“Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər?”
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputatın sözlərinə görə, “Məhkəmələr və hakimlər haqqında” qanunda qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilər: “Bizə təklif olunan namizədlərin isə ən azı 12-nin hakim kimi 5 il iş təcrübəsi yoxdur”.
Q. Həsənquliyev bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun keçid müddəalarının 7-ci bəndindəki “Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə Hüququ Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər” müddəası Konstitusiyaya ziddir: “Ali Məhkəmənin sədri də 68 yaşını - son yaş həddini keçdiyindən bu gün Konstitusiyaya zidd olaraq həmin vəzifəni tutur”.
Deputat vurğulayıb ki, sabiq Ombudsman Elmira Süleymanova qanunda nəzərdə tutulandan artıq vəzifədə qaldığı üçün Azərbaycanın beynəlxalq reytinqi aşağı salınıb:
“Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, Konstitusiyanı necə qoruyacaqlar?”
Q. Həsənquliyev əlavə edib ki, ötən il Apellyasiya məhkəmələrinə 8 hakim təyin edilib, 8-i də istisna hal kimi təyin olunub: “Hər bir halda Konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır. Bizə hakimlər haqqında ətraflı məlumat verilmir. Biz bilmirik ki, hansı hakim hansı Appellyasiya Məhkəməsində, yaxud Ali Məhkəmədə kollegiyanın üzvü seçiləcək. Məhkəmə Hüquq Şurasının nümayəndəsinin komitədə verdiyi məlumata görə, birinci instansiya məhkəmələrində 5 il təcrübəsi olan 200-dən artıq hakim var. Niyə onların sırasından namizədlər seçilməyib? Bugünkü təyinatlar həm də o 200 nəfərə münasibətdə həqarətdir. Orada göstərilmir ki, hansı hakim Apellyasiya Məhkəməsində hansı kollegiyada olacaq. Məsələn, bir dənə də olsun ağır cinayət işinə baxmamış hakim necə Apellyasiya Məhkəməsində cinayət işləri üzrə kollegiyanın üzvü ola bilər? Əslində, Ağır Cinayətlər Məhkəməsinin ən təcrübəli hakimi Apellyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında yer olarsa, ora təqdim olunmalıdır. Ali Məhkəmənin müvafiq kollegiyasında boş yer olarsa, ora Apellyasiya Məhkəməsinin müvafiq kollegiyasının ən təcrübəli üzvü təyin olunmalıdır. Mən o manipulyasiyaları da qəbul etmirəm ki, gənclər daha təmizdir, bacarıqlıdır, onlara yol açılmalıdır. Yuxarı məhkəmələrə daha təcrübəli hakimlər lazımdır. Heç olmasa dünya təcrübəsinə baxmaq olar. Hörmətli sədr, xahiş edirəm, səsvermə adbaad olmayacaqsa, protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edin”.