Güney Azərbaycanın milli oyanışında futbolun gücü -  “TRAKTOR” QÜRURU
12 may 2023 14:19 (UTC +04:00)

Güney Azərbaycanın milli oyanışında futbolun gücü - “TRAKTOR” QÜRURU

Lent.az APA-ya istinadən “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Traktor” sadəcə bir futbol komandası deyil!” məqaləsini təqdim edir.

 

Daha sonra adı “Azərbaycan Traktor Futbol Klubu” olan “Təbriz Traktor Futbol Klubu” 1970-ci ildə Təbrizdə yaradılıb. Güney Azərbaycan türklərinin candan sevdiyi futbol komandası dəfələrlə İranın ən populyar komandası seçilib. Asiya Futbol Konfederasiyasının rəsmi saytının 2020-ci ildə “Köhnə qitə”nin ən populyar klubu ilə bağlı sorğusunda “Traktor” birinci yeri tutub. Komandanın ev oyunlarının keçirildiyi Təbrizdəki “Səhənd” (Qurdlar Dərəsi) stadionu 70 min azarkeş tutumuna malik olsa da, bəzi oyunlarında bu arenaya hətta 100 minə yaxın fanat gəlir.

“Traktor” öz oyunlarını çoxsaylı azarkeşlərinin önündə keçirir. Demək olar ki, İranda onların qarşılaşdığı hər yerdə, stadionlarda bu komandanı çoxsaylı fanat ordusu müşayiət edir. Bəs görəsən, bir idman komandasının bu qədər çox azarkeşinin olmasının sirri nədir? Həqiqətən də Güney Azərbaycan türkləri qışda soyuq, yayda isti bilmədən sadəcə futbola baxmaq üçün stadiona gedirlər? Nəzərə alsaq ki, “Traktor” azarkeşlərinin hamısı təbrizli deyil, hər matçda Güney Azərbaycanın şəhər və kəndlərindən minlərlə insanın matça axınına səbəb olan amil nədir?

Bu, təkcə İranda deyil, dünyanın hər yerində futbol oyunları, sadəcə, idman hadisəsi deyil, mədəni, iqtisadi, sosial və hətta siyasidir desək, yanılmarıq. Təbii ki, İran kimi siyasi, hətta ictimai-mədəni fəaliyyətlər üçün imkanın olmadığı, yaxud az olduğu bir ölkədə idman arenaları daha çox önəm kəsb edir.

Bura milyonlarla Güney Azərbaycan türkünün ən elementar insan haqlarından məhrum olduğu ölkədir. Yüz ildir ki, İranda türklərin öz dilini, mədəniyyətini, tarixini, maddi-mənəvi irsini qorumaq və inkişaf etdirmək üçün hər cür cəhdinin qarşısı yerli hökumət tərəfindən alınır. Güney Azərbaycanda milyonlarla türkün nəinki öz insani haqlarını müdafiə etmək üçün partiya qurmaq imkanı, hətta mədəni-ədəbi birliklər yaratmaq imkanı da yoxdur.

Belə bir şəraitdə stadionlar Güney Azərbaycan türklərinin siyasi və hüquqi cəhətdən ağır nəticələrlə üzləşmədən toplaşa bildikləri və varlıqlarını qoruduqları nadir yerlərdən biridir. Demək, belə olan halda stadionları artıq sadəcə idman məkanı deyil, toplum kontekstində fəaliyyət göstərə bilməyən siyasi, mədəni və sosial qurumlar üçün bir alternativ sayılır. Ona görə də xalq qurumları şəklində siyasi, sosial, ekoloji və mədəni fəaliyyət imkanının olmadığı bir şəraitdə “Traktor” Güney Azərbaycan türklərinin azsaylı savaş qalalarından biri hesab olunur.

Azərbaycan “Traktor” komandasının azarkeşlərinin stadionlarda səsləndirdiyi şüarlara nəzər salanda bu şüarların əksəriyyətinin idmana uyğun olmadığı və Güney Azərbaycan türk millətinin istək və hüquqlarını ifadə etdiyi görünür. Bəlkə də bu məsələni daha yaxşı başa düşmək üçün “Traktor” azarkeşlərinin ən mühüm şüarlarına qısaca nəzər salmaq yaxşı olar.

Azərbaycanda qadınların hüquqlarının müdafiəsi “Traktor” azarkeşlərinin şüar və mahnılarında, plakatlarında dəfələrlə öz əksini tapmış mühüm məsələlərdən biridir. İranda bir çox haqlarından məhrum olan qadınların stadionlara girmək və futbol oyunlarına baxmaq hüququ yoxdur. “Traktor” azarkeşləri dəfələrlə azərbaycanlı qadın və qızların stadionlarda hüzur tapa bilmələrini tələb edib, həmçinin qadınlara qarşı qəddarlıq və qeyri-insani ayrı-seçkiliyə etiraz ediblər.

(“Stadiona gəlmək qadınların haqqıdır”/ “Qadınlara azadlıq”/ “Oğlanlar=Qızlar”)

“Azərbaycan qızları, göylərin ulduzları” şüarı bu komandanın azarkeşləri tərəfindən bütün “Traktor” matçlarında səslənir. Eyni zamanda, “Traktor” azarkeşləri bir neçə dəfə qadınların hüquqlarını müdafiə etməklə yanaşı, bu hüquqlar uğrunda mübarizə aparmağın vacibliyini vurğulayan gözəl mahnı oxuyublar.

(Stadiona buraxılmayan güney azərbaycanlı qadınlar həsrətlə stadiona baxırlar)

“Traktor” azarkeşlərinin şüarlarında qaldırılan digər çox mühüm məsələlərdən biri də ana dili məsələsidir. “Traktor”un bütün matçlarında bu komandanın azarkeşləri xüsusi həvəslə “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirirlər. Bununla yanaşı, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil” kimi şüarlarla, Güney Azərbaycan türklərini assimilyasiya etmək məqsədi ilə onları yüz ildir öz ana dilində oxumaq hüququndan məhrum edənlərə elan etmək istəyirlər ki, biz hələ də ana dilimizi yaşatmışıq və bundan sonra da yaşadacağıq.

https://tse4.mm.bing.net/th?id=OIP.8o-3b27DVAShK4sbZW25_gHaDt&pid=Api&P=0

(“Türk dilində mədrəsə (məktəb)” şüarı)

“Traktor” fanatlarının şüarlarında daim təkrarlanan digər mövzular arasında Urmiya gölünün qəsdən qurudulmasına görə İran hökumətinə etiraz və insanların diqqətini bu ekoloji və bəşəri fəlakətə cəlb etmək cəhdi də var. Bir fəlakət ki, onun zərərli təsirlərini indi belə Güney Azərbaycan türkləri obyektiv və konkret şəkildə görürlər. Hətta İran rəsmiləri bunun 5 milyon insanın (yəni Güney Azərbaycan türklərinin) məcburi köçməsinə səbəb olacağını və 15 milyon insanın həyatına mənfi və zərərli təsir buraxacağına etiraf ediblər.

https://tse2.mm.bing.net/th?id=OIP.0iGaSteda2YUengt9qU4OgHaC6&pid=Api&P=0

“Traktor” azarkeşləri həm İran hökumətini, həm də İran parlamentinin (məclis) deputatlarını Urmiya gölünün qatilləri hesab edirlər: “Urmu gölü can verir/Məclis onun qətlinə fərman verir”, yaxud “Urmu gölü susuzdu[r]/Azərbaycan oyanmasa uduzdu”…

https://iranianuk.com/db/pages/2005/images/pic41/ok2a_7440523.jpg

 

Güney Azərbaycan türklərinin milli oyanışı və Türk dünyası ilə həmrəyliyi stadionlarda da öz əksini tapır. Uyğur (Çin) və Kərkük (İraq) türklərinin haqlarını dəstəkləmək “Traktor” azarkeşlərinin şüarlarının mövzusu olub. Eyni halda, bu komandanın azarkeşləri Türkiyə ilə həmrəy olduqlarını dəfələrlə bildiriblər. İranda Türkiyə və Azərbaycan bayraqlarının stadionlara gətirilməsi cinayət hesab edilsə də, buna görə cəza nəzərdə tutulsa da, bu komandanın azarkeşləri dəfələrlə iki ölkənin bayraqlarını stadionlarda dalğalandırıblar.

http://gadtb.com/wp-content/uploads/2019/04/traxtur-6.jpg

(Sırf Azərbaycan bayrağını stadionda nümayiş etdirdiyinə görə tutulan və şallaqlanan “Traktor” azarkeşlərindən biri.)

1 noyabr 2019-cu il tarixində Türkiyə ordusunun Suriyanın şimalında silahlı terror qruplarına qarşı apardığı əməliyyata dəstək olaraq 100 minə yaxın “Traktor” komandası azarkeşi şüarlarla müzəffər Türkiyə ordusunu salamlamışdı. Bu hadisə İran, Türkiyə, hətta dünya mediasında geniş əksini tapmışdı.

İşğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən 44 günlük Qarabağ müharibəsində “Traktor” azarkeşlərinin Azərbaycanın müzəffər ordusuna hərtərəfli dəstək verməsi və İranın Ermənistanı dəstəkləməsinə etiraz etməsi Güney Azərbaycan türklərinin Araz çayının şimalındakı bacı-qardaşları ilə geniş və dərin həmrəyliyinin yalnız bir nümunəsidir. “Traktor” azarkeşləri öz şüarlarında dəfələrlə bəyan ediblər ki, Azərbaycan qonşu ölkə deyil, onların can parçasıdır və onlar da Azərbaycandırlar. Bu cür şüarlar bir çox “Traktor” fanatının tutulmasına səbəb olmaqla yanaşı, İran mediasında da həssaslıq yaradıb. “Qarabağ bizimdir, bizim olacaq” illərdir “Traktor” komandasının azarkeşləri tərəfindən səsləndirilən bir şüar olub.

Göründüyü kimi, siyasi-ictimai, hətta mədəni təşkilatlar çərçivəsində fəaliyyət imkanının olmadığı İranın qapalı siyasi mühitində, Güney Azərbaycan türkləri öz tələblərini qaldırmaq üçün, yaxud öz etirazlarını bildirmək üçün idman meydançalarından istifadə edirlər.

 

http://s1.picofile.com/file/7271900963/24012011420.jpg

(“Azərbaycan yurdumuz/ “Traktor” bozqurdumuz/Azərbaycan var olsun/ İstəməyən kor olsun”)

Burada qeyd etməkdə fayda var ki, Güney Azərbaycan türklərinin stadionlardakı fəaliyyəti təkcə “Traktor”un oyunları ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif şəhərlərində keçirilən bütün idman yarışlarında oxşar şüarlar səsləndirilir. Bu şüarların Güney Azərbaycan mediasında və sosial şəbəkələrdə əks olunması Güney Azərbaycan türklərində milli hissləri, həmrəylik hissini gücləndirir. Çünki Təbrizin “Səhənd” stadionunda səslənən şüarların Güney Azərbaycanın digər şəhərlərində də səsləndiyini müşahidə edərək eyni şüarlarla eyni yola çıxdıqlarını görürlər.

Təbrizdəki “Səhənd” stadionundakı şüarlar İran mediası ilə yanaşı, dövlət rəsmilərinin də diqqətini çəkib. Tehran mətbuatı ümumiyyətlə “Traktor” azarkeşlərinə qarşı ittihamlar səsləndirməklə İran hakimiyyətini onlarla daha qətiyyətli davranmağa təşviq etməyə çalışır. Amma həmin jurnalistlər stadionlarda Güney Azərbaycan türklərinə edilən təhqirlərə həmişə susurlar.

Göründüyü kimi, stadionlardakı idman həyəcanı pərdəsi arxasında daha bir qarşıdurma yaşanır və bu qarşıdurmanın aktyorları yaşıl meydanda deyil, stadionların platformalarında və hətta stadionlardan kənarda öz güclərini sınamaqdadırlar. Bu qarşıdurmanın bir tərəfində Güney Azərbaycanda milyonlarla türkün haqqını tapdalayanlar və ya bu aksiyaya yoldaşlıq edənlər, digər tərəfində isə hər fürsətdən istifadə edərək tələblərini qaldıran, etirazlarını hayqıran azərbaycanlılar dayanır.

Cəsarətlə iddia etmək olar ki, stadionların və xüsusilə də “Traktor”un oyunlarının Güney Azərbaycan türklərinin, xüsusilə də gənc nəslin milli özünüdərkinin genişlənməsində böyük rolu olub. Yaşına görə siyasi kitablar oxumağı, darıxdırıcı televiziya verilişlərinə baxmağı sevməyən, lakin stadionlara gedəndə sözügedən kitabların və proqramların təqdim etmək niyyətində olduğu məzmunla qarşılaşan nəsil gənclik həvəsini, idman həyəcanını və siyasi şüuru bir anda yaşayır. Bu məsələ təbii ki, digər amillərlə yanaşı, türk və azərbaycanlı kimliyini tanımaq, onun qayğısına qalmaq yaşını aşağı salıb. Başqa sözlə, əvvəlki nəsillər (məsələn, 80-90-cı illərdə) milli kimliklərini kitablar və nəşrlər, xüsusən də universitet vasitəsilə dərk edirdilərsə, bu gün 12-19 yaşlı yeniyetmələr, gənclər öz kimliklərini futbol həyəcanı vasitəsilə tapırlar.

 

http://2.bp.blogspot.com/-S2QvUIFJLBg/UGSvTBZw4fI/AAAAAAAAJ1U/HRGkzFNjjMw/s1600/qashqay+-+traxtur.jpg

(“Traktor”un İsfahandakı oyununda qaşqay türkləri “Traktor”a dəstək verirlər”)

Quzey Azərbaycanın müstəqilliyi ilə güclənən Güney Azərbaycan türklərinin milli oyanış dalğası işğal altındakı torpaqların azad edilməsi ilə yeni mərhələyə qədəm qoydu. Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbələr Güney Azərbaycan türklərində özünəinam hissini daha da artırıb, son illər həm ölkə daxilində, həm də xaricdə öz fəaliyyətlərini daha inamla həyata keçirirlər.

Güney Azərbaycan türkləri stadionların yaratdığı fürsətlərdən istifadə edərək şüarlarını ucaltmaqla yanaşı, çox gözəl bilirlər ki, bu fəaliyyətlər stadionlarla məhdudlaşa bilməz. Məhz bu səbəbdən fəaliyyətin stadionlarda cəmləşməsi bəzən Güney Azərbaycanın bəzi siyasi fəalları tərəfindən tənqid olunur. Stadionların və xüsusilə də Təbrizdəki “Səhənd” stadionunun Güney Azərbaycan türklərinin səsinin xalqa və hətta başqa ölkələrə əks olunmasında oynadığı rolu nəzərə alsaq, bu fəaliyyətlərə qarşı çıxmaq məntiqli olmaya bilər, amma unutmayaq ki, bu cür fəaliyyətlər təkcə stadionlarla məhdudlaşmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021
avatar

Oxşar yazılar