“Bakı Fəaliyyətə Çağırış” sənədi
22 may 2026 20:41 (UTC +04:00)

“Bakı Fəaliyyətə Çağırış” sənədi

0

Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) fəaliyyətə yönəlmiş xarakterindən ilhamlanan “Bakı Fəaliyyətə Çağırış” sənədi kollektiv, birgə hazırlanmış, ədalətli və inklüziv bir prosesin nəticəsidir. Bu sənəd idarəetmənin müxtəlif sektorları və səviyyələri üzrə maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, qadınlar, yaşlılar, uşaqlar və gənclər, yerli xalqlar, mütəxəssislər, akademik dairələr, tədqiqatçılar, yerli və regional hakimiyyət orqanları, əlilliyi olan şəxslər, parlament üzvləri, özəl sektor və mənzil təminatı dəyər zəncirində çalışan digər iştirakçıların müxtəlif töhfələrini özündə ehtiva edir.

Bu sənəd Ümumdünya Şəhərsalma Forumundan əvvəl hərtərəfli maraqlı tərəflərlə aparılan kompleks məsləhətləşmələrin ilkin prosesi boyunca aylarla davam edən fəaliyyətin nəticəsidir. Biz bu irəliləyişi alqışlayır və ona sevinirik, bunu davamlılığı və hesabatlılığı təmin etmək üçün müntəzəm çoxtərəfli iştirak mexanizmini əsas götürərək əvvəlki və sonrakı məsləhətləşmələrlə birlikdə WUF dövrü ərzində standart təcrübə kimi qəbul olunmasına çağırış edirik.

176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı və bu günə qədər keçirilən ən böyük WUF tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə səmimi minnətdarlığımızı bildiririk. Tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı, yüzdən çox nazir, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və yüksək səviyyəli bir neçə rəsmi şəxs Liderlər Sammitində iştirak edib. WUF13-ün yeniliklərinə Bakı Şəhərsalma Mükafatı, Biznes və İnnovasiya Mərkəzi, WUF Akademiyası kampusu və Təcrübə Mərkəzi daxildir.

PREAMBULA

Qlobal mənzil böhranı kritik həddə çatır. Bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə uğursuzluqlarının nəticəsidir. Bu, polikrizis mülkiyyətdən məhrumetmə, müstəmləkəçilik, irqçilik, bərabərsizlik və digər tarixi, cari kontekstlərlə əlaqəli mürəkkəb, bir-biri ilə əlaqəli amillərdən qaynaqlanır.

Dünyada təxminən 3,4 milyard insan adekvat mənzil təminatından məhrumdur.

Ev, sadəcə, dörd divardan ibarət bir bina deyil. Bu, ləyaqət, kimlik və ən əsası isə təhlükəsiz gələcək üçün bir təməldir. Bu, ictimai məkanlar, məktəblər, səhiyyə müəssisələri və s. kimi digər ictimai obyektlərin və xidmətlərlə əlaqəli bir sistemin əsas elementidir. Buna görə də mənzil sosial və ekoloji funksiyasına görə qəbul edilməli və şəhər hüququ, sosial müdafiə və iqtisadi artım üçün daha geniş bir vizyona inteqrasiya olunmuş inkişaf gündəliyinin mərkəzində duran insan hüququ kimi prioritetləşdirilməlidir.

● Bütün dünyada mənzillərin maliyyələşdirilməsi və əmtəələşdirilməsi şəhər bərabərsizliyini və yoxsulluğu dərinləşdirir. Evlər əlçatmaz olur, bu da gentrifikasiya və məkan bərabərsizliyini, evsizliyi artıran qısamüddətli kirayələrin çoxalması ilə daha da çətinləşir;

● Zəif torpaq idarəetməsi və planlaşdırma sistemləri məkan seqreqasiyası, infrastruktur bərabərsizliyi və genişlənmədən qaynaqlanan bir çox şəhər və mənzil problemlərinin mərkəzində dayanır ki, bu da tez-tez bazar spekulyasiyasına və insanların yaşayış yerlərini dəyişməsinə səbəb olur;

● Qlobal və milli öhdəliklərə baxmayaraq, mənzil üçün dövlət maliyyəsi azalır və ənənəvi maliyyə parçalanmış, qısamüddətli və mənzil tikintisinin planlaşdırıldığı, xidmət göstərildiyi, təkmilləşdirildiyi, tikildiyi və idarə edildiyi ərazilərlə zəif əlaqəli olaraq qalır;

● Yerli və regional hökumətlər şəhər transformasiyasının ön sıralarında dayanır, çox vaxt şəhər və mənzil böhranını həll etmək üçün mandata, imkana, yaxud resurslara malik olmurlar;

● Münaqişə, müharibə və urbisid məktəblər, xəstəxanalar, ictimai obyektlər, evlər kimi mülki infrastruktur sahələrinə birbaşa təsir göstərir və insanların tez-tez qaçqın, yaxud məcburi köçkün kimi evsiz qalmasına səbəb olur;

● Şəhər mərkəzləri, meqapolislər və ikinci dərəcəli şəhərlər demoqrafik baxımdan sürətlə dəyişir. Onların əksəriyyəti əlilliyi olan şəxsləri, gəncləri, uşaqları, qadınları, yerli xalqları və yaşlıları dəstəkləyən, onlara qayğı göstərən nəsillərarası mənzil sistemlərinə olan tələbatı ödəmək üçün mübarizə aparır;

● Dünyada məcburi köçürülmələr artaraq birbaşa köçürülməyə və mənzil böhranının daha da ağırlaşmasına səbəb olur. Bir evin sökülməsini görmək yalnız şəxsi əşyaların itirilməsi deyil, həm də uzunmüddətli zehni, emosional və fiziki travma deməkdir;

● Dünyada şəhərlər güclü daşqınlar, şəhərin istilik dalğası və pis hava keyfiyyəti daxil olmaqla iqlim dəyişmələrinin təsirinə məruz qalır. Qeyri-adekvat mənzil şəraitində yaşayan ailələr dəyişən iqlimin qeyri-mütənasib təsirləri ilə üzləşirlər;

● Tarixən qadınlar qayğı yükünü daşıyıblar və bu gün də mənzil, əmlak mülkiyyəti, məşğulluq, əsas xidmətlər, mobillik və digər məsələlərlə bağlı struktur maneələrlə üzləşirlər;

● İqtisadi böhran və buna səbəb olan digər amillər ailələri və fərdləri misli görünməmiş sürətlə evsiz qoyur. Bir çox şəhərlərdə evsizliyə görə cinayət məsuliyyətinə cəlb etməyi seçirlər, ancaq bu problemin həll yolları və alternativ yollarla bağlı təkliflər azdır;

● Dünyada mənzil təminatı su və sanitariya, elektrik enerjisi, bağlantı, ictimai xidmətlər, təhsil, səhiyyə və təmiz hava kimi daha geniş iqtisadi və infrastruktur sistemlərinə lazımi səviyyədə inteqrasiya olunmur. İnfrastrukturun və təməl xidmətlərin əlaqələndirilməməsi, texniki xidmət göstərilməməsi və maliyyələşdirilməməsi mənzil çatışmazlığının təsirlərini daha da kəskinləşdirir;

● Beton kimi tikinti və inşaat materiallarından, aşağı karbonlu alternativlərdən, ənənəvi və yerli tikinti üsullarından istifadə qlobal istixana qazı tullantılarının təxminən üçdəbirini təşkil edir;

● Qeyri-adekvat peşəkar potensial, məlumatlar və faktlar çox vaxt zəif qərarqəbuletmə prosesinə səbəb olur, istismarçı təcrübələri və korrupsiyanı təşviq edir.

Bu ortaq xüsusiyyətlərə baxmayaraq, hər bir məhəllə, şəhər, ölkə, region və qitə fərqlidir. Bu böhranın həqiqi mahiyyətini anlamaq üçün yerli və milli konteksti öyrənmək vacibdir.

Bu qlobal çağırışın miqyası qətiyyətli, razılaşdırılmış və təxirəsalınmaz cavab təbirləri tələb edir. Bu Fəaliyyətə Çağırışın mərkəzində mənzil məsələlərinin yenidən prioritetləşdirilməsi, inteqrasiya olunmuş mənzil siyasətlərinin idarə edilməsi, mütəşəkkil çoxtərəfli fəaliyyət, uzunmüddətli maliyyələşdirmə, təkmilləşdirilmiş icra potensialı, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyası və ölçüləbilən hesabatlılıq mexanizmləri ilə dəstəklənməsi tələb olunur.

DİAQNOZDAN FƏALİYYƏTƏ KEÇİD

Biz beynəlxalq səviyyədə tanınan insan hüququ kimi Adekvat Mənzil Təminatının qəbul edilməsindən tutmuş Yaşayış Mühiti Proseslərinə, 2030-cu il Gündəliyinə və Gələcək Paktına qədər mənzil məsələlərində çoxtərəfli fəaliyyətə gətirib çıxaran davamlı öhdəlikləri yüksək qiymətəndiririk. Yeni Şəhər Gündəliyinin 10-cu ildönümünü qeyd etdiyimiz bir ildə üzv dövlətləri qlobal mənzil böhranının daha səmərəli həlli üçün icranı sürətləndirməyə və BMT-nin Məskunlaşma Proqramının tərəfdaşlıq və koordinasiya kimi hərəkətverici funksiyasını gücləndirməyə çağırırıq.

BMT-nin Məskunlaşma Proqramının 2026-2029-cu illərdə Strateji Planı hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu vasitəsilə mənzil məsələlərində fəaliyyətin sürətləndirilməsi məqsədilə bir proqram təqdim edir. Üzv dövlətlər və maraqlı tərəflər işçi qrupunda fəal iştiraka, ekspertlərin və mütəxəssislərin namizədliyini irəli sürməyə və az təmsil olunan qrupların daxil edilməsini təmin etməklə inklüziv iştirakın təşviqinə çağırılırlar.

Növbəti onilliyi və sonrakı beş WUF sessiyasını (2026-2036) Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün Fəaliyyət onilliyi kimi təqdim etmək baxımından gözəl bir fürsət yaranır. WUF-un nəticələri izləniləbilən öhdəlikləri əhatə etməli, uğurlu proqramları və layihələri sənədləşdirməli, 2030-cu ildən sonrakı gündəliyin hazırlanmasında nəzərə alınmaq üçün icra yollarını paylaşmalıdır.

Regional və milli proseslər mənzil gündəliyində güclü siyasi dinamika yaratmağa kömək edir. Yeni Şəhər Gündəliyinin Nazirlər İclasının xülasəsi, İkinci Afrika Şəhər Forumunun Nayrobi Bəyannaməsi (aprel 2026) və s. adekvat, əlverişli, inklüziv və iqlimədayanıqlı mənzil məsələlərində iddialı prioritetləri müəyyənləşdirir. Bu sənəd, həmçinin Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığının öyrənilməsinin və əməkdaşlığın yeni formalarının mümkünlüyünü təqdim edir.

Bu fəaliyyətə çağırışlar üç sahəyə bölünür: mənzil böhranının əsas hüquqlarını və hərəkətverici amilləri qəbul etmək, onun birbaşa təzahürlərinə qarşı tədbirlər görmək və hər kəsə ədalətli, inklüziv, dayanıqlı və davamlı gələcək üçün mənzil sistemlərini dəyişdirmək.

ƏSAS HÜQUQLARIN VƏ HƏRƏKƏTVERİCİ AMİLLƏRİN QƏBUL EDİLMƏSİ

1. İnsan hüquqlarını qoruyun, onlara hörmət edin və onları təmin edin!

Müxtəlif kontekstlərdə mənzil hüquq kimi deyil, əmtəə kimi qəbul olunmağa davam edir, evlərin sökülməsi, münaqişələr və köçürülmələr ləyaqətə, təhlükəsizliyə və yaşayış təsərrüfatlarına xələl gətirir. Biz məcburi köçürülmələrə qarşı təminat, daha güclü mülkiyyət, kirayəçilərin müdafiəsi və ədalətə çıxış daxil olmaqla, mənzil məsələsində insan hüquqları yanaşmasının tam şəkildə qəbuluna və tətbiqinə çağırırıq. Beynəlxalq təşkilatların dəstəyi ilə milli və yerli hökumətlər bunları mənzilin sosial, ekoloji funksiyasını tanıyan və qoruyan hüquqi, siyasi, torpaqdan istifadənin planlaşdırılması və institusional çərçivə sənədlərinə daxil etməlidirlər. Biz regional, milli və yerli mənzil sistemləri daxilində icma tərəfindən idarə olunan və iştirakçı yanaşmaların institusionallaşdırılmasına çağırış edirik.

2. Evlərimizi qoruyun!

Ailələr, fərdlər və məcburi köçkünlər tez-tez qeyri-sabit və ya keyfiyyətsiz mənzillərdə yaşamağa məcbur edilir ki, bu da onları yenidən yaşayış yerini dəyişməyə, qeyri-sabitliyə və təcrid olunmağa məruz qoyur. Biz humanitar yardımı, bərpa və uzunmüddətli inkişafı əlaqələndirən, həssas və münaqişədən sonrakı şəraitdə iqlim dəyişmələrinə dayanıqlı və insanlara yönəlmiş şəhər bərpasını təşviq edən, onların inkişafa və iqlim maliyyəsinə çıxışını asanlaşdıran inteqrasiya olunmuş mənzil yanaşmalarının tətbiqinə çağırırıq. Milli və yerli hökumətlər, humanitar və inkişaf məsələləri ilə məşğul olanlar, beynəlxalq qurumlar mənzil və vacib mülki infrastrukturu qorumalı, köçkünlüyə və dağıntılara qarşı qorunma tədbirlərini gücləndirməli, bu qorunmaların səmərəli şəkildə həyata keçirilməsini təmin edən mexanizmləri dəstəkləməlidirlər. Ev sahibi Azərbaycan Hökuməti də daxil olmaqla, münaqişədən sonrakı yenidənqurma üçün əhəmiyyətli qlobal presedentlər mövcuddur. Yenidənqurma və bərpa səylərinə, nəticədə məcburi köçkünlərin evlərinə qayıtmasını prioritetləşdirmək üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq. “Sərbəst və Əvvəlcədən Məlumatlandırılmış Razılıq” prinsipi bütün Milli Hökumətlər tərəfindən təmin edilməlidir.

3. Müxtəlifliyimizi qəbul edin!

Mənzil sistemləri yerli xüsusiyyətləri, torpağa və mənzilə çıxışı formalaşdıran, bir çoxları üçün təcrid olunmanı və qeyri-bərabər nəticələri gücləndirən cins, etnik mənsubiyyət, mədəniyyət, yaş, əlillik, hüquqi status və vətəndaşlıq kimi müxtəlif reallıqları nəzərə almamağa davam edir. Biz insanları siyasətin və icranın mərkəzinə yerləşdirən, müxtəlif qrupları həmmüəlliflər kimi tanıyan mənzil məsələsində nəsillərarası və çoxplanlı yanaşmaların tətbiq olunmasına çağırırıq. Vətəndaş cəmiyyəti və yerli hərəkatlar hökumət, özəl sektor və mütəxəssislərlə birlikdə mənzil siyasətində müxtəlifliyi tətbiq etməli və qorumalıdırlar.

4. Evlərimizi iqlim dəyişmələrinə dayanıqlı edin!

İqlim dəyişmələrinin təsirləri mənzil təhlükəsizliyini və yaşayış yerlərinin dəyişmələrini sürətləndirir, məhəllələr, şəhərlər və bölgələrdə onsuz da sosial, iqtisadi və ekoloji qeyri-sabitliklə üzləşən icmalara qeyri-mütənasib şəkildə təsir göstərir. Tez-tez təkrarlanan daşqınlar, quraqlıqlar, biomüxtəlifliyin itirilməsi, çirklənmə, kəskin istilər və pisləşən hava keyfiyyəti ictimai sağlamlığa, ekosistemlərə, dolanışıq vasitələrinə, yaşayış üçün rahatlığa və ümumi həyat keyfiyyətinə dağıdıcı təsir göstərir. Biz iqlim ədalətinə sadiq olan və ekoloji cəhətdən şüurlu urbanizasiya və planlaşdırma ilə dəstəklənən təbiətə əsaslanan, icma tərəfindən idarə olunan və yerli həllər vasitəsilə iqlim dəyişmələrinə müqaviməti möhkəmləndirən, biomüxtəlifliyi qoruyan və zərərli təsirləri azaldan mənzil sistemləri yaratmağa çağırış edirik. Biz dayanıqlı infrastruktur, bərpaolunan enerji, təməl xidmətlər, fəlakətlərə hazırlıq və onların qarşısının alınması, dolanışıq imkanları və sosial şəbəkələr istiqamətində makromilli və yerli hökumət fəaliyyətləri ilə yanaşı, insanlar tərəfindən idarə olunan yerli və ənənəvi təcrübələri gücləndirməyə çağırırıq.

BİRBAŞA TƏZAHÜRLƏRƏ QARŞI TƏDBİRLƏR

5. Ev inteqrasiyanın katalizatoru kimi!

Mənzillər çox vaxt infrastrukturdan, əsas xidmətlərdən və iqtisadi imkanlardan təcrid olunmuş şəkildə yerləşir, şəhərlərin plansız genişlənməsi, məkan üzrə ayrı-seçkilik və zəif əlaqələndirilmiş torpaq istifadəsi planlaşdırılması isə aşağı gəlirli ailələri iş yerlərindən, xidmətlərdən və imkanlardan uzaq olan kənar və təcrid edilmiş ərazilərə sıxışdırır. Biz mənzilləri nəqliyyat, xidmətlər, dolanışıq imkanları, təbii və mədəni irslə əlaqələndirən inteqrasiya olunmuş və iştirakçılığa əsaslanan, gender yanaşmasını nəzərə alan məkan planlaşdırılması yanaşmasına çağırırıq. Eyni zamanda, qarışıq, inklüziv və lazımi xidmətlərlə təmin edilmiş nəsillərarası məhəllələrin təşviqi vacibdir. Biz peşəkarları, akademik dairələri, tədqiqat institutlarını hökumət və vətəndaş cəmiyyəti ilə birlikdə mənzil, iqtisadi imkanları, nəqliyyatı əhatə edən inteqrasiya olunmuş şəhərsalma və məqsədyönlü subsidiyalar üzrə ortaq baxış formalaşdırmağa çağırırıq.

6. Mənzillərin hər kəs üçün əlçatan olmasını təmin edin!

Torpaq qiymətlərinin artması, əmlak spekulyasiyası, qısamüddətli icarələr, qeyri-sabit əmək bazarları, məhdud mənzil təklifi və maliyyəyə qeyri-bərabər çıxış səbəbindən mənzil getdikcə daha əlçatmaz olur, bu isə bir çox ailələri evsizlik və qeyri-qənaətbəxş yaşayış şəraitinə məcbur edir. Biz əlçatanlığın artırılması üçün davamlı tədbirlərə çağırırıq; bunlara kirayə və sosial mənzillərə çıxışın genişləndirilməsi, inklüziv zonalaşdırmanın təşviqi, subsidiyaların və xərclərin azaldılması strategiyalarının gücləndirilməsi, spekulyativ təcrübələrin tənzimlənməsi, əmlak vergisi sistemlərinin və müxtəlif gəlir qrupları üçün maliyyəyə çıxış imkanlarının təkmilləşdirilməsi daxildir. Biz parlament üzvlərini və milli hökumətləri əlçatanlığı qoruyan qanunvericilik tədbirləri qəbul etməyə, eyni zamanda, dövlət mənzil proqramları, İnkişaf Maliyyə İnstitutları (DFI), özəl sektor və fərdi tikinti təşəbbüsləri vasitəsilə mənzil təminatını artırmağa çağırırıq.

7. Ayrı-seçkilik olmadan mənzil təmin edin!

Məhəllələr yalnız fiziki quruluş və yerləşmədən ibarət deyil, onlar qayğı, sosial əlaqə, mədəniyyət, təhlükəsizlik və kollektiv həyat məkanlarıdır ki, insan potensialının, rifahın və icma mənsubiyyətinin inkişafına imkan yaradır. Biz genderi, müxtəlifliyi və cinsi oriyentasiyanı nəzərə alan, gender əsaslı zorakılığın aradan qaldırılması, ictimai və ortaq məkanların gücləndirilməsi, universal və inklüziv mənzil dizaynının təşviqi vasitəsilə əlçatanlığı, yaxınlığı, təhlükəsizliyi, rifahı və sosial inklüzivliyi dəstəkləyən mənzil yanaşmalarına çağırırıq. Biz hökumətləri, peşəkar qurumları və vətəndaş cəmiyyətini sosial həmrəyliyi gücləndirən, ayrı-seçkiliyi azaldan, təhlükəsizliyi, sağlamlığı və ləyaqəti yaxşılaşdıran inklüziv və müxtəlif təyinatlı məhəllələrin formalaşdırılması üçün aydın qaydalar hazırlamağa çağırırıq.

8. Məcburi köçürmələri dayandırın!

Məcburi köçürmələr və yerdəyişmələr beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozulması hesab olunur, mənzil təhlükəsizliyini azaldır, dolanışıq vasitələrini məhv edir, iqlim böhranını dərinləşdirir, insan ləyaqətini sarsıdır və icma sistemlərini zəiflədir, çox vaxt isə adekvat təminatlar və alternativlər olmadan həyata keçirilir. Biz məcburi köçürmələrə və yerdəyişmələrə qarşı daha güclü müdafiə mexanizmlərinin yaradılmasına çağırırıq. Bunlara hüquqi təminatlar, monitorinq mexanizmləri və yaşayış hüququnun təhlükəsizliyini təmin edən qabaqlayıcı yanaşmalar daxildir. Eyni zamanda, yerində yenidənqurma, icma əsaslı yanaşmalar, eləcə də köçürmənin qaçılmaz olduğu hallarda adekvat kompensasiya və alternativlərin təmin edilməsi prioritet olmalıdır. Parlament komitələri, hökumət qurumları, insan hüquqları institutları və BMT agentliklərinin dəstəklədiyi beynəlxalq təşkilatlar məcburi köçürmələrin və yerdəyişmələrin qlobal miqyasda monitorinqi, xəritələndirilməsi və aradan qaldırılması üçün hesabatlılığı gücləndirməli və daimi çoxtərəfli mexanizmlər yaratmalıdırlar.

MƏNZİL SİSTEMLƏRİNİN TRANSFORMASİYASI

9. Mənzil yanaşmalarını şaxələndirin!

Milyonlarla insan artıq özünün tikdiyi, mərhələli və qeyri-formal mənzil sistemləri vasitəsilə şəhərlərin formalaşmasına töhfə verir, lakin bu reallıqlar hələ də siyasətdən və hüquqi tanınmadan kənarda qalır. Biz mərhələli mənzil tikintisini, şəhər miqyasında qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılmasını, leqallaşdırmanı, kirayə və sosial mənzilləri, kooperativləri, icma torpaq fondlarını, inklüziv mənzil layihələrini və icma əsaslı yaşayış təşəbbüslərini əhatə edən müxtəlif və yerli şəraitə əsaslanan yanaşmaya çağırırıq. Biz milli və yerli hökumətlər, vətəndaş cəmiyyətləri, mənzil təminatçıları və operatorları, özəl sektorun maliyyə institutları və bankları arasında daha güclü əməkdaşlığı təşviq edirik. Bu əməkdaşlıq dövlət, özəl, icma, mikro və qarışıq maliyyə alətlərinin kombinasiyası vasitəsilə tələbatyönümlü proqramların innovativ şəkildə təşviqinə xidmət etməlidir.

10. Mənzillər üçün torpaq təmin edin!

Artan urbanizasiya, maliyyələşmənin genişlənməsi və zəif torpaq idarəetmə sistemləri torpaq qiymətlərinin yüksəlməsinə, əmlak spekulyasiyasına, məkan bərabərsizliyinə və yaşayış hüququnun qeyri-sabitliyinə səbəb olur. Biz torpaq bazarlarının uyğun şəkildə tənzimlənməsi, spekulyasiyanın qarşısının alınması, əmlak vergisi, inklüziv mənzil siyasəti, inkişaf ödənişləri və torpaq dəyərinin ədalətli bölüşdürülməsi vasitəsilə torpaq sistemləri üzərində daha güclü dövlət və yerli nəzarətə çağırırıq ki, bu da xidmətlərlə təmin olunmuş və riskləri azaldılmış torpağa bərabər çıxışı təmin etsin. Biz parlamentləri və milli qurumları torpaq idarəçiliyinin yerli hakimiyyət orqanlarına həvalə edilməsinə çağırırıq. Yerli hökumətlər, torpaq institutları, icmalar və inkişaf tərəfdaşları inklüziv və hesabatlı torpaq idarəetmə sistemlərini inkişaf etdirməklə yanaşı, torpaqdan istifadə hüquqlarını və müdafiə mexanizmlərini gücləndirməlidirlər.

11. Maliyyəni ehtiyac olan yerlərə yönəldin!

Mənzil maliyyələşdirmə sistemləri hələ də parçalanmış, əlaqələndirilməmiş və əlçatmaz olaraq qalır, dövlət investisiyaları məhduddur, kreditlərə çıxış qeyri-bərabərdir və mövcud mexanizmlər aşağıgəlirli ailələrə və icmalara çatmır. Biz inklüzivliyi və genişmiqyaslı tətbiqi prioritetləşdirən mənzil maliyyələşdirmə zəncirinin yenidən nəzərdən keçirilməsinə çağırırıq. Bu məqsədlə fiskal muxtariyyət və gəlir formalaşdırma strategiyalarına xüsusi diqqət yetirməklə bələdiyyə maliyyəsinin gücləndirilməsi vacibdir. Biz inkişaf banklarını və özəl sektoru kreditlərə çıxışı prioritetləşdirməyə, ərazi xüsusiyyətlərinə uyğun, uzunmüddətli və proqnozlaşdırılabilən maliyyələşdirmə mexanizmləri yaratmağa çağırırıq ki, bu imkanlar xüsusilə ən çox ehtiyacı olan insanlar üçün əlçatan olsun.

Biz özəl sektoru milli və yerli hökumətlərlə, mərkəzi banklarla, maliyyə institutları və təşkilatlanmış icma yığım sistemləri ilə əməkdaşlığa çağırırıq ki, risklərin hesablanması və idarə olunması, məqsədyönlü subsidiyaların tətbiqi, kreditlərə çıxışın genişləndirilməsi və qarışıq maliyyələşdirmə sahəsində yeni yanaşmalar formalaşdırılsın. Biz parlament üzvlərini və milli maliyyə qurumlarını dövlət subsidiyalarını şaxələndirməyə, bununla da özəl və icma əsaslı yığım sistemlərini də əhatə edən müxtəlif mənzil yanaşmalarını dəstəkləməyə çağırırıq.

12. Çoxsektorlu və çoxtərəfli yanaşmanı təşviq edin!

Parçalanmış planlaşdırma sistemləri mənzili torpaq, infrastruktur, nəqliyyat, dolanışıq vasitələri və əsas xidmətlərdən ayıraraq sosial təcridi, məkan bərabərsizliyini və qeyri-səmərəli şəhər inkişafını daha da gücləndirir. Biz mənzilin daha geniş ərazi və şəhər inkişaf çərçivələrinə inteqrasiya olunduğu, eyni zamanda, bərabərliyi, inklüzivliyi, məkan ədalətini və şəhər hüququnu təşviq edən inteqrasiyaolunmuş və sistem əsaslı planlaşdırma yanaşmalarına çağırırıq. Biz bu prosesin nəticələrinin birgə formalaşdırılması üçün yerli hökumətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının, ictimai hərəkatların və özəl sektor nümayəndələrinin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini vacib hesab edirik.

13. Çoxsəviyyəli və iştirakçılığa əsaslanan idarəetməni gücləndirin!

Səmərəli mənzil sistemləri hökumətin bütün səviyyələri, eləcə də ictimai hərəkatlar, vətəndaş cəmiyyəti, peşəkarlar və inkişaf tərəfdaşları arasında güclü əməkdaşlıq, tərəfdaşlıq və koordinasiya tələb edir. Ortaölçülü şəhərlərdən meqapolislərə qədər yerli və regional hökumətlər çox vaxt lazımi səlahiyyət, maliyyə və institusional dəstək olmadan icra vəzifəsini yerinə yetirməyə məcbur olurlar. Biz üzv dövlətləri məsuliyyət bölgüsünü dəqiqləşdirən, institutlar, sektorlar və maraqlı tərəflər arasında koordinasiyanı yaxşılaşdıran, həmçinin mərkəzsizləşdirilmiş maliyyələşdirmə, iştirakçı planlaşdırma alətləri, gücləndirilmiş institusional və icra potensialı vasitəsilə yerli və regional hökumətlərin imkanlarını artıran struktur islahatlar həyata keçirməyə çağırırıq. Milli hökumətlər, yerli və regional hakimiyyət orqanları, icmalar, peşəkarlar, inkişaf tərəfdaşları və vətəndaş cəmiyyəti inklüziv mənzil təminatını, şəhər miqyasında qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılmasını və yerli əsaslı şəhər transformasiyasını dəstəkləyən metropoliten və regional miqyaslı çoxsəviyyəli və çoxtərəfli idarəetmə mexanizmlərini gücləndirməlidirlər.

14. İcra, hesabatlılıq və öhdəliklərin yerinə yetirilməsinə sadiq olun!

Mənzil sahəsində öhdəliklər kifayət qədərdir, lakin zəif əlaqləndirmə, məhdud potensial və qeyri-səmərəli sistemlər səbəbindən onların icrası hələ də gözlənilən səviyyədən aşağıdır. Biz aydın fəaliyyət istiqamətləri, ölçüləbilən hədəflər, güclü monitorinq və hesabatlılıq mexanizmləri ilə müşayiət olunan milli mənzil strategiyalarının həyata keçirilməsinə çağırırıq. Bununla yanaşı, icra potensialını gücləndirən təhsil, təlim və peşəkar inkişaf sistemlərinə davamlı investisiyanın artırılması vacibdir.

Biz vətəndaş cəmiyyətini, yerli və milli hökumətləri tərəfdaşlıqlar qurmağa, güclü milli məskunlaşma forumları və birgə komitələr yaratmağa təşviq edirik ki, bu da potensialın artırılmasına, əlaqləndirmənin gücləndirilməsinə, uğurlu təcrübələrin sənədləşdirilməsinə və tərəqqinin monitorinqinə xidmət etsin. Qlobal səviyyədə isə BMT-nin Məskunlaşma Proqramını Yeni Şəhər Gündəliyinin icrasını izləmək və uğurlu mənzil təcrübələrinin genişləndirilməsi üçün əsas platforma kimi Ümumdünya Şəhərsalma Forumundan istifadə etməyə çağırırıq.

15. Bilik və məlumatlardan ictimai maraqlar naminə istifadə edin!

Mənzil sistemləri çox vaxt zəif torpaq qeydiyyatı, qeyri-kafi mənzil və bazar araşdırmaları, qeyri-dəqiq siyahıyaalma və detallaşdırılmamış demoqrafik məlumatlar, məhdud iqtisadi göstəricilər və köhnəlmiş informasiyalarla fəaliyyət göstərir ki, bu da sürətlə dəyişən ehtiyaclara, təbii fəlakətlərə və uzunmüddətli planlaşdırmaya adekvat cavab verməyi çətinləşdirir. Biz yerli və icma əsaslı məlumatları elmi və akademik biliklərlə birləşdirən sübuta əsaslanan yanaşmaya güclü sadiqliyə çağırırıq. Biz akademik institutları, tədqiqat tərəfdaşlarını və praktik mütəxəssisləri bilik və potensial boşluqlarını aradan qaldırmağa, eyni zamanda, süni intellektin imkanlarını inteqrasiya etməyə çağırırıq ki, daha güclü analitik və empirik çərçivələr formalaşdırılsın. Biz beynəlxalq təşkilatları, hökumətləri və akademik icmanı xüsusilə Qlobal Cənubda tədqiqatları sürətləndirmək üçün daha çox resurs cəlb etməyə təşviq edirik. Buraya iştirakçılığa əsaslanan planlaşdırma prosesləri üçün peşəkarların, dövlət rəsmilərinin, vətəndaş cəmiyyətinin və ictimai hərəkatların potensialının artırılmasına yönəlmiş məqsədyönlü proqramların hazırlanması da daxildir.

Sonda biz səmimi qonaqpərvərliyə görə Azərbaycan Hökumətinə və xalqına minnətdarlığımızı bildiririk. “Bakı Fəaliyyətə Çağırış” sənədi mənzil böhranını onun köklərində həll etməyə yönəlmiş iddialı bir çağırışdır. Biz birlikdə bu çağırışları heç kəsi kənarda qoymadan həll etməliyik.

Qeyd: “Bakı Fəaliyyətə Çağırış” məsləhətləşmələrə və müzakirələrə əsaslanaraq WUF13-lə bağlı maraqlı tərəflərin tələbatlarını nəzərə alan yekun sənəddir. Bu sənəd hökumətlərarası razılaşdırılmış nəticə deyil, üzv dövlətlərin, yaxud Birləşmiş Millətlər Təşkilatının Katibliyinin fikirlərini və ya rəsmi mövqelərini mütləq əks etdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar