Dövlət rəhbərliyi Murtuz Ələsgərovun ölümü ilə bağlı nekroloq imzalayıb
07 avqust 2012 18:53 (UTC +04:00)

Dövlət rəhbərliyi Murtuz Ələsgərovun ölümü ilə bağlı nekroloq imzalayıb

Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, nekroloqda qeyd olunur ki, Azərbaycan ictimaiyyətinə ağır itki üz verib:
“Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü Murtuz Nəcəf oğlu Ələsgərov 2012-ci il avqustun 7-də ömrünün 84-cü ilində vəfat edib.

Murtuz Ələsgərov 1928-ci il sentyabr ayının 20-də Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olub.

Murtuz Ələsgərov Birinci, İkinci və Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.
Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri var. O, öz qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanıb. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil edib.

Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edib. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi alıb. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun yetirmələri bu gün ölkəmizin hüquq mühafizə orqanlarında uğurla çalışırlar.

Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Vasif Talıbov
Ziyafət Əsgərov
Bahar Muradova
Valeh Ələsgərov
Fərhad Abdullayev
Fatma Abdullazadə
Şahin Əliyev
Hacıbala Abutalıbov
Ramil Usubov
Fikrət Məmmədov
Misir Mərdanov
Ramiz Rzayev
Zakir Qaralov
Əli Əhmədov
Abel Məhərrəmov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar