Firuz Şirinzadə
07 aprel 2023 16:07 (UTC +04:00)

Firuz Şirinzadə

İrandan Azərbaycana qanunsuz keçənlər məhv ediləcək - GENERAL

“Sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib”

Lent.az Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin APA-ya müsahibəsini təqdim edir.

- Əldə etdiyimiz məlumata görə, ötən gecə İranla dövlət sərhədində atışma olub. Bu məlumat nə qədər doğrudur?

- Demək olar ki, hər gün bu cür hallarla qarşılaşırıq. Bəli, dünən növbəti dəfə narkotik qaçaqmalçıları dövlət sərhədini pozmağa cəhd ediblər. Gecə saatlarında Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Horadiz" Sərhəd Dəstəsinin xidməti ərazisində narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını alınıb. Bir neçə nəfər sərhəd pozucusu ölkə ərazisinə keçmək istəyib, onlar sərhəd naryadının qanuni tələbinə tabe olmayıblar və sərhəd naryadına odlu silahdan atəş açıblar. Onlara qarşı silah tətbiq edilib, ərazinin mürəkkəb relyefli və havanın qaranlıq olmasından istifadə edən sərhəd pozucuları geri qaçıblar. Hadisə yerində isə onlara məxsus 63,5 kq narkotik vasitə aşkar olunub. Hazırda əməliyyat-axtarış tədbirləri davam etməkdədir.

- Ümumiyyətlə, İrandan Azərbaycana qarşı narkotik terrorunun son zamanlar artması müşahidə olunur...

- Əvvəla onu deyim ki, Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər həyata keçirilir. Sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib. Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək.

O ki qaldı sizin də ifadə etdiyiniz kimi, İrandan narkotik terrorunun artmasına, bəli, statistika bu faktı təsdiqləyir. Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb. Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

- Statistikaya nəzər yetirəndə maraqlı fakt ortaya çıxır. Məhz 2022-ci ildə İrandan Azərbaycana narkotik qaçaqmalçılığı cəhdlərinin həddən çox artdığını göstərir. Sizcə, bunun səbəbi nədir?

- Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik işğal altında olan hissəsinin payına düşüb. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərədək işğal altında olan sərhəd ərazilərimizdən kütləvi narkotrafik məqsədilə istifadə edilib. İrandan gətirilən narkotik vasitələr həmin ərazilərdən keçirilməklə Ermənistana daşınıb. Ermənistan ilə birgə həyata keçirilmiş bu fəaliyyətdən həm Ermənistan, həm də İİR böyük həcmdə cinayətkar gəlir əldə ediblər. Bu barədə ölkəmizin hüquq mühafizə orqanları çoxsaylı faktlar müəyyən ediblər. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçilərinin böyük rəşadətlə, döyüşərək azad etdiyi İİR ilə dövlət sərhəd xətti üzərində nəzarətimizin bərpa edilməsi böyük bir regional narkotrafikin də qarşısının alınmasına da öz töhfəsini vermişdir.

Xatırlatmaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin narkotiklər üzərində beynəlxalq nəzarət strategiyası haqqında hesabatlarında da bu məqam dəfələrlə əks olunub. "Qara dəlik" kimi xarakterizə olunan bu narkotrafikdən əldə olunan böyük həcmli maliyyə vəsaitləri separatçı rejimin və Ermənistanın cinayətkar rəhbərliyinin şəxsi məqsədləri üçün sərf olunmaqla yanaşı, işğal altında olan ərazilərin azad olunmasını əngəlləmək məqsədilə silah-sursat alınması üçün də geniş istifadə olunub.

- Mütəmadi olaraq narkotik qaçaqmalçılarının Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstərməsi barədə xəbərlər oxuyuruq...

- Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçılarına qarşı ciddi və sərt tədbirlər görür. İrandan narkotik vasitələrin gətirilməsi ən müasir silahlar və xüsusi texniki avadanlıqlara (gecə görmə cihazları və s.) malik silahlı dəstələr tərəfindən müşayiət olunur. Təkcə son 5 ildə sərhədçilərə qarşı 27 dəfə silahlı müqavimət göstərilib. Bu hallarda sərhəd naryadlarının cavab atəşi ilə 15 qaçaqmalçı zərərsizləşdiriib, 5-i yaralanıb. Zərərsizləşdirlmiş şəxslərdən 13 nəfəri İran, 2 nəfəri Azərbaycan vətəndaşı olub. Bu əməliyyatlar zamanı bizim də itkilərimiz olub. Belə ki, 3 hərbi qulluqçumuz şəhid olub, 5 nəfər yaralanıb.

Bir daha vurğulayıram ki, sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan sərhəd pozucularına qarşı ən sərt tədbirlərin görülməsi əmri verilib.

- Ölkəmizə narkotik vasitələrin gətirilməsi cəhdlərinin arxasında başqa məqsədlərin də olması barədə fikirlər mövcuddur. Bu barədə nə deyə bilərsiniz?

- Bu artıq təkzibolunmaz faktdır ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edir. Bu cinayətkar fəaliyyətə cəlb olunan şəxslərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur.

Burdakı digər mühüm məsələ isə faktiki olaraq Azərbaycan gənclərinə qarşı əvvəl də qeyd etdiyimiz kimi narkotik terrorun həyata keçirilməsidir. Bu bir faktdır ki, İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə aludə edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr daşımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli əməllərdə istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar.

- Yeri gəlmişkən, Dövlət Sərhəd Xidməti digər hüquq-mühafizə orqanları ilə bu istiqamətdə əməkdaşlığı necə qurub?

- Narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti tərəfindən baş prokurorluq, dövlət təhlükəsizliyi, daxili işlər və gömrük orqanları ilə ən yüksək səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq və effektiv məlumat mübadiləsi sistemi formalaşdırılıb.

Bu əməkdaşlığın effektivliyi isə narkotik vasitələrin saxlanılma hallarının aşkarlanması, dərindən araşdırılması və istintaqı nəticəsində cinayətkar fəaliyyətin digər iştirakçılarının müəyyən edilməsində, cinayətkar şəbəkələrin ifşa olunmasında özünü göstərməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Oxşar yazılar