Azərbaycan “Metsamor” AES-in bağlanması məsələsini qaldırıb
22 sentyabr 2011 13:56 (UTC +04:00)

Azərbaycan “Metsamor” AES-in bağlanması məsələsini qaldırıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 55-ci sessiyasında Ermənistanı sərt tənqid edib. M. Kərimov APA-ya açıqlamasında bildirib ki, sessiyanın sentyabrın 21-də keçirilmiş iclasındakı məruzəsində Ermənistandakı “Metsamor” AES-in bütün region üçün təhlükə olduğunu, bu səbəbdən də bağlanmasının vacibliyini diqqətə çatdırıb: “Çıxışımda qeyd etdim ki, “Metsamor” AES yararsız və təhlükəli stansiyadır. Avropa İttifaqı da bu stansiyanın bağlanmasının zəruriliyini bildirib. İl ərzində beynəlxalq təşkilatların stansiyada dəfələrlə təftiş aparmalarına baxmayaraq, bu araşdırmaların nəticələri sirr kimi qalır, bununla bağlı Azərbaycana heç bir məlumat verilmir. Region ölkələri - Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə təklif edib ki, “Metsamor” AES-də aparılan tədqiqatlara bu üç dövlətin mütəxəssisləri də buraxılsın. Amma hər üç dövləti üçün “Metsamor” AES-lə bağlı məlumatlar sirr kimi saxlanılır. Tələb etdim ki, bu stansiyanın fəaliyyəti ilə bağlı şəffaflıq yaradılsın, məlumatlar region dövlətlərinə də təqdim edilsin”.

AMEA prezidenti deyib ki, sessiyada çıxış edən Ermənistan nümayəndələri Azərbaycanı BAEA tribunasından öz maraqları üçün istifadə etməkdə və qeyri-peşəkar çıxış etməkdə təqsirləndirib: “Mən isə öz çıxışımda bir daha bildirdim ki, Ermənistan “Metsamor” AES-lə bağlı məlumatları region dövlətlərinə təqdim etməyənə qədər bu məsələni yenə qaldıracaq, BAEA tribunasından yenə də istifadə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar