Lent.az-n təşəbbüsünə qoşulan jurnalistlər İran konsulluğuna sənəd təqdim etdilər
13 iyul 2012 14:07 (UTC +04:00)

Lent.az-n təşəbbüsünə qoşulan jurnalistlər İran konsulluğuna sənəd təqdim etdilər

Bu gün İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün Lent.az-ın təşəbbüsü ilə İrana səfərə getmək istəyən jurnalistlər “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”nı dolduraraq İranın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə təqdim ediblər. Lent.az-ın verdiyi məlumata görə, Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az”-dan Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədli “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”nı dolduraraq İranın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə təqdim ediblər.

Jurnalistlərə bildirilib ki, sənədlərlə baxılacaq və yaxın vaxtlarda cavab veriləcək.

Xatırladaq ki, Lent.az bir neçə gün əvvəl bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin həbsi ilə bağlı jurnalist araşdırması aparmaq üçün bu ölkəyə getmək barədə İranın Azərbaycandakı səfirliyinə müraciət edib. Müraciətdə bildirilib ki, hadisədən 2 aydan çox keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddətdə Azərbaycan tərəfinə heç bir konkret məlumat verməyib. Şairlər müxtəlif cinayətlərdə suçlansa da, İranın dövlət qurumları bu barədə məlumat yaysa da, konkret və inandırıcı cinayət əməli barədə söhbət açılmır. Bu müddət ərzində gənclər bir neçə dəfə ailələri ilə telefonda danışmaq imkanı əldə ediblər. Amma yenə də hansı səbəbdən həbs olunmalarına tam aydınlıq gəlməyib.

Lent.az eyni zamanda təşəbbüs müəllifi kimi digər KİV-ə və həmkarlarımıza müraciət edərək bu təşəbbüsə qoşula biləcəklərini bildirib.


Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar