Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribat
18 avqust 2026 13:07 (UTC +04:00)

Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribat

0

Rusiyanın media resurslarında və sosial platformalarda Azərbaycana qarşı açıq nifrət nitqinin, suverenliyə qəsd çağırışlarının və hibrid təhdidlər yenidən intensivləşib. Onsuz da bu prosesin tamamilə dayandığı vaxt olmayıb. Növbəti belə təxribat “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, siyasi şərhçi Semyon Uralov və Rusiya Federasiyası Nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin iştirakı ilə “YouTube” platformasında yayımlanan “Чистота понимания” verilişində olub.

Bu şəxslərin çıxışları sadəcə söz azadlığı və ya fərdi ekspert rəyi çərçivəsindən çıxaraq, beynəlxalq hüquq normalarını, dövlətlərarası münasibətlərin prinsiplərini kobud pozan cinayət tərkibli əməllərə çevrilib.

Terrorçuluq və fiziki məhvetmə çağırışları

Verilişdə Azərbaycan Respublikasının suverenliyinə, Konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı zorakı metodların tətbiqi, ayrı-ayrı şəxslərin ünvanlı şəkildə fiziki məhvi və terror xarakterli hərəkətlərin həyata keçirilməsi açıq təbliğ olunub.

14 iyul 2026-cı il tarixində yayımlanan verilişdə Şuşa Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək və müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı açıqlamaları müzakirə olunub. Rusiyalı ekspertlər hədlərini aşaraq, “Azərbaycan dövlətçiliyinin məhv edilməsi ssenarilərini”müzakirə ediblər. Bəli, səhv oxumadınız, bu “rus ekspertlər” qudurğanlığın son həddini nümayiş etdirərək, Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırıblar. Aleksey Çadayev Azərbaycanı parçalamağı, Rusiyanın Azərbaycanı ilhaq etməsini, Azərbaycan ərazisinin İrana verilməsi və "talış" və "ləzgi" amilləri vasitəsilə separatizmin qızışdırılması variantlarını yenidən gündəmə gətirib. Rəsmi Moskvanı Xəzər donanmasını və Dağıstanın cənubunda ordusunu gücləndirməyə, Bakıda desant əməliyyatı keçirməyi planlaşdırmağa, Azərbaycana birbaşa hərbi müdaxiləyə çağırıb. Bu qədər həddini aşan hürüşməyə isə Rusiyanın rəsmi orqanlarının heç bir müdaxiləsi və münasibəti olmayıb.

Knyazev isə daha da irəli gedərək, rəsmi Moskvanın Azərbaycanla bağlı konkret məqsədinin olmalı olduğunu söyləyib. Rusiyanın dövlət kanalı olan VQTRK-nın tərkibinə daxil olan "Moskva24"-ün jurnalisti Azərbaycanı Ukrayna ssenarisi ilə hədələyib.

Həmin verilişdə Uralov daha böyük tərbiyəsizlik edib. O, Rusiya xüsusi xidmət orqanlarını hüquqlarını itirmək təhlükəsi altında olan Azərbaycan diasporunu sinxron şəkildə Bakı əleyhinə demarşa qoşulmağa məcbur etməyə çağırıb. Rusiya regionlarındakı Azərbaycan təşkilatlarını rəsmi Bakının siyasətini pisləyən açıq, radikal bəyanatlar verməyə çağırmağı təklif edib.

13 avqust 2026-cı il tarixində yayımlanan verilişdə isə adıçəkilən şəxslərin Azərbaycan əleyhinə ritorikaları daha da aqressivləşib və quduzlaşıb. Bu çərçənçi dəstəsi üçün hələ də SSRİ və onun qaydaları qüvvədədir. Ac toyuq yuxusunda darı görən kimi, rusiyalı ekspertlər də hələ də SSRİ iddiaları ilə yatıb qalxırlar. Bu tör-töküntülərə elə gəlir ki, 1991-ci ildən əvvəl doğulan hamı Sovet İttifaqı vətəndaşlarıdır. Uşaqlar, Rusiyada səhiyyə sahəsindəki azsaylı uğurlardan biri psixiatrik xəstəxanların çoxluğu idi, çünki sovet dövründə bu xəstəxanalara çox ehtiyac var idi. Əgər hələ də o xəstəxanalarda Ukrayna ilə müharibəyə cəlb edilməmiş həkimlər qalıbsa, özünüzü onlara göstərin.

Knyazev, Uralov və Çadayev "üçlüyünün" Azərbaycan əleyhinə fikirlərinə təkcə yuxarıda qeyd olunan verilişlərdə deyil, eyni zamanda 16 oktyabr 2025-ci il tarixində yayımlanan buraxılışda da rast gəlmək olar. Belə ki, həmin verilişdə qonaq qismində çıxış edən rəsmi Moskvanın Ermənistan cəmiyyəti ilə "işləmək" üçün hazırladığı "Buldoq" ləqəbi ilə tanınan "propaqandaçı" Mika Badalyan və Knyazev-Uralov-Çadayev "trio"su Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı çoxlu bəyanatlar səsləndiriblər.

Jurnalist-ekspert təxribatlarına məmurlar da qoşulub

Azərbaycan əleyhinə təxribatda təkcə media mənsubları (Knyazev, Uralov) deyil, eyni zamanda Rusiya dövlət strukturunda — Nəqliyyat Nazirliyində rəsmi vəzifə tutan Aleksey Çadayevin yer alması məsələnin ciddiliyini artırır. O, sadəcə jurnalist və ya siyasi şərhçi deyil, 2026-cı ilin yanvar ayından bəri Rusiyanın Nəqliyyat Naziri Andrey Nikitinin müşaviri vəzifəsində çalışır. Buna qədər isə o, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin müşaviri vəzifəsində çalışıb. Məmur vəzifəsi tutması Çadayevin siyasi elitaların fiziki məhv edilməsi və qonşu müstəqil dövlətə qarşı digər təhdidlər barədə verilişdə çıxışı vəziyyətə əlavə siyasi həssaslıq qatır. Bu, fərdi subyektiv yanaşmadan ziyadə, Rusiyadakı müəyyən dairələrin Azərbaycana qarşı məqsədyönlü informasiya hücumu cəhdini göstərir.

Çıxışlarda milli ədavətin və düşmənçiliyin qızışdırılmasına, regionda sabitliyin pozulmasına xidmət edən manipulyativ tezislərdən istifadə edilməsi Rusiyanın "köhnə oyunları"dan, ənənəvi, köhnəlmiş ssenarilərindən hələ də əl çəkməyini göstərir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin əməllərində cinayət tərkibi müəyyən edilib. Onlara qarşı Cinayət Məcəlləsinin "Terrorçuluğa açıq çağırışlar etmə" , "Dövlət əleyhinə yönələn açıq çağırışlar (təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə)" və "Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması" maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə hər üç şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onlar İnterpolun Milli Mərkəzi Büro xətti ilə beynəlxalq axtarışa veriliblər.

Rəsmi Bakının bu addımı bir daha göstərir ki, ölkənin suverenliyinə, ərazi bütövlüyünə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən informasiya terroru və hibrid təhdid cavabsız qalmayacaq. Media azadlığı pərdəsi altında terroru və dövlət əleyhinə zorakılığı təbliğ edən şəxslər, tutduqları mövqeyindən və yaşadığı ölkədən asılı olmayaraq, beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar