İranın casus şəbəkəsi insanları necə ələ alır? - Elçin Mirzəbəyli yazır...
08 fevral 2023 16:00 (UTC +04:00)

İranın casus şəbəkəsi insanları necə ələ alır? - Elçin Mirzəbəyli yazır...

2006-cı ilin sonlarıydı. O zaman redaksiyamız Binəqədi rayonundakı binalardan birinin 13-cü mərtəbəsində yerləşirdi. Adi günlərdən birində redaksiyamıza, həm də bir qayda olaraq dəyərli əməkdaşlarımızın istifadə etdiyi telefona qəfil və bir az da şübhəli zəng gəldi. Zəng səsi ölkə daxilindən edilən telefon zənglərinin səsindən fərqləndiyi üçün diqqətimi çəkdi və elə bu səbəbdən də otaqdan çıxdım. Dəstəyi qaldran həmkarlarımdan biri “İran səfirliyindəndir, sizinlə danışmaq istəyirlər” dedi. Təəccübləndim. Təbii ki, hər gün bir səhifəsini Güney Azərbaycana ayıran qəzetin baş redaktoru ilə İran səfirliyinin nümayəndəsinin danışmaq istəməsi, ən azından təəccüb doğurmalıydı . Sözün qısası, dəstəyi aldım və “buyurun” dedim. Özünü təqdim etdi: İran səfirliyinin katibi ağaye Filankəs (adını xatrlamıram)... Və dərhal mətləbə keçdi: “Ağa, mən bilirəm, mənə deyiblər ki, siz yaxçı adamsınız, amma sizi İran əleyhinə yazmağa məcbur edirlər... İran Azərbaycanın dostudur...”

“Burda dayan”, - dedim: “Necə dost olduğunuzu çox yaxşı bilirəm. Sizə yanlış məlumat veriblər. Mənə İranla bağlı sərt yazmamağı tövsiyyə edirlər. İmkanım olsa, hər gün qəzetin bütün səhifələrini İranın Azərbaycana qarşı yürütdüyü riyakar siyasətə, işğalçı Ermənistana verdiyi dəstəyə həsr edərəm”. Əslində “həsr edərəm” sözünü deməyə imkan tapmadım. “İranın Ermənistana verdiyi dəstəyə” sözlərindən sonra ağaye Filankəs dəstəyi asdı...

...Növbəti dəfə, elə həmin ildə “S(Z)əhər kanalını göndərdilər üstümə. Dağdan-dərədən, “Əmrikadan”, Rusiyadan suallarını yağdırıb cavablarını aldıqdan sonra “xub, ağaye Elçin, çox sağ olun” dedilər və mən də müsahibənin başa çatdığını düşündüm. Amma sən demə sonuncu sual qalıbmış... Sual da nə olsa yaxşıdır: “Ağaye Elçin, sizin ... ağaye Xomeyniyə münasibətiniz necədir?” “Necə olacaq”, - dedim, “Güneydəki soydaşlarının azadlığını arzulayan bir azərbaycanlı kimi... Baxın, Rusiyada hələ də Stalinə qəhrəman kimi yanaşanlar var. Amma biz qüzey azərbaycanlılar üçün Stalin milli kimliyimizi qondarma bir ad altında gizlədən, Azərbaycan xalqının düşünən beyinlərini məhv edən, soydaşlarımızı tarixi yurd yerlərindən didərgin salan bir qatildir. Yaxud Mixail Qorbaçov almanlar üçün qərbi və şərqi Almaniyanın burləşməsinə dəstək verən “sülh adamı”, biz azərbaycanlılar üçün isə 20 Yanvar qətliamının sifarişçisi, ermənilərin Azərbaycan torpaqlarına sahiblənməsinə dəstək verən bir cani və xaindir. Xomeyniyə də Stalinə, Qorbaçova yanaşdığım kimi yanaşıram”. Vəssalam... O gedən getdilər...

Bütün bunları nə üçün yazdım? Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai rəyinə bu və ya digər formada az, yaxud çox təsir imkanına malik olan elə bir insan olmayıb ki, molla tejiminin filan-filan şüdələri birbaşa, yaxud dolayısıyla onlara “qarmaq atmaq” niyyətinə düşməsinlər. Bu səbəbdən də, rejimin təmsilçiləri, qulbeçələri, “aftafadaşıyanları” ilə etik normaları gözləməklə, bir az yumşaq, bir az mədəni danışmağın işə yaramadığı qənaətindəyəm. Onları... birbaşa, həm də sərt formada çox uzaqlara... göndərmək lazımdır.

Saqqallı, əmmaməli, əbalı şeytanlar...

...Sərhəd açılanda o taydan həqəqətən də bizi bağrına basmaq istəyən can və qan qardaşlarımızla yanaşı, istiqalalımıza qənim kəsilənlərin də bu taya axını başladı... Yenicə müstəqilliyini qazanmış, müharibə vəziyyətində olan, molla rejiminin iç üzünü, gerçək mahiyyətini tanımayan, şər imperiyasının basqısı altında milli və dini dəyərlərini, təhrif olunmuş formada da olsa qoruyan, saqqallı, əmmaməli, əbalı şeytanları mələk gözündə görən, mənsub olduğu dinin gerçək dəyərlərinə, mahiyyətinə bələd olmadığı üçün hər şeyə qədərindən artıq səmimiyyətlə və bəlkə də sadəlöhvcəsinə yanaşan, qonaqpərvər, sevgi dolu insanların yaşadığı canım məmləkətim əmmaməli casuslar, ideoloji zəhər daşıyıcıları və soyub-talamağa yurd axtaranlar üçün “cənnəti” xatırladırdı. Ticarətin, alış-verişin nə olduğunu bilməyən, molla rejiminin bətnindəki zəhərdən xəbərsiz insanlar gündəlik çörək pulu üçün evlərində olan nə vardısa, dəyər-dəyməzə din və məzhəb alverçilərinin, sui-istifadəçilərin ayaqları altına “sərdilər”. Çoxluq uzun illərdən bəri aldığı qəpik-quruşa da qənət edib qab-qacaqdan çehizlik əşyalaradək topladıqlarını, bəziləri isə vicdanını, əqidəsini satdı. Kimlərsə şirin dilə, uşaqlıq illərindən dinlədikləri yarıxurafat, yarıgerçək əhvalatların daha mübaliğli, daha cazibədar formada təqdimatına, kimlərsə siyasiləşmiş məzhəbçiliyin ehkamlar üzərində qurulmuş, elmi izahı olmayan və təbii ki, idrakın süzgəcindən keçirilmədən “asan həzm edilən” nağıllarına aldandılar, cahilliklərinə, avamlıqlarına, sadəlöhvlüklərinə və bəzən də ümidsizliklərinə yenik düşdülər.

Talanan sərvətimizin qarşılığında molla rejiminin “xeyir-duası” ilə, xüsusilə də ölkəmizin İranla həmsərhəd rayonlarına gecə-gündüz narkotik daşındı, bacardıqları qədər istifadəçilərin sayını artırmağa, onminlərlə insanı ölümə sürükləyən, minlərlə ailənin həyatını cəhənnəmə çevirən şəbəkələrini genişləndirməyə çalışdılar və təəssüf ki, buna qismən nail ola bildilər. Daha sonra isə rejimin ideoloji zəhər axıdıcılarının “narkotiklərdən xilas”, yaxud qorunmaq üçün göstərdikləri “alternativlərin”, daha doğrusu “haqq yolu”nun səmti nişan verildi, ağaye filan-filan şüdalərin “tövbə” cığırı açıq tutuldu, çarəsiz valideynlər övladlarının aylarla təbliğat-təxribat mərkəzlərində - Qumda, Məşhəddə və digər bu kimi manqurt “istixanalarında” “müalicə” edildiklərinə inandırıldılar... Narkotiklərdən asılılıq ondan heç də az təhlükəli olmayan saxta, xurafat, yalan, mistika, təhrif olunmuş, siyasiləşdirilmiş həqiqətlərdən, fars milli kimliyinə, molla rejiminin titullu ideoloqlarına itaət üzərində qurulmuş, klassik mahiyyətindən çıxarılmış, yolundan sapdırılmış məzhəbçiklə əvəz olundu.

Bu illər ərzində gözümün önündən milli köklərinə, ənənələrinə bağlı olan, qiptə ediləcək qədər saf, təmiz, əxlaqlı, təhsilli insanların məhv edilmiş taleləri keçib. Molla rejiminin zəhərli təbliğatının dağıtdığı, məhv etdiyi nə qədər ailələr görmüşəm.

“İran” adlanan şər yuvasının əmmaməli-əmmaməsiz təmsilçilərinin, muzdlu-muzdsuz, beyni yuyulmuş, yaxud beynini bilərəkdən “ayətullah”ların ayaqları altına döşəmiş təpəgözlərin Azərbaycana vurduqları ziyan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistandan, milli varlığımıza qənim kəsilən ultramillətçi ermənilərin törətdiyi terror və soyqırım cinayətlərindən, vandalizm aktlarından, mahiyyət etibarilə fərqlənmir. Hər ikisinin məqsədi milli varlığımızı, dövlətçilik ənənələrimizi, bu günümüzü, gələcəyimizi məhv etməkdən ibarət olub.

Mücadilə məkanını doğru seçməliyik

...Bir zamanlar Azərbaycanda İranın “İmdad” komitəsi adlı “xeyriyyə təşkilatı” da vardı və torpaqlarımızın işğalına başlanıldığı, soydaşlarımızın öz ev-eşiklərindən didərgin düşdüyü ilk günlərdən qaçqın çadırlarından “girib” sərhəd rayonlarından çıxırdı. Vardıqları hər yerə yardımlarıyla bərabər rejimin ideoloji zəhərini də daşıyırdılar. Sərhəd bölgələrində yaşayan həmvətənlərimizin bir qismi “aylıq maddi yardım”, yaxud “ərzaq yardımı” ilə ələ alınır, bəzilərinin əlacsızlığı, bəzilərinin isə aşırı tamahı, onları Tehran rejiminin şaiyə və təbliğat şəbəkəsininin girovuna və ayrılmaz bir parçasına çevirirdi... Bütün bunların obyektiv və subyektiv səbəbləri var, şübhəsiz. Bu haqda son 20 il ərzində yazdıqlarımın əhəmiyyətli hissəsi indi də əlçatandır deyə, mətləbdən yayınmayacağam. Boz-bulanıq ideoloji sapıqların maraq ovçuluğunun doğurduğu nəticələrlə hələ uzun müddət mücadilə aparmalı olduğumuzu yaxşı başa düşürəm. Allah yar və yardımçımız olsun.

...Molla rejiminin ifşa edilmiş və hələ də “rəngli çətirlər” altında daldalanan casus və nüfuz müvəkkili şəbəkəsinin ölkənin siyasi səhnəsindən mədəniyyətinədək ən müxtəlif sahələrdə yaratdığı fəsadların tez bir zamanda aradan qaldırılması asan olmayacaq. Bu, İran səfirliyinin qarşısına rəngli aftafalar qoymaqla, bəlaqətli nitq və yazılarla, şüarlarla, statuslarla... həll ediləcək məsələ deyil. Molla rejiminin çeşidli sahələrə nüfuz etmiş şəbəkəsi öz işlərini cəmiyyətin alt qatlarında, kütlə psixologiyasının hakim kəsildiyi dərinliklərdə görüblər və bu gün də, qabarıq olmasa da, görməkdədirlər. Biz isə İranın gerçək simasının ifşası, molla rejiminin ideoloji zəhərinin gerçək mahiyyətinin üzə çıxarılması ilə üst qatlarda məşğul oluruq. Daha aydın olsun deyə belə izah edim: Təsəvvür edin, biz tvitterdəki paylaşımlarımızla “Tiktok” istifadəçilərinə təsir etməyə çalışırıq... Onların, zatən tvitterdə, peşəkar media resurslarında nə yazıldığından, nə deyildiyindən xəbərləri yoxdur. Məscidlərdən, icmalardan, siyasi partiyaların yerli təşkilatlarından, kölgədə daldalanan QHT-lərdən, kiçik və orta biznes dairələrindən, dəfn və yas mərasimlərindən, meyxana-çayxana “mühiti”ndən başlamaq lazımdır. Molla rejiminin sosial şəbəkələrdəki “sazlı-sözlü” təbliğatçılarını, ideoloji zəhəri insanların təfəkkürünə emosional vasitələrlə yeritməyə, onların saf, təmiz hisslərindən istifadə etməyə, ayrı-ayrı şəxslərin qarşılaşdıqları problemlər və haqsızlıqlar səbəbindən düşdükləri durumun yaratdığı atmosferdən yararlanmağa çalışanları situasiyaya uyğun çevik yanaşmalarla neytrallaşdırmalı, ayrı-ayrı fərd və qrupların qəbul edə, anlaya biləcəyi alternativlərlə çıxış etməliyik. Boşluqların buraxılmasına yol verməməliyik. Boşluqları biz doldurmasaq, bunu bizim əvəzimizə “Elşən Xəzər” “Taleh Boradigahi” kimi duyğu istismarçılarının vasitəsilə yeridilən zəhər və axıdılan saxta göz yaşları ilə edəcəklər.

Bu yazıyla kimsəyə məsləhət vermək niyyətində deyiləm. Mənim yazmadıqlarımı yaza bilənlər, görmədiklərimi isə görə bilənlər də var, şübhəsiz. Amma mücadilə məkanını doğru seçməliyik. Molla rejiminin, onsuz da cəmiyyətin yüksək intellektual qruplarına, müstəqil düşünməyi, ağı qaradan seçməyi bacaran fərdlərinə təsir göstərmək imkanı yoxdur. İstisnalar da var, şübhəsiz, hətta alimlər arasında da, amma kütləvi deyil. Məhz baxımdan da, rejimin təbliğatı üçün münbit olan məkanları hədəfə almalı və buna uyğun da “dezinfeksiya” tədbirləri həyata keçirməliyik. Həm də boşluq buraxmadan, fasilə vermədən...

Bu qədər... Son olaraq, yazının əvvəlində toxunduğum bir məqama yenidən diqqət çəkmək istəyirəm: Rejim qulbeçələri ilə yumşaq rəftarın heç bir faydası yoxdur. Onlar bunu zəiflik kimi başa düşürlər.

Elçin Mirzəbəyli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8163
avatar

Oxşar yazılar