimad göstərilib. Bilirsiniz ki, son illər əhaliyə göstərilən tibbi xidmətlər sahəsində həyata keçirilmiş ən böyük islahatlardan biri də ölkəmizdə icbari tibbi sığorta sisteminin olmasıdır. Bəli, dövlət başçımızın qərarı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birləşdirildi. Bu fərmanın məqsədi məhz icbari tibbi sığorta sahəsində başlanmış islahatların davam etdirilməsi, islahatların daha da dərinləşdirilməsi və gücləndirilməsindən ibarətdir. Hazırda dövlət başçısının fərmanının icrası çərçivəsində nazirlikdə iki istiqamət üzrə xüsusi təhvil-təslim komissiyaları yaradılıb. Birinci komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşməsi prosesini təmin edir. İkinci komissiya isə Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinə ötürülməsini təmin edir. Ümumilikdə, ölkəmizdə çox geniş səhiyyə sistemi fəaliyyət göstərir. Bu həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz də bu prosesə öz dəstəyimizi verəcəyik. Əlbəttə, qarşımızda duran bir sıra vəzifələr var. Həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı, keyfiyyətli ödənilməsi, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq. Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsi bu prosesin daha da genişlənməsidir. Hökumətin birgə fəaliyyəti ilə həyata keçirilən tədbirlər nəticəsində əlçatanlığın, keyfiyyətin, göstərilən xidmət sayının artırılması əsas hədəflərimizdəndir.

Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var

ARB24: Əlillik dərəcələrinin müəyyən olunması ilə bağlı vəziyyət nə yerdədir? Bu proses necə aparılır? Əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv olması necə təmin edilir?

– Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ən böyük ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri də əlilliyin müəyyən olunması mexanizmi olub. Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, sui-istifadə olmadan prosesin həyata keçməsinə nail ola bilmişik. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onları əyani müayinəyə dəvət edirik və bu çərçivədə qəbul edilmiş qərarları bir daha yoxlayırıq. Ötən il ərzində 55 min əlillik təyinatı həyata keçirmişik. Əlilliyi olan 140 min şəxsin reabilitasiyası üçün addımlar atmışıq. Əlilliyin müəyyən edilməsinin elektronlaşdırılması bizim əsas hədəflərimizdəndir. Bu istiqamətdə əlillik alt sisteminin təkmilləşdirilməsini, dövlət qurumlarının məlumat bazalarının interqasiyasını təmin etmişik. İslahatların ikinci mərhələsi əlillik meyarları ilə bağlı oldu. Bu meyarların tam şəkildə yenidən işlənməsini təmin etdik. Bu çərçivədə əlillik təyinatını yaradan xəstəliklərin sayını 5 dəfəyədək artıraraq 128 köhnə meyardan 617 meyara çatdırdıq. Eyni zamanda, müddətsiz əlilliyə əsas verən meyarlar sayını 51-dən 286-ya çatdırdıq. Bu islahatlar çərçivəsində əlilliyin müəyyən olunması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail olduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyini ilə bağlı imtina alan şəxslərin hər biri ilə fərdi iş aparmağa, şikayətlərini araşdırmağa hazırdır.

 

APA: Söhbət əsnasında 5 sosial islahat zərfi barədə danışdınız. Bizi növbəti sosial islahat zərfi gözləyirmi? Ümumiyyətlə, bu gün əmək və məşğulluq, sosial müdafiə sahələri ilə bağlı əsas hədəflər nələrdir?

– Sosial islahatlar mütəmadi xarakter alıb. Dövlət başçısının və Birinci vitse-prezidentin sosial məsələlərin həllinə böyük dəstəyi var. Dövlət başçısı hər zaman çıxışlarında bildirir ki, dövlətimizin gəlirləri artdıqca bu gəlirlərin müəyyən hissəsi əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlir. Bu məsələlərdən danışarkən ümumi mühiti qiymətləndirməliyik. Dövlət qarşısında həm təhlükəsizllik, həm işğaldan azad edilmiş ərazilər, həm də iqtisadi sektorun inkişaf etdirilməsi ilə bağlı böyük hədəflər var. Bu hədəflərin icrası olduqca böyük həcmdə vəsait tələb edir. Bu çağırışlar çərçivəsində əhalinin sosial ödənişlərinin təminatı məsələləri kənarda qalmır və dövlət məsələlərə ciddi dəstək göstərir. İnanıram ki, növbəti mərhələlərdə də sosial islahat zərflərinin şahidi olacağıq.

Şəffaflığın, xidmətlərin əlçatanlılığının təmin olunması, DOST konsepsiyasının bütün ölkəni əhatə etməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası nazirliyimiz üçün əsas prioritetlərdəndir. Rəqəmsallaşma da əsas istiqamətlərdən biri olacaq. İşsizlikdən sığorta sisteminin inkişaf etdirilməsi əsas hədəflərimizdən biridən.

Nadir Yalçın – APA İnformasiya Agentliyi

Rəhman Rəsul – ARB24 televiziya kanalı

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar