Bahar Muradova: “Düşünmürəm ki, bu fikirlər indiyədək səslənməyib...”
19 iyul 2012 16:46 (UTC +04:00)

Bahar Muradova: “Düşünmürəm ki, bu fikirlər indiyədək səslənməyib...”

“Heç zaman mücərrəd iqtidar-müxalifət dialoqunu qəbul etmək istəməmişəm. O mənada ki, konkret tərəflər, qurumlar, şəxslər bu və ya digər məsələ ətrafında toplaşa bilər, amma heç bir konkret məsələ göstərmədən iqtidar-müxalifət dialoqu deməyin özü sadəcə, bu məsələnin havada qalması deməkdir”.

Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova söyləyib. Bununla belə, Bahar Muradova təmasların hər zaman olduğunu dilə gətirib. Onun sözlərinə görə, bu günlərdə mətbuat və QHT nümayəndələri ilə keçirilən görüşlər buna bariz nümunədir. Vitse-spiker qeyd edib ki, dövlət siyasətinin həyata keçirilməsi, bu siyasətin ayrı-ayrı istiqamətlərində yeni mexanizm və formaların tapılması məhz bu təmasların nəticəsidir, həmçinin, siyasi partiyaların maliyyələşməsi ilə bağlı qanunun qəbul olunması, belə təmas və müzakirələrin nəticəsidir: “Əslində konkret məsələ ətrafında toplaşmaq da, fikir mübadiləsi də aparmaq olar, rəy söyləmək, bir-birini dinləmək də mümkündür. Bu, istənilən demokratik cəmiyyətin atributu və zamanın tələbidir. Biz hamımız bunu etməliyik və edirik”.


Prezidentin son müşavirədəki çıxışında müxalifəti tənqid etməsi məsələsinə də toxunan Bahar Muradova bildirib ki, hər gün dövlət başçısı da daxil olmaqla, bütün iqtidar nümayəndələrinin sağdan-soldan “atəşlərə” məruz qaldığı müşahidə edilir: “Biz bunu günümüzün reallığı kimi qəbul edirik və düşünürük ki, bizim müxalifətdə və mətbuat sıralarında bəzi dairələr var ki, onlar bu cür fəaliyyəti məqbul hesab edir. Hətta buna da dözümlü yanaşırıq. İndi bütün bu illər ərzində prezident bir dəfə konkret radikal, Azərbaycanın milli maraqlarına zidd münasibəti ilə seçilən məhdud dairələrin mövqeyi ilə bağlı ifadə etdiyi fikri sensasiyaya çevirmək istəyirlər. Bu, Azərbaycanda hansısa yeni bir “dalğanın”, “repressiya dalğasının” olacağı ilə bağlı xəbərdarlıq kimi qəbul edilir. Bu, qətiyyən belə deyil. Azərbaycan prezidenti Azərbaycan cəmiyyətinin əksər hissəsinin fikrini ifadə etdi, yeni bir şey demədi. Düşünmürəm ki, bu fikirlər indiyə qədər cəmiyyətdə səslənməyib. Bizim hər birimiz bu fikirləri səsləndirmişik. Başqa necə adlandırmaq olar o hərəkətləri ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini şübhə altına ala biləcək bəyanatlar, fikirlər ortadadır, onu istehza, gülüş obyektinə çevirmək məqamları ortada olduqda, Azərbaycanın möhtəşəm təşkilatların tədbirlərinə ev sahibliyi etdiyi zaman bu tədbirin lazımi səviyyədə keçirilməsinə kömək, dəstək vermək, ən azı maneə olmamaq əvəzinə, ölkəni gözdən sala biləcək hərəkətlərə rəvac verən insanlara nə ad vermək olar? Prezident məhz həmin adı səsləndirib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar