Diaspora Bodrumda toplaşdı
06 avqust 2012 00:55 (UTC +04:00)

Diaspora Bodrumda toplaşdı

Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) APA-ya verilən məluamat görə, forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmilər iştirak ediblər.

Forumda əsasən Rusiya Federasiyası, Ukrayna, Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri təmsil olunurlar.

Toplantıda 26 ölkədən 172 diaspor təşkilatlarının nümayəndəsi iştirak edir ki, onlardan da 157 nəfəri xaricdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.

Tədbiri giriş sözü ilə açan DİDK-in sədri Nazim İbrahimov forumun əsas məqsədinin xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək olduğunu bildirib: “Biz daha çox problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə mane olan amillərə diqqət ayırmağa çalışacağıq”.

Komitə sədri qeyd edib ki, Forum çərçivəsində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil edib, qarşıdakı vəzifələr haqqında fikirlərini səsləndirib: “Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, xalqını təmsil edir. Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz xalqını təmsil edən insanlardır. Sizlər öz vaxtınızın müəyyən hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi, öz peşəsi, fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır”.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, hər bir diaspor nümayəndəsi yaşadığı ölkənin dəyərli vətəndaşı olmalı, eyni zamanda azərbaycanlı olduğunu da unutmamalıdır: “Azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin”.

“Azərbaycan müstəqil dövlətdir, onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları var və bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər” deyən Ə. Həsənov diaspor nümayəndələrini məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmağa, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmağa çağırıb: “ Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaq”.

Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov prezident İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. O qeyd edib ki, prezident dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.

“Azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Ötən müddətdə bu sahədə müəyyən işlər görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə bu o demək deyil ki, bizim bütün problemlərimiz həll olunub. Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilib” deyən Ə. Həsənov iştirakçıları aktiv müzakirələrə çağırıb.

Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk isə çıxışında Azərbaycan diasporunun Rusiyada fəal olduğunu bildirib.

Fasilədən sonra “Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların birlik modeli kimi” mövzusunda keçirilən I Panel iclası öz işinə başlayıb. Panel iclasını açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, Rusiya Federasiyası azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir və ən böyük Azərbaycan diasporu məhz bu ölkənin ərazisində fəaliyyət göstərir: “ 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarından biri Ümumrusiya Azərbaycan Konqresi yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin təşkilatlanması, hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, eyni zamanda iki ölkə arasında münasibətlərin inkişafına öz töhfələrini verib. Rusiyadakı Azərbaycan diasporu fəaliyyət göstərdiyi şərtlər, ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi digər ölkələrlə müqayisədə kifayət qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu birlik modeli kimi özünü doğruldub”.

Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov təşkilatın 11 illik fəaliyyətindəın danışıb.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Mərkəzi Şurasının üzvü Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın forum iştirakçılarına salamlarını çatdırıb. E.Hacıyev RAGT-nin ötən dövrdəki fəaliyyəti ilə bağlı məlumat verib, təşkilatın keçirdiyi tədbirlərdən danışıb.

ÜAK-ın baş katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin diaspor quruculuğu işində daha fəal iştirak etdiyini bildirib.

ÜAK-ın Mərkəzi Şurasının üzvü professor Tofiq Məlikov, Sankt-Peterburqun “Azərbaycan icması” Cəmiyyətinin sədri Heydər İmanov, ÜAK-ın Yakutiya regional bölməsinin sədri Rafiq Qafarov, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov da müzakirələrdə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar