Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 3-cü iclası keçirilib
24 iyul 2012 18:24 (UTC +04:00)

Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 3-cü iclası keçirilib

İyulun 23-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 3-cü iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib. İclasda Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar Komitəsi və İqtisadi və Sosial Komitəsi, eyni zamanda Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər. İclasa sədrliyi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton edib. İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, Şərq Tərəfdaşlığının Varşava Zirvə görüşü sonrası tərəfdaş ölkələrlə münasibətlərdə qeydə alınmış tərəqqi və mövcud problemlər, 2013-cü ildə Vilnüsdə keçiriləcək Zirvə görüşünə qədər Şərq Tərəfdaşlığının həyata keçirilməsi üzrə Yol Xəritəsi və onun icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Avropa İttifaqı ilə Tərəfdaş ölkələr arasında münasibətlərin dərinləşməsində və güclənməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində və Tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində Şərq Tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb. Tərəfdaş ölkələrlə Assosiasiya Sazişləri üzrə danışıqların uğurla davam etdiyi, eyni zamanda Azərbaycan da daxil olmaqla aidiyyəti ölkələrlə viza sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqların davam etdiyi qeyd olunub. Bəzi Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri çıxışları zamanı tərəfdaş ölkələrin ərazisində mövcud olan münaqişələrin həll olunmamasından ciddi narahatçılıqlarını ifadə edib və bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində nizamlanmasını əhəmiyyətli sayıblar. İclas zamanı Avropa İttifaqı ölkələri ilə viza rejiminin sadələşdirilməsi və təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsi vacib sayılıb, Avropa İttifaqının bu sahələrdə ciddi addımların atılması üçün çağırışlar səsləndirilib.

İclasdan sonra Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Fülenin dəvəti üzrə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin başçıları üçün işçi şam yeməyi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar