"Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC
25 iyun 2024 11:57 (UTC +04:00)

"Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC

"Vətən müharibəsində Qələbəmiz Erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa yaxındır. 28 may müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir. Bəli, sərhədin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür".

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O, qeyd edib ki, Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox xalqımıza edilib: 

"Biz Razdan meydanında İskəndər raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əskərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.

Əgər qətllər törədən hərbçiyə Böyük Tiqran ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də episkopluqdan Patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə azərbaycanlı xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi  sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Erablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan Patriarxat və kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən koçaryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb. Əsil faciə budur. 

Artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir. İlk növbədə, erməni Baş nazir “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir. Qalır təkcə soyqırım əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın.

Hakim partiyadan deputat Arsen Torosyan, “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik”, söyləyir. İqtidaryönlü “Baqramyan-26” teleqram kanalı yazır: “düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar  hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki Katalikos sülhü yox, müharibəni təmsil edir. 

Bir  kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: "Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var".

Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək. İsa Məsih məhz belələrinə üz tutub deyirdi: "Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar