Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.
O, Putinin Azərbaycan, Türkmənistan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcəyini söyləyib.
Uşakov Rusiya prezidentinin, həmçinin Xəzər Sammiti çərçivəsində Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcəyini, onu yubileyi münasibətilə şəxsən təbrik edəcəyini söyləyib.
Uşakov xatırladıb ki, iyunun 29-da Xəzər Sammiti günü Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq: "Putin Türkmənistan parlamentinin yuxarı palatasının spikeri ilə xüsusi görüş keçirəcək və onu şəxsən təbrik edəcək. Bundan əlavə, dövlət başçısı Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Onunla qısa söhbət olacaq, daha sonra altıncı Xəzər Sammitində iştirak nəzərdə tutulur. Sammit başa çatdıqdan sonra prezidentimiz Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüş keçirəcək”.