Qənirə Paşayeva Somalidə həkimlik edəcək
07 avqust 2012 01:00 (UTC +04:00)

Qənirə Paşayeva Somalidə həkimlik edəcək

Millət vəkili Qənirə Paşayeva Somalidə iki həftə həkim kimi fəaliyyət göstərəcək. O, facebook statusunda bununla bağlı geniş yazı paylaşıb. Yazıda bildirib ki, Somaliyə getməyə özü qərar verib. ordakı insanlara kömək etmək istəyindədir. Lent.az millət vəkilinin həmin yazısını təqdim edir.

Sabah Somaliyə gedirəm...

Təxminən 2 həftə həkim kimi işləməyə...

Gücümün çatdığı qədər maddi və mənəvi dəstəklə yanaşı tibb təhsili almış bir uşaq həkimi kimi də aclıqdan və xəstəliklərdən əziyyət çəkən körpələrin yanında olmağa...

İkimizik... Mən və artıq 10 ildir ki, mənimlə yaşayan mənəvi qızım Firuzə...

Əslində mən hər zaman orda aclıqdan əziyyət çəkən insanlara müxtəlif təşkilatlar vasitəsilə gücümün və idrakımın çatdığı qədər yardım etməyə, kömək olmağa çalışmışam. Amma yenə də qəlbimdə bir fikir məni içimdən didirdi, parçalayırdı ki, bu da azdı. Sənin hələ görüləcək işlərin, missiyan var. Bu içimdə olan məsuliyyətin daha da sürətlənməsinə səbəb orda, Somalidə əzab çəkən körpələrin, cocuqların şəkillərini, videolarını hər dəfə təkrar-təkrar izləməyim olurdu. Bu rəsimlər kədərli və kimsəsiz bir rəssamın yaratdığı solğun tablolara bənzəyirdi. Bu tabloları seyr etdikcə insan kimi məhv olduğumun, uçurumun kənarında bircə daşdan asılı qaldığımın fərqində belə olmurdum. Sonra saatlarla o uşaqların dünyasının necə olduğunu, onların oyuncaqlarının olub-olmadığını düşünürdüm. Aman Allah yemək belə tapa bilməyən uşaqların oyuncaqları ola bilərmi? Onların heç uşaqlığı belə yoxdur. Onların rəngli dünyası belə yoxdur... Bu fikirlərdən sonra bir müddət özümə gələ bilmirdim....

***

Fikirlərin məni öz ağuşuna alıb çox uzaq bir dünyaya apardığı günlərin birində qərar qəbul etdim ki, yaxın ayların birində uyğun bir zaman tapıb Somaliyə gedəcəm. Bu gediş sadə bir insan marağı ilə dolu bir gediş olmayacaq. Bu gedişlə kiməsə bir həyan və dost olacam. Kimlərəsə əlimdən gələn maddi və mənəvi yardım etməyə çalışacam. Həm də mən sadəcə bu işlərlə kifayətlənmək istəmirəm və yeni-yeni yardım yollarının da olmasını tapmağa, araşdırmağa çalışıram. Öyrənmişdim ki, Somalidə ən böyük ehtiyaclardan biri də həkimə olan ehtiyacdır. Tibb Universitetini bitirdiyim üçün onlara bu sahədə bir az da olsa kömək edə biləcəyimi düşünürdüm... Amma doğrusu nə zaman və necə edəcəyim barədə konkret bir tarix düşünməmişdim..... və qərar verməmişdim... amma ürəyimin çırpıntılarının artımından hiss edirdim ki, qərar özü mənim yerimə öz sözünü deyir artıq. Qərar mənim qərarsızlığıma öz ağır əli ilə sığal çəkib dur hazırlaş və yola düzəl deyir....

***
Bu qərarımı 10 yaşlı bir uşaq Abdulahi Dahir daha da surətləndirdi...

Somaliyə getməklə bağlı kəskin qərarım bir fotodan başladı..
10 yaşlı Abdulahi Dahir fotodan məni baxışları ilə Somaliyə çağırırdı..

Somaliyə yolculuğum mənə mistik bir an yaşadan bir fotodan başaldı. O mistik aura sanki məhz mən onu görüb duya bilim deyə var olmuşdu. Səfərimin qəti qərarlaşmasına bir fotodan mənə baxan 10 yaşlı bir uşağın, Abdulahi Dahirin baxışları kəskin təkanı verdi... 10 yaşlı Abdulahi Dahir fotodan məni baxışları ilə Somaliyə çağırırdı.. Bu çağırış dolu baxışların qarşısında dayanmaq sadəcə mümkün deyildi... Bu baxışlar uzun bir məsafəni qət edib mənim qəlbimə bir sancı kimi daxil oldu. Bu bəlkə də İlahidən gələn bir mesaj idi və mən qərar qəbul etdim ki, artıq gecikə bilmərəm getməliyəm...

***
Sizə qəribə, mistik gəlsə də, amma mənim bu günkü Somali yolçuluğum gerçəkdən də bir fotodan başladı...

Axır vaxtlar çox yorğun olduğumu hiss edirdim... Ailəm və dostlarım bu yorğunluğu gərgin iş qrafikindən yaranan fiziki yorğunluq kimi qələmə verirdilər və mənə məsləhət görürdülər ki, bu tətil dönəmini yaxşı dəyərləndirim. “Neçə ildir tətilə getmirsən, istirahət etmirsən, hamısı onun nəticəsidir”- deyirdilər. Ən azı 10-15 gün Avropaya, Türkiyəyə və ya başqa bir bölgənin gözəl bir istirahət düşərgəsində bir yaxşı dincəlim deyə bəzən israr belə edirlər. Bu söhbətlər “Görərsən 10-15 gün gözəl bir tətil, istirahət sənə yaxşı gələcək və bütün yorğunluğunu atacaqsan” sözlərini sakitcə dinləməklə bitirdi...

Amma mən “Mən”i hamıdan yaxşı bildiyim və tanıdığım üçün bu məsləhətlərin mənasız və faydasız olduğunu dərk edirdim. Sanki onlar əsən küləyə Dur! və Əsmə! deməyə çalışırdılar. Əzizlərimə və yaxınlarıma izah edə bilmirdim ki, mənim yorğunluğum fiziki yorğunluq deyil....Bu yorğunluq mənəvi yorgunluqdu.....iç dünyamın yorğunluğudur....

Qəlbimin ən gizli və qapalı güşələrindən gələn bu yorğunluğu nə gözəl istirahət bölgələrində keçirə biləcəyim 10-15 günlük tətil, istirahət, nə əylənmək, dincəlmək, nə də xüsusilə son aylarda əziyyətini çəkdiyim yuxusuzluqdan qurtarmaq üçün bolca yatmaq bitirə və ya azalda bilərdi. Bu çox dərin bir yorğunluqdu və bu yorğunluğu azaltmanın başqa bir yolunu tapmalıydım.

Elə həmin günlərin birində qəribə bir hadisə oldu...

Gecə saatləri idi...

Düşünürdüm.. Kompüterin qarşısında fikrə dalmışdım...

Sonra “Facebook” səhifəmi açıb dostlarımdan gələn mesajlara baxmaq istədim.. Elə o an mənə kompüterdən bir uşaq öz məsum baxışları ilə boylandı... Dostlardan birinin paylaşdığı bu fotodan düz gözlərimin içinə məsum baxışlı o uşaq boylanırdı və sanki nəsə deyirdi.....Bir an özüm belə diksindim... Bu nə qəribə baxış idi İlahi... Şəkildən gözümü çəkə bilmirdim. Gözlərimi o gözlərdən çəkə bilmirdim...Bir an elə bildim ki, o artıq mənimlə danışır...onun pıçıltısını, dodaqlarının tərpənişini belə duyurdum: “ Gəl deyirdi, gəl.. Mən səni gözləyirəm. Gəl sənin aradığın burdadır, gəl gözləyirəm deyirdi”.

Dostlardan birinin paylaşdığı bu fotoya nə qədər baxdığımı bilmirəm. Beləcə bəlkə də saatlarla biri-birimizə baxdıq... Bir də o zaman ayıldım ki, yaman üşüyürəm, sanki hər tərəf narın bir payız yağışına bürünüb...çox üşüyürdüm... Elə o an ağlamağa başladım, amma bu göz yaşlarının səbəbini belə özüm üçün aydınlaşdıra bilmirdim... Bəlkə dəqiqələrcə ağladım... Fotodan ayrıla bilmirdim. Sonra bir anın içində kompüteri bağlayıb yuxuya getməyə çalışdim...

Məni nə zaman yuxunun tutduğunu bilmirəm. Amma yuxu belə məni o baxışlara doğru çəkib apardı. O məsum baxışlı uşaq bu dəfə də yuxuma gəlmişdi və yenə də çağırış dolu səslə pıçıldayırdı: “Gəl deyidi mən səni gözləyirəm. Gəl aradığın burdadır. Sənə əziyyət verən yorğunluqdan xilas olmaq istəyirsənsə gəl.... səni gözləyirəm....” deyirdi. Yuxudan ürəyimdə bir sancı ilə ayıldım. Bu yuxu və şəkil nəyəsə bir işarə idi . Təkrar fotonu açdım. Yanılmamışdım şəkil Somalidə çəkilmişdi. Məni çağıran bu balaca 10 yaşlı uşağın adı Abdulahi Dahir idi və o an qəti qərar verdim ki, Somaliyə gedəcəm və tətilimi orada keçirəcəm. Abdulahini arayacam, ancaq tapa biləcəmmi bilmirəm.... amma onu dəqiq bilirəm ki, aradığım iç huzuru bir az da olsa orada tapa biləcəm. Buna içimdə qəribə bir inam var. Orada məni nə gözləyir bilmirəm, o məsum baxışlının çağırdığı yerə, Somaliyə gedirəm. Tibb təhsilim olduğu üçün həkim, tibb bacısı kimi, bir öyrətmən kimi, adi bir insan kimi onlarla birlikdə olub yardım etməyə çalışacam. Məni çağıran qəhrəmanımı tapmağa və məni niyə çağırdığının mənasını anlamağa calışacam. Məhz onun yaşadığım mənəvi, iç yorğunluqdan məni bir az da olsa xilas edəcəyinə inanıram... Bəlkə mən də onu nədənsə xilas edə bildim, bilmirəm... Amma bu böyük Allahımın bir işarətidir. Kim kimin xilaskarı olacaq bilmirəm bəlkə elə ikimiz də bir-birimizin... Amma onu bilirəm ki, mən balaca Abdulahiyə lazımam, o da mənə... Bu yolculuqda bəlkə elə ikimiz də bir-birimizin xilaskarı olduq...

***
Somaliyə getmək düşüncəsini çox az dostlarımla paylaşmışdım. Sağ olsunlar, hamısı məni anladılar və “getmək lazımdırsa, get” dedilər... Bir neçə saatdan sonra Abdulahinin məni çağırdığı yerə Somaliyə uçuram...

Əziz dostlarım! Həyatdır hər şey ola bilər. Bir də görüşməsək haqqınızı halal edin...

P.S İçimdə elə qəribə bir sakitlik və səssizlik var ki...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392

Oxşar yazılar