27 ildir əlini ağdan-qaraya vurmayan Minsk Qrupu: Bəlkə itmiş nüfuzunuzu düşünəsiz?
14 aprel 2021 18:40 (UTC +04:00)

27 ildir əlini ağdan-qaraya vurmayan Minsk Qrupu: Bəlkə itmiş nüfuzunuzu düşünəsiz?

ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatı o qədər absurd və gecikmişdi ki, əslində onu şərh etməmək də olardı.

Amma bunu vurğulamağa məcburuq; Minsk Qrupunun dünənki bəyanatı Ermənistanda revanşizmin baş qaldırmasına xidmət edir. Azərbaycan nəyə görə yenidən lazımsız və mənasız danışıqlar aparmalıdır? Danışıqlar aparası tərəfdə – Ermənistanda xaosdur, Paşinyan dövləti idarə etməkdə çətinlik çəkir, ölkə daxilində vəziyyət son dərəcə qeyri-stabildir.

Əslində, danışıqlar predmeti də yoxdur – münaqişə bitib, BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Həmsədrlər yenidən səfərlərə başlayıb nəyi həll etmək istəyirlər?

 

Hə, rusiyalı həmsədr bəyanata imza atıb, amma o, unudur ki, regionda tam yeni bir reallıq yaranıb və onun ölkəsinin sülhməramlıları Dağlıq Qarabağdadır.

 

Fransa başa düşməlidir ki, Azərbaycan cəmiyyətində bu ölkəyə heç bir etimad, inam yoxdur. Rəsmi Paris ilk növbədə öz itirilmiş nüfuzu haqqında düşünməlidir. Fransa Minsk Qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriləri kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının arzuolunmaz olduğunu qəbul etməlidir.

 

Ümumiyyətlə ATƏT Minsk Qrupu niyə bu 3 ölkənin monopoliyasında olmalıdı? Niyə regionda mühüm rola və çəkiyə malik Türkiyə orada olmalı deyil? Niyə yalnız xristian dövlətləri bu prosesdə iştirak etməlidir?

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinə vasitəçilik mandatını gəzdirdikləri 27 il ərzində bu qurum nə edib? Bunlar anlayırmi ki, fəaliyyətləri ancaq münaqişənin uzunmüddətli olmasına və dondurulmasına xidmət edib?

Axı danışıqlar bitib. Danışıqlar üçün predmet yoxdur. BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.  Bu gün millət vəkillərindən biri haqlı olaraq qeyd etdi ki, indiyə qədər Minsk Qrupu əlini ağdan-qaraya vurmayıb, 30 il boyunca bir faydalı iş görməyib. Ona görə indi də söz demək, istiqamət, məsləhət vermək haqqına sahib deyil.

ATƏT Minsk Qrupu artıq münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Münaqişə artıq həll olunub. Həmsədrlər sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin quruculuğu və s. bu kimi məsələlərlə məşğul ola bilər. İstəsələr, uğurlar arzulaya bilərik.

# 1521
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar