Nikol Paşinyan
12 fevral 2025 13:26 (UTC +04:00)

Nikol Paşinyan

"Ermənistana etibar yoxdur" - Hərbi ekspert Ermənistanın planlarını açdı

“Rusiya hərbi kəşfiyyatı, Rusiyanın hərbi kontingenti Ermənistanda olduğu müddətdə NATO ölkələri Ermənistana strateji silahlar vermək niyyətində deyillər. Ehtiyat edirlər ki, həmin silahların texnologiyaları Rusiya tərəfinə verilə bilər. Yəni Ermənistana bu baxımdan inam, etibar yoxdur.”

Bu fikirləri Lent.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycandan hər hansı təhdidin gələ biləcəyinə eyham vuran bəyanatını şərh edən hərbi ekspert Ramil Məmmədli bildirib.

Ramil Məmmədli

Ermənistanın hərbi siyasətində yeni dönəm

Hərbi ekspert Ermənistanın 2021-ci ildən başlayaraq daha əvvəllər imzalanmış müqavilələrin icrasının sürətləndirməyə və həmçinin yenilərini imzalamağa, yeni hərbi məhsulların əldə olunması istiqamətində müəyyən addımlar atmağa başladığını vurğulayıb:

“Onlar yeni müqavilələr üçün alternativ ölkələr üzərində dayandı. Çünki 2021-ci ilin ortalarından başlayaraq, uzun illər Ermənistanın əsas müdafiə sənayesi məhsullarının tədarükçüsü olan Rusiya Ukrayna müharibəsi ilə əlaqədar olaraq bəzi məhsulların verilməsinə məhdudiyyət tətbiq etməyə başladı. Alternativ ölkə olaraq, Hindistan ən uyğun ölkələrdən biri idi”.

Fransa Ermənistanı niyə silahlandırır?

Ekspert qeyd edir ki, Fransa prezidenti Emanuel Makron Ermənistan üçün Hindistanın baş naziri Modiyə müəyyən xahişlər edib: “Məhz buna görə də sürətlə Ermənistana məhsulların satılması prosesinə başlanılmışdır”.

Hindistan Ermənistan üçün hansı silahları tədarük edir?

Ekspertin verdiyi məlumata görə, hazırda Ermənistanın Hindistanın zenit raket kompleksləri sənayesində ixtisaslaşmış “Bharat Electroniks Limited” şirkəti ilə böyük bir müqaviləsi var. Müqavilə əsasında zenit raket kompleksi olan “AKAŞ” raket komplekslərinin Ermənistana verilməsi prosesi həyata keçirilir.”

NATO və Rusiya Ermənistanın silahlanmasına necə baxır?

Ekspert bildirib ki, Ermənistan Fransadan müəyyən yerüstü avadanlıqlar, zirehli texnikalar, radiolokasiya sahəsində müəyyən texnikalar, sistemlər alsa da, bunlar ölkənin müdafiəsini, hücum potensialını gücləndirməyə yetərli deyil: “Bunun da səbəbi odur ki, Rusiya hərbi kəşfiyyatı, Rusiyanın hərbi kontingenti Ermənistanda olduğu müddətdə NATO ölkələri Ermənistana strateji silahlar vermək niyyətində deyillər. Ehtiyat edirlər ki, həmin silahların texnologiyaları Rusiya tərəfinə verilə bilər. Yəni Ermənistana bu baxımdan inam, etibar yoxdur.”

“Nikol Paşinyanın bəyanatı ondan irəli gəlir ki, artıq Ermənistan Hindistanla reaktiv yaylım atəş sistemləri deyil, taktiki raket komplekslərinin satın alınmasında da müəyyən danışıqlar aparır. Təbii ki, söhbət 500, 600, 700 kilometr məsafədə hədəfi vurmaq imkanına malik olan məhsullardan gedir. Hindistan həqiqətən bu məsələdə ixtisaslaşmış ölkədir. Bu istiqamətdə də müəyyən danışıqların getdiyi sirr deyil. Çünki ümumilikdə Ermənistanın mərhələli şəkildə Hindistanla imzaladığı müqavilənin həcmi artıq bir milyardı keçib. Bunların bəziləri açıqlanıb, bəziləri isə hələ də gizlin saxlanılır. Hindistanın Müdafiə Araşdırmaları Mərkəzinin açıqlamalarından bəllidir ki, 250,155 milyon dollar, 300 milyon dollar məbləğində müqavilələr mövcuddur” deyə Ramil Məmmədli əlavə edib.

Azərbaycanın mövqeyi və Ermənistanın militarizasiya riski

Hərbi ekspert hesab edir ki, burada əsas narahatedici məqam sülh danışıqları dövründə Ermənistanın silahlanmasını deyil, uzun illər işğalçı siyasət yürütmüş ölkənin məğlub olandan sonra yenidən militarist, hərbiləşmiş bir dövlətə çevrilməsidir: “Hindistan və Fransa arasında həm 2023-cü ildə Hindistan baş nazirinin Parisə səfəri, həm də Fransa prezidenti Makronun Hindistana səfəri zamanı ortaq müdafiə sənayesi məhsullarının istehsalı istiqamətində razılaşmalar və müqavilələr imzalanıb. Bu da Hindistanla Fransanın müdafiə sənayesi sahəsində ortaq fəaliyyətinin olması deməkdir. Ermənistan isə bu əməkdaşlıqdan bəhrələnməyə çalışacaq. Fransa da strateji tərəfdaşı olan Ermənistanın Cənubi Qafqazda güclənməsi, yenidən hərbiləşmiş dövlətə çevrilməsində maraqlıdır ki, gələcək siyasi məqsədləri üçün istifadə etsin. Hindistan isə Azərbaycanın Pakistanla hərbi-texniki əməkdaşlığını əsas gətirərək Cənubi Qafqazda Ermənistanla əməkdaşlıqda maraqlı görünür. Hindistanın burada həm biznes, həm də siyasi maraqları var. Fransa və Hindistan birlikdə Ermənistanın silahlanması istiqamətində əsaslı addımlar atırlar. Hələlik Hindistan bu prosesdə aktivdir. Yəqin ki, gələcəkdə Fransa da onlara özünün müəyyən silahlarını verməyə başlayacaq və bunun qarşısını almaq üçün isə Azərbaycan Qərb ölkələri ilə bu istiqamətdə ciddi danışıqlar aparmalıdır. Bununla yanaşı, Ermənistana təzyiq rıçaqları işə salınmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə də olmasa, gələcəkdə Ermənistanın yenidən işğalçılıq siyasəti yürütmək potensialı hər birimizə bəllidir və bilirik ki, Ermənistan məhz təkcə özünü müdafiə etmək deyil, həm də aqressiv siyasət yürütməkdə maraqlıdır”.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycandan hər hansı təhdidin gələ biləcəyinə eyham vuran bəyanatla çıxış edib. Bəyanatda səslənən fikirlər belədir:

“Azərbaycan doğrudan da Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nikol Paşinyanın müsahibəsinin dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıdığını deyib.

“Ermənistan baş nazirinin 2025-ci fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar