Azərbaycan və Argentina xarici işlər nazirləri saziş imzalayıblar
27 iyul 2012 16:39 (UTC +04:00)

Azərbaycan və Argentina xarici işlər nazirləri saziş imzalayıblar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı vurğulanıb ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, son dövrlər həyata keçirilmiş qarşılıqlı səfərlər, tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, habelə biznes forumların keçirilməsi Azərbaycanla Argentina arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açıb.

Nazirlər həmçinin, regional və beynəlxalq aləmdə gündəlikdə duran məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparıb və iqtisadi-ticarət, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, İKT, infrastruktur, tikinti sektorlarında birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, xüsusilə də sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, texniki əməkdaşlıq, təhsil, mədəniyyət, turizm, rabitə və informasiya texnologiyaları, ədliyyə sahələrində əməkdaşlıq haqqında müzakirə mərhələsində olan sənəd layihələrinin tezliklə imzalanmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda Azərbaycan və Argentina xarici işlər nazirləri “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar. İmzalanma mərasiminin ardınca Nazirlər birgə mətbuat konfransı keçirmişdir. Hər iki Nazir bu səfərin və apardıqları müzakirələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulamış və imzalanmış sazişə əsasən yaradılacaq hökumətlərarası iqtisadi komissiyanın ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı və konkret layihələrin razılaşdırılması üçün əhəmiyyətli çərçivə olacağını bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar