AQEM son illərdə əhəmiyyətli inkişaf yolu keçib.
AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın son illərdə əhəmiyyətli institusional inkişaf əldə etdiyini, üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndiyini bildirib.
Lent.az xəbər verir ki, bunu Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında çıxışı zamanı deyib.
Baş katib qeyd edib ki, 2022-ci ildən bəri AQEM çərçivəsində dörd yeni məsləhətçi orqan və mexanizm yaradılaraq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, son dörd il ərzində təşkilatın etimad quruculuğunun beş istiqaməti üzrə 100-ə yaxın tədbir keçirilib.
Kayrat Sarıbay AQEM üzv dövlətlərinin ümumi razılığa gəlmək, danışıqlar yolu ilə nəticələr əldə etmək, siyasi bəyannamələr və tematik sənədlər qəbul etmək bacarığını nümayiş etdirdiklərini vurğulayıb.
O bildirib ki, Kambocanın İmtiyazlar və İmmunitetlər haqqında Konvensiyanı ratifikasiya etməsi sənədin qüvvəyə minməsinə və AQEM-in hüquqi statusunun möhkəmlənməsinə töhfə verəcək. Qazaxıstanın ev sahibi ölkə ilə bağlı sazişə edilmiş dəyişiklikləri ratifikasiya etməsi də təşkilatın institusional və hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Baş katib AQEM-in qərargahının yaradılmasına dəstək verən üzv dövlətlərə, eləcə də Azərbaycan sədrliyinə Qarabağ atı heykəlinin təqdimatına görə təşəkkür edib. O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə qərargah binasının yaradılmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Kayrat Sarıbayın sözlərinə görə, AQEM Katibliyi təşkilatın fəaliyyət göstərdiyi 20 il ərzində 18 üzv dövlətdən könüllü maliyyə töhfələri alıb, səkkiz ölkədən isə əməkdaşlar ezam olunub. Hazırda Katibliyin beynəlxalq heyətində doqquz ölkənin vətəndaşları təmsil olunur.
Altı illik fəaliyyət müddətinin başa çatdığını bildirən Kayrat Sarıbay AQEM-in gələcək Baş katibi, səfir Sultan Akıyevə uğurlar arzulayıb və üzv dövlətləri onun fəaliyyətinə tam dəstək göstərməyə çağırıb.
O, AQEM-ə xidmət etməyin özü üçün böyük şərəf olduğunu vurğulayaraq, gələcəkdə də təşkilata dəstək göstərməyə hazır olduğunu bildirib.