Azərbaycan İƏT nazirlərindən dəstək istəyib
26 sentyabr 2011 12:56 (UTC +04:00)

Azərbaycan İƏT nazirlərindən dəstək istəyib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 66-cı Sessiyası çərçivəsində İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov öncə Qazaxıstana Nyu-Yorkda İƏT Qrupuna rəhbərliyi qəbul etdiyi üçün təşəkkürünü çatdırıb və Azərbaycanın bu istiqamətdə Qazaxıstana yardımçı olacağını söyləyib.

Elmar Məmmədyarov deyib ki, qloballaşan dünya və bunun davamı olaraq, dünya nizamı və beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Onun sözlərinə görə, bu günlərdə dünyanın müxtəlif regionlarında baş vermiş siyasi hadisələr istənilən regionun geosiyasi vəziyyətini dəyişməyə qadirdir. Bu hadisələr elə bir sürətlə baş verir ki, güclü ölkələr də buna mane ola bilmir və bu, qloballaşmanın özüdür. O bildirib ki, günümüzdə İslam Ümməti çoxsaylı çağırış və təhlükələrlə üzləşir: “Günümüzdə dünyada bir sıra münaqişələr mövcuddur və təəssüf ki, onların əksəriyyəti İslam Ümmətində baş verir və bu münaqişələr zərər çəkmiş regionların təkcə geosiyasi və geoiqtisadi inkişafına deyil, eyni zamanda, bu regionların demokratik inkişafına da mane olur. Geosiyasi proseslərə çox həssas olan bir sıra regionlar mövcuddur. Yaxın və Orta Şərq regionunda baş verən sonuncu siyasi proseslər beynəlxalq ictimaiyyətə sülh və stabilliyin necə kövrək olduğunu nümayiş etdirdi”.

Xarici işlər naziri qeyd edib ki, bir sıra qardaş müsəlman ölkələrində baş verən demokratikləşmə prosesləri xalqların demokratik cəmiyyətlərdə yaşamaq istəyi və iradələrini bir daha ortaya qoyub: “Şübhəsiz ki, sabitliyə və rifaha aparan yol demokratiyadan keçir və Azərbaycan bu haqq işinin güclü müdafiəçisi olaraq qalır. Azərbaycan bütün üzv ölkələri İslam dünyasında baş verən münaqişələrin həlli istiqamətində göstərilən səyləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq davam etdirməyə təşviq edir. Bizim Fələstindəki vəziyyətlə bağlı narahatlığımız davam edir. Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyə nail olunması, paytaxtı Şərqi Qüds olmaqla, suveren və müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində atdığı addımları dəstəklədiyini bir daha bəyan edir və Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam dəstəkləyir. Biz İƏT-in baş katibi və onun işçi heyətinin Təşkilatın möhkəmləndirilməsi və Fələstin xalqına lazım olan yardımın təmin edilməsi istiqamətində gördükləri işi yüksək qiymətləndiririk”. Elmar Məmmədyarov Azərbaycanın Somalidəki humanitar vəziyyətlə bağlı da narahat olduğunu vurğulayıb. BMT-nin sonuncu hesabatlarına əsasən 12 mln. insan hələ də böhran içərisindədir və 750 min insan ölüm riski ilə üz-üzədir. Bu, bəşəriyyətin son 100 ildə üzləşdiyi və presedenti olmayan bir faciədir və bütün ölkələr bu fəlakətin acı nəticələrinin aradan qaldırılması üçün töhfələr verməkdədir: “Bununla əlaqədar olaraq biz İƏT-in və müsəlman ölkələrin Somalidəki humanitar fəlakətin qarşısının alınması üçün zəruri olan yardımın təmin edilməsi istiqamətində tam potensialını reallaşdırmalıyıq. Azərbaycan bu qardaş ölkəyə artıq humanitar yardım göstərib”.
Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının bütün üzv ölkələri ciddi narahat edən bir məsələ olduğunu dilə gətirib. İƏT-in BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq və müsəlman ölkələrin maraqlarını müdafiə etmək üçün legitim tələb irəli sürməyə haqqı var. Azərbaycan Təhlükəsizlik Şurasının üzv ölkələr üçün daha təmsilçi, demokratik, effektiv, şəffaf və məsul bir quruma çevrilməsi üçün hərtərəfli islahatların aparılmasını dəstəkləyir: “Azərbaycan BMT Baş Assambleyasının 66-cı Sessiyası zamanı keçiriləcək seçkilərdə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürüb. İƏT-in Təhlükəsizlik Şurasında təmsilçiliyinin olması zərurətindən çıxış edərək, üzv ölkələrin Azərbaycana davamlı dəstəyinə güvənirik. Mən bir daha İslam Ümmətinə və İƏT-in Baş katibinə Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında qalması, bir milyona yaxın insanın doğma torpaqlarından etnik təmizlənməyə məruz qalması və Azərbaycanın, o cümlədən İslam irsinə də aid olan minlərlə mədəni və tarixi abidəsinin viran və qarət edilməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi üçün Azərbaycan tərəfinin səmimi minnətdarlığını bildirirəm”. Xarici işlər naziri Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İƏT tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələrin, eyni zamanda, İƏT-ə üzv ölkələrin dəstəyinin beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb: “Azərbaycan hökuməti bu uzun sürən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasıvə İƏT qətnamələrinin yerinə yetirilməsi, eyni zamanda, ATƏT, Avropa Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlər və qərarlar əsasında sülh yolu ilə həllinə sadiq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar