Emin Həsənli: “Bu, böyük mənəvi enerjiyə, gücə çevrilir...”
17 iyul 2012 17:39 (UTC +04:00)

Emin Həsənli: “Bu, böyük mənəvi enerjiyə, gücə çevrilir...”

İyulun 11-də Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə Beyləqan-Füzuli istiqamətində ön xətdə əsgərlərlə görüş keçirib.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Lent.az-a açıqlamasında deyib ki, 3 hərbi hissə daxil olmaqla, ön xətdəki hərbi hissələrdə görüşlər təşkil edilib.


Emin Həsənli bildirib ki, əsgərlərimizin əhval-ruhiyyəsi yüksək səviyyədədir: “Maddi-texniki bazanın, əsgərlərin qalma şəraitinin daha da yaxşılaşdığını gördük. Ən əsası odur ki, Azərbaycan əsgərində böyük əhval-ruhiyyə var və bu əhval-ruhiyyə torpaqlarımızın işğaldan azad edilməsini təmin edəcək. Azərbaycan əsgərinin döyüş ruhu yüksəkdir, təlimlər yüksək səviyyədə keçirilir. Biz orada olarkən hərbi hissələrdə təlimlər keçirilirdi və biz də təlimləri müşahidə etdik. Təlimlərin necə yüksək səviyyədə keçirilməsinin şahidi olduq”.


Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri belə səfərlərin çox böyük əhəmiyyəti olduğunu söyləyib. Onun sözlərinə görə, əsgərlər “Eurovision-2010” Mahnı Müsabiqəsinin iştirakçısı olmuş və 5-ci yeri tutmuş Səfurə Əlizadə ilə görüşdülər, müğənnimiz səngərə qədər gedib. Səfurə Əlizadə “Sarı gəlin” mahnısını əsgərlərimizlə birgə ifa edib. Muğam ustası, səhnəmizin “Məcnun”u İlkin Əhmədov da əsgərlərimiz qarşısında çıxış edib. O cümlədən Avropa və dünya çempionu olan idmançılarımız, Sambo Federasiyasının baş katibi Yaqub Abdullayev də əsgərlərin görüşünə gəlib: “Bu il Azərbaycanda idman ilidir. London Yay Olimpiadası qabağı idmançıların cəbhə bölgəsinə səfəri həm əsgərlərimizdə, həm də idmançılarımızda yüksək əhval-ruhiyyə yaradır. Azərbaycan mədəniyyət və idman sahələrində böyük qələbələrə imza atıb. Keçən il Azərbaycan “Eurovision”da qalib gəldi, bu il mahnı müsabiqəsini Azərbaycanda keçirdik. Hər il yarışlarda qalib gəlirik, olimpiadalarda uğur qazanırıq. İnşallah, ən böyük qələbəmiz Qarabağda olacaq. Bir daha orada qeyd etdik ki, Azərbaycanın sərhədləri bura deyil, bura təmas xəttidir, inşallah, sərhədlərimizi bərpa eləcəyik. Buna qadir olan güclü ordumuz var. Ən əsası, bu gün Azərbaycanın vətənpərvər gəncliyi var. Bu gənclik orduda xidmət edir. Bu gənclik torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazırdır”.


Emin Həsənli vurğulayıb ki, belə səfərlərin Azərbaycanda hərbi jurnalistikanın yetişməsində böyük rolu var. Cəbhə bölgələrində telekanalların hərbi müxbirləri var, onlar bu tədbirlərdə, təlimlərdə iştirak edir. Bu jurnalistlərə ayrıca seminarlar da keçirilir, ekstremal situasiyalara hazırlanırlar. Bu görüşə jurnalistləri də apardıqlarını bildirən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri xatırladıb ki, Birinci Qarabağ Savaşında beynəlxalq ictimaiyyəti informasiya ilə təmin etmək sahəsində xeyli çətinliklərlə üzləşmişik. Bir çox halda naşılıqlara yol verilib. Çünki dövlətçilik ənənələrimiz olmayıb: “İndi bizim o dövrdəki ordumuzla müqayisədə xeyli güclü, vahid komandanlığa əsaslanan ordumuz, nizami hərbi hissələrimiz var. Eyni zamanda çox güclü hərbi jurnalistlərimiz var və Qarabağda savaş başlayarkən xalqımızı, beynəlxalq ictimaiyyəti informasiya ilə təmin edəcəklər. Zabitlərimiz də mətbuatla işləmək qaydasını çox gözəl bilirlər. Ordu ilə xalq arasında həmrəylik yüksək səviyyədədir. Bizim görüşdə QHT nümayəndələri də vardı. Bu görüşə bir neçə gənclər təşkilatının, o cümlədən “İrəli”, “Gənclərin Töhfəsi” təşkilatlarının üzvlərini ora aparmışdıq. Bu cür səfərlər il ərzində ardıcıl olaraq həyata keçirilir. Millət vəkilləri, QHT nümayəndələri, qəzetlərin baş redaktorları, yazıçılar, şairlər, ictimaiyyətin digər nümayəndələrinin ön cəbhəyə səfərləri təşkil olunur. Bütün bunlar imkan verəcək ki, biz ordu-ictimaiyyət əlaqələrini daha da sıxlaşdıraq, genişləndirək. Bunun böyük əhəmiyyəti var. Orduya ictimai nəzarət həyata keçirilir, ictimaiyyət nümayəndələri, valideynlər orduda gedən prosesləri yaxından izləyirlər. Bunun hərbi jurnalistikanın yetişməsində böyük əhəmiyyəti var. Həm də səngərdəki əsgərlərimiz görürlər ki, ictimaiyyətin onlara böyük diqqəti var. Əsgərlərimiz dövlətin diqqətini həmişə hiss edir. Ali Baş Komandan hər dəfə bölgələrə gedəndə əsgərlərlə görüşür. Əsgərlərimiz başda Ali Baş Komandan olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinin diqqətini hiss edir. Maddi texniki baza güclənir, ərzaq təminatından tutmuş geyimə qədər beynəlxalq standartlara uyğun təmin edilib. Ancaq Azərbaycan əsgərinin cəmiyyətin diqqətinə hər zaman ehtiyacı var. Azərbaycan cəmiyyətinin də əsgərlərlə təmasda olmasına ehtiyac var. Cəmiyyətin ölkənin təhlükəsizliyini, müdafiə qabiliyyətini təmin edən əsgərlərin həm şəraitini görməyə, həm də dəstək verməyə ehtiyacı var. Bu ehtiyac ikitərəfli ödənir və bu, nəticədə böyük mənəvi enerjiyə, gücə çevrilir”.


Belə səfərlərin davamlı xarakter aldığını vurğulayan Emin Həsənli Azərbaycan Silahlı Qüvvələrin Günü qabağı bir qrup ehtiyatda olan zabit və generallarla Qusarda hərbi hissədə olduqlarını söyləyib: “Yəni tək cəbhə bölgəsində deyil, Azərbaycanın bütün hərbi hissələrinə il boyu belə səfərlər, əsgərlərlə görüş təşkil edilir, konsertlər keçirilir. Ümumiyyətlə, Silahlı Qüvvələrə ictimai nəzarət prosesi xeyli vaxtdır ki, həyata keçirilir və artıq bu, sistemli, ardıcıl xarakter alıb. Silahlı Qüvvələrin rəhbərliyi şərait yaradıb ki, biz tez-tez belə tədbirlər təşkil edək, Silahlı Qüvvələrə ictimai nəzarət prosesini həyata keçirək”.


Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar