“Yeni Azərbaycan”dan Rüstəm İbrahimbəyova sərt ittihamlar
27 iyul 2012 11:48 (UTC +04:00)

“Yeni Azərbaycan”dan Rüstəm İbrahimbəyova sərt ittihamlar

“Yeni Azərbaycan” qəzetinin bugünkü sayında kinodramaturq Rüstəm İbrahimbəyov haqqında geniş material dərc olunub. Həmin materialı təqdim edirik.

Siz kimsiniz, Rüstəm İbrahimbəyov?..

Yaxud bir qədər də biznesmen və işbaz İbrahimbəyov haqqında


Gündəlik və ictimai-siyasi leksikonda istifadə edilən mühüm, işlək sözlərdən biri də ziyalı və ziyalılıqdır. Bu sözün ictimai yükü və ictimai məsuliyyəti o qədər ağırdır ki, bəzi hallarda onu daşımaq çətin olur. Yalnız həqiqi ziyalılar sonadək ziyalılıq missiyasına sadiq qala bilirlər. Təəssüflər olsun ki, bir çox hallarda, ziyalı və ziyalılıq statuslarından konkret siyasi maraqların təmin olunması üçün ideoloji vasitə qismində istifadə edilir. Bu sırada bəzi reneqatlar ayrıca fərqlənir. Xüsusilə də cəmiyyətdə təşəkkül tapmış norma və dəyərlərə uyğun olmayan fəaliyyət mexanizminə malik olan şəxslər bu və ya digər vasitələrdən özlərinin korporativ maraqlarını təmin etmək üçün yararlanırlar.

Kino sahəsinin “meyiti” siyasi “meyitlərə” sığındı

Belə “ziyalılar”dan biri də reneqat Eldar Namazovun dəstəsinin üzvü Rüstəm İbrahimbəyovdur. 70 il “qınına çəkilərək” bütün ictimai proseslərdən kənarda qalaraq, sadəcə öz biznesini idarə edən R.İbrahimbəyovun adı 2008-ci ildən sonra ölkə ictimaiyyəti tərəfindən daha çox duyulmağa başlandı. O dövrə qədər əksəriyyətin gözündə hansısa filmin ssenarisini yazan, Moskvadakı bəzi dostlarının dəstəyilə Rusiyada müəyyən filmlərin çəkilişinə cəlb olunan Rüstəm İbrahimbəyovun 2008-ci ildə rus mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxmasından sonra “şöhrəti” artdı. Onun zərərli və uydurma fikirlərinə ictimai etirazın böyüməsi isə R.İbrahimbəyovu özünü müdafiə instinkti ilə siyasi meydana atdı. Təbiidir ki, R.İbrahimbəyov xarakterdəcə ona uyğun olan insanlarla bir araya gəlməli və məhz belələri ilə dostluq etməli idi. Beləliklə, kino sahəsinin “meyiti” öz qüvvəsini siyasi rinqin məğlubu - reneqat Eldar Namazov kimilərinin arxasına sığınmaqla sınamalı oldu. Yəqin ki, bir xalq üçün R.İbrahimbəyov kimi mövqe və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən bir insanın özünü onun ziyalısı kimi təqdim etməsindən böyük təhqir ola bilməz. Zaman keçdikcə R.İbrahimbəyovun haqqında yeni arzuolunmaz faktların meydana çıxması onun nə dərəcədə cılız və tamahının əsiri olan, başqalarının əməyindən özünə dividend qazanmağa çalışan eqoist bir şəxs olduğunu ortaya qoydu.

İbrahimbəyovun bəyaz yalanı - “Səhranın bəyaz günəşi” filmi

Bu gün cəmiyyətin və mətbuatın Rüstəm İbrahimbəyovla bağlı haqlı tənqidlərinə onun ətrafındakı bəzi adamların ən “tutarlı” arqumentləri kinorejissorun dünyaşöhrətli filmləri və beynəlxalq “şöhrəti” ilə əlaqədar olur. Amma görəsən bu dünyaşöhrətli filmlərin Rüstəm İbrahimbəyovla əlaqəsi nədir? Ya da “Günəşdən usanmışlar” filminin “Oskar” mükafatına layiq görülməsində Rüstəm İbrahimbəyovun rolu nə qədər olub? Apardığımız qısa araşdırmalar və əldə etdiyimiz faktlar bu suallara ətraflı cavab verir.

R.İbrahimbəyovun “mənim filmim” dediyi “Səhranın bəyaz günəşi” filmi 1970-ci ildə rejissor Vladimir Motıl tərəfindən çəkilib. Filmin ssenari müəllifləri Valentin Yejov və ... Rüstəm İbrahimbəyovdur. Andrey Mixalkov-Konçalovskinin və Fridrix Qorenşteynin rejissoru olduğu filmin “Basmaçı” adlı ssenarisinin ilkin işçi versiyasının hazırlanmasında Valentin Yejovla yanaşı, köməkçi qismində Rüstəm İbrahimbəyov da iştirak edib. Lakin uzun danışıqlardan sonra film Vladimir Motıla verilib. O isə ssenarini yenidən işləyib-hazırlayıb. V.Motıl Mark Zaxarovu da işə cəlb edərək birlikdə baş qəhrəman Suxovun xanımına yazdığı və filmin əsas dramatoloji xəttinə çevrilən məşhur məktubun mətnini yazıblar. Buradan da sözügedən filmin ssenarisinin yazılmasında R.İbrahimbəyovun rolunun nə qədər “böyük” olduğu məlum olur.

“Oskar” Rüstəm İbrahimbəyova verilibsə, onda niyə Mixalkovun evindədir?

Bəzi mətbuat orqanlarında və kinorejissorun yaxın ətrafının fikirlərində əksini tapan iddialardan biri də R.İbrahimbəyovun “Oskar” və digər bir çox mükafatın laureatı olması ilə əlaqədardır. Lakin məsələni araşdıranda tamamilə başqa nəticə ortaya çıxır. Bəli, sirr deyil ki, 1994-cü ildə Amerika Kinoakademiyasının “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ı “Günəşdən usanmışlar” filminə verilib. Amma o da bəllidir ki, hər hansı bir filmə “Oskar” mükafatı verilirsə, bu, o filmin yaradıcı heyətinə verilmiş bir mükafat kimi qiymətləndirilir. Heç də təsadüfi deyil ki, bu mükafatları filmin rejissorlarına təqdim edirlər. Ona görə də, sözügedən “Oskar” mükafatını R.İbrahimbəyova deyil, filmin rejissoru Nikita Mixalkova veriblər. ABŞ Kinoakademiyasının qaydalarına əsasən mükafat rejissora məxsusdur və qızıl heykəlcik də rejissorun evində saxlanılır. 1994-cü ildə 47-ci Kann festivalında “Günəşdən usanmışlar” filminin təltif olunduğu “münsiflərin böyük mükafatı” da rejissor Nikita Mixalkova verilib və festivalın qaydalarına görə, mükafat filmin ssenaristlərindən hesab edilə biləcək R.İbrahimbəyova deyil, rejissora məxsusdur.

1991-ci ildə rejissor Nikita Mixalkov tərəfindən “Urqa - məhəbbət dairəsi” filminə İbrahimbəyovun iddiaları da əsassızdır. Çünki Rüstəm İbrahimbəyov bu filmin sadəcə olaraq ikinci ssenaristi olub. Film həmin ildə Venesiya kinofestivalında “Qızıl şir” mükafatına layiq görülüb. Festivalın qaydalarına görə, mükafat yenə də haqlı olaraq rejissor Nikita Mixalkova verilib və R.İbrahimbəyovun deyil, onun evində saxlanılır.

N.Mixalkov bununla bağlı həqiqətləri ictimaiyyətə açıqladıqdan sonra isə R.İbrahimbəyovun emosional və aqressiv ittihamlarına tuş gəldi. Nəticədə isə bundan Rüstəm İbrahimbəyovun özü zərərli çıxdı. Aldığımız məlumatlara görə, o vaxtdan bəri R.İbrahimbəyovun Moskvaya yolu bağlanıb.

Rüstəm İbrahimbəyovun maxinasiyaları haqqında yeni faktlar

Məlum olduğu kimi, iyunun 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü Rüstəm İbrahimbəyovun ittifaqa yarıtmaz rəhbərliyinə və qurumun heç bir perspektivi olmayan fəaliyyətinə etiraz edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını yaradıblar. Tanınmış kino xadimlərinin yer aldığı bu qrupun üzvləri qeyd ediblər ki, hazırda mövcud olan Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Ortaya çıxan yeni faktlar isə bu insanların nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Deməli, bu günə qədər Azərbaycan kinosunun inkişafına xidmət etməli olan Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına yönləndirilibmiş.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində, R.İbrahimbəyov tərəfindən çoxdan satılıb. İttifaqın “Çayka” qonaq maşını indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunur, sənədlərdə isə guya Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilir. Bundan başqa, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait Kinematoqrafçılar İttifaqının xəzinəsindən yoxa çıxıb. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsait müəmmalı şəkildə qeyb olub. Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq ittifaqı tərk edib. 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və ittifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən almalı olduğu pullar R.İbrahimbəyov tərəfindən mənimsənilib.

Sanatoriyanı sel aparmayıb, R.İbrahimbəyov “aparıb”

Başqa bir məlumat da heyrət doğurmaya bilməz. Bir müddət öncə bəzi mətbuat orqanlarında Kinematoqrafçılar İttifaqının sanatoriyasının Şəkidə yerləşən ərazisinin bir hissəsinin Kiş çayındakı sel daşqınları nəticəsində dağılması haqqında məlumatlar yer almışdı. Amma bu gün aydın olur ki, həmin məlumatlar R.İbrahimbəyova yaxın dairələr tərəfindən qəsdən, yalan olaraq mətbuata çıxarılıb. Əslində isə “sel apardı” deyilən ərazi R.İbrahimbəyov tərəfindən satılıb. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Mingəçevirdə yerləşən ərazisinin bir hissəsi də R.İbrahimbəyov tərəfindən satılıb. Adını isə belə qoyublar ki, guya həmin ərazi Qarabağdan olan məcburi köçkünlərə verilib. Lakin bu da hələ son deyil. Q.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina da R.İbrahimbəyov və podratçı təşkilat tərəfindən satılıb. Hazırda bu binada kinematoqrafçılar yaşamırlar. Mənzillər məqsədli şəkildə kinematoqrafçılara baha qiymətə təklif olunub və şişirdilmiş qiymətlər təşkilat üzvlərini qane etməyib. R.İbrahimbəyovun özü isə bu binada altı mənzilə sahibdir, onlardan dördü kirayəyə verilib. Binanın birinci mərtəbəsində “İbrus” teatrı yerləşir. Kinoteatr dövlətin balansında olsa da, onun bütün ərazisi R.İbrahimbəyov tərəfindən kirayəyə verilib. “Şərq-Qərb” festivalı üçün İçərişəhərdə qonaq evi kimi tikilən ev isə sonradan R.İbrahimbəyov tərəfindən özəlləşdirilib və o, hazırda həmin evdə yaşayır.

“Şərq-Qərb” festivalı üçün ayrılan pullar hara yoxa çıxıb?

Qeyd edək ki, “Şərq-Qərb” festivalı üçün yaradılan xüsusi firmaya R.İbrahimbəyov rəhbərlik edib. Ancaq “məşhur” kinorejissor bu vəzifədən festivalın yüksək səviyyədə təşkil olunması üçün deyil, şəxsi maliyyə imkanlarını artırmaq üçün istifadə edib. Dövlətin festival üçün ayırdığı pulları nəzarətində olan bir firmaya yönəldilib, daha sonra vəsaitin böyük hissəsi oradan oğurlanıb. Bütün bu maliyyə fırıldaqları isə bir deyil, bir neçə firmaya sahib olan Lalə Əfəndiyeva və Şükür adlı mühasib tərəfindən yerinə yetirilib. Onların arasında “İbrus” teatrı, “İbrus” kinoşirkəti, həmçinin, İttifaqın əməkdaşı Zemfira Babayevanın rəhbərlik etdiyi “Ayan” firmaları da var. Bütün bu firmalara İttifaqın cari hesabından pul köçürülüb, daha sonra həmin pullar məlum olmayan səbəblərdən sadəcə “yoxa çıxıb”.

Onu da əlavə edək ki, Kino Evi nəzdində Kinematoqrafçılar İttifaqı üçün 1994-cü ildə xüsusi ərazi ayrılıb. Bunu uzun müddət ictimaiyyətdən gizlədən R.İbrahimbəyov həmin ərazidə ailə üzvlərinə gizli şəkildə kotteclər tikdirib. 2009-cu ildə bu ərazi ondan geri alınmağa başlananda R.İbrahimbəyov bu barədə katiblikdə məlumat verməli olub və bu da əksər katibləri xeyli təəccübləndirib. Beləcə də bu ərazinin mövcudluğunu ciddi-cəhdlə gizlətməyə çalışan R.İbrahimbəyovun yalanı ifşa edilib.

Bundan başqa daha bir maraqlı fakt odur ki, 2002-ci ildə Moskva meriyası Ümumrusiya Azərbaycanlıları Konqresinə binanın və Azərbaycan Evinin tikintisi üçün Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayrılması haqqında sərəncam verib. Lakin Rüstəm İbrahimbəyov rəsmi şəkildə məktub yazaraq həmin ərazini satıb. Əldə edilən pullar isə yenə də Rüstəm İbrahimbəyov tərəfindən mənimsənilir.

R.İbrahimbəyovun “İbrus” fırıldaqları

Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqının “cibindən” oğurladığı pullarla biznes qurduğu heç kəsə sirr deyil. Amma bu biznesin ildən-ilə necə böyüdüyü indi aydın olur. Sən demə fırıldaqçı kinorejissor təkcə bu sahədə deyil, biznesdə də “oğurluqla” məşğul imiş. Belə ki, R.İbrahimbəyova məxsus olan “İbrus” şərab firmasında çoxlu sayda maliyyə oğurluqları və vergidən yayınma halları baş verib. R.İbrahimbəyovun üzüm plantasiyalarının yerləşdiyi Şamaxı rayonundakı torpaq sahələri isə qanunsuz olaraq özəlləşdirilib.

Rüstəm İbrahimbəyovun bitməyən erməni sevgisi

2008-ci ildə azərbaycanlı kinorejissorun rus mətbuatına verdiyi erməni həsrətli müsahibə əvvəllər azərbaycanlılarda təəccüb doğursa da, zaman keçdikcə bu təəccüb öz yerini qınağa və haqlı nifrətə verdi. Çünki onun müsahibədəki fikirlərini şərtləndirən yeni faktların aşkarlanması ortada “əbədi bir erməni sevgisi”nin olduğunu göstərdi. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına R.İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir.

Yeri gəlmişkən, qeyd edək ki, Roman Qurgenoviç Balayan (1941-ci il 15 aprel Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayəti, Mardakert rayonu, Nerkin Orataq kəndində anadan olub) - Sovet Ukrayna kinorejissoru, ssenarist və prodüser, SSRİ Dövlət mükafatı laureatı (1987), Ukraynanın Xalq artistidir. O, Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşlarından biridir. Məlumata görə, R.Balayan Daşnaksütyun partiyasının fəallarındandır. Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni deyil. Bu siyahı kifayət qədər genişdir.

Şəhidlər Xiyabanı restoran tikmək yeri deyil, cənab İbrahimbəyov!

Rüstəm İbrahimbəyovun ürəyindəki erməni sevgisi onun fəaliyyətində də aydın təzahür olunur. Hər halda Azərbaycan xalqının qürur yeri, dövlətimizin azadlığı uğrunda şəhid olan yüzlərlə vətən övladının dəfn olunduğu bir məkanda R.İbrahimbəyovun əyyaş dostlarının istirahət edəcəyi restoran tikmək ideyasını başqa heç nə ilə izah etmək olmaz. Xatırlatmaq yerinə düşər ki, R.İbrahimbəoyv bir neçə il öncə Bakının mərkəzində “Kino evi” açmaq niyyətində idi. Sonradan bəlli oldu ki, Şəhidlər Xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək orada özünün biznes marağına xidmət göstərəcək restoranlar kompleksi tikmək niyyətində olan İbrahimbəyov, sən demə, kino adından sadəcə istifadə edirmiş. Hətta Rusiyada bəzi dairələrlə də bu istiqamətdə danışıqlar aparan, özünə “sponsorlar” tapan, həmin ərazidə biznes və restoran şəbəkəsi yaratmağa çalışan İbrahimbəyovun növbəti dəfə Azərbaycanın milli-mənəvi dəyərlərini heçə saydığını nümayiş etdirib. Onun üçün ən əsas məsələ biznes marağının təmin edilməsidir. Şəhidlər Xiyabanı, milli dəyər belələrini əsla maraqlandırmır... R.İbrahimbəyovun bu gün “siyasətə atılması”na səbəb də milli dəyərlərimizə qarşı yönəlmiş tamahkar biznes planlarının həyata keçirilməsinə izin verilməməsi olub.

Beləliklə, göstərilən bu faktlar bir daha Rüstəm İbrahimbəyovun ziyalı deyil, saxtakar, eqoist, yalançı, milli dəyərləri heçə sayan, düşmənlə əlbir olan bir şəxs olduğunu ortaya qoyur. Belələrinin isə xalqımızın adından danışmağa haqqı çatmır və onun kinomuzun inkişafına verəcəyi heç nə qalmayıb.

Həqiqi sifətinin ictimaiyyətə və xalqa tanıdılması Rüstəm İbrahimbəyovda o qədər ağır depressiya yaradıb ki, Nikita Mixalkovun Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya təbrik məktubu göndərdiyini biləndə hirsindən sürücüsünü təhqir edərək döyüb. Ancaq bunlar əbəsdir, cənab R.İbrahimbəyov! Öz xalqının dəyərlərinə hörmət qoymayanlara heç kəs hörmət etmir. Öz millətini sevməyənləri də heç kəs sevmir. Elə böyük kinorejissor Nikita Mixalkov da! Çünki o bilir ki, öz xalqına xəyanət edən, xalqının düşməni ilə dost olan, dostluqda da gec-tez xəyanət yolunu tutacaq. Necə ki, tutdu! Fikrimizcə, Rüstəm İbrahimbəyov üçün ən yaxşısı odur ki, Prezident Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, bir yolunu tapıb çəkilsin təbiətə, bir az istirahət etsin... Və düşünsün!

Rüstəm İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindəki fəaliyyəti haqqında bəzi faktlar

1. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına R.İbrahimbəyov aralarında daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Azərbaycan SSR-in Blanklar Nazirliyinin (Ministerstvo Zaqotovok) keçmiş əməkdaşı Rudik Avanesovun da olduğu erməniləri tədbirə dəvət edib.

2. Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində R.İbrahimbəyov tərəfindən satılıb. İttifaqın “Çayka” qonaq maşını indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunur, sənədlərdə isə guya Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilir.

3. Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait Kinematoqrafçılar İttifaqının xəzinəsindən yoxa çıxıb. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsait müəmmalı şəkildə qeyb olub. Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq İttifaqı tərk edib.

4. 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və İttifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən aldığı pullar R.İbrahimbəyov tərəfindən oğurlanıb.

5. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Şəkidə yerləşən ərazisinin bir hissəsi R.İbrahimbəyov tərəfindən satılıb, katiblikdə isə bu barədə deyilib ki, həmin ərazi Kiş çayındakı sel daşqınları nəticəsində dağılıb.

6. Kinematoqrafçılar İttifaqının sanatoriyasının Mingəçevirdə yerləşən ərazisinin bir hissəsi də R.İbrahimbəyov tərəfindən satılıb, katiblikdə isə deyilib ki, ərazi Qarabağdan olan məcburi köçkünlərə verilib.

7. Q.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina R.İbrahimbəyov və podratçı tərəfindən satılıb. Hazırda bu binada kinematoqrafçılar yaşamır. Mənzil məqsədli şəkildə kinematoqrafçılara baha qiymətə təkli olunub, bu isə onları qane etməyib. R.İbrahimbəyovun özü isə bu binada altı mənzilə sahibdir, onlardan dördü kirayəyə verilib. Binanın birinci mərtəbəsində “İbrus” teatrı yerləşir. Kinoteatr dövlətin balansında olsa da, onun bütün ərazisi R.İbrahimbəyov tərəfindən kirayəyə verilib.

8. “Şərq-Qərb” festival üçün İçərişəhərdə qonaq evi kimi tikilən ev sonradan R.İbrahimbəyov tərəfindən özəlləşdirilib və o, hazırda həmin evdə yaşayır.

9. “Şərq-Qərb” festival üçün yaradılan xüsusi firmaya R.İbrahimbəyov rəhbər olub. Dövlətin festivala ayırdığı pullar firmaya yönəldilib, daha sonra vəsaitin böyük hissəsi oğurlanıb. Bütün bu maliyyə əməliyyatlarını bu firma ilə yanaşı, başqa bir neçə firmaya sahib olan Lalə Əfəndiyeva və mühasib Şükür yerinə yetirib. Onların arasında “İbrus” teatrı, “İbrus” Kinoşirkəti, həmçinin, ittifaqın əməkdaşı Zemfira Babayevanın rəhbərlik etdiyi “Ayan” firmaları var. Bütün bu firmalara ittifaqın cari hesabından pul köçürülüb, daha sonra həmin pullar oğurlanıb.

10. R.İbrahimbəyova məxsus olan “İbrus” şərab firmasında çoxlu sayda maliyyə oğurluqları və vergidən yayınma halları baş verir.

11. R.İbrahimbəyovun üzüm plantasiyalarının yerləşdiyi Şamaxı rayonundakı torpaq sahələri qanunsuz olaraq özəlləşdirilib.

12. Kino Evi nəzdində Kinematoqrafçılar İttifaqı üçün 1994-cü ildə ərazi ayrılıb. Bunu uzun müddət ictimaiyyətdən gizlədən R.İbrahimbəyov həmin ərazidə ailə üzvlərinə gizli şəkildə koteclər tikdirib. 2009-cu ildə bu ərazi ondan geri alınmağa başlananda R.İbrahimbəyov bu barədə katiblikdə deməli olmuşdu və bu da əksər katibləri xeyli təəccübləndirmişdi. O, bu ərazinin mövcudluğunu daim gizlətməyə çalışsa da məqsədinə nail ola bilmədi.

13. 2002-ci ildə Moskva meriyası Ümumrusiya Azərbaycanlıları Konqresinə binanın və Azərbaycan Evinin tikintisi üçün Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayrılması haqqında sərəncam verib. Lakin Rüstəm İbrahimbəyov rəsmi şəkildə məktub yazaraq həmin ərazini satıb. Əldə edilən pullar isə yenə də Rüstəm İbrahimbəyov tərəfindən mənimsənilir.

(yeniazerbaycan.com)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar