Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - deyə paylaşımda qeyd olunub.
Hikmət Hacıyev həmçinin Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırıb.
“Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırdım. Ermənistanın blokada ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - deyə Hikmət Hacıyev bildirib.