Almaniyada ermənilərə etiraz nəticə verib
21 sentyabr 2011 10:49 (UTC +04:00)

Almaniyada ermənilərə etiraz nəticə verib

Sentyabrın 16-dan 22-ə kimi Almaniya Federativ Respublikasında keçirilən Ermənistan Mədəniyyəti Günləri çərçivəsində erməni separatçıları qondarma “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramının təşkili ilə məşğuldurlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyuldan başlayaraq, Almaniya da ermənilərin “saxta tədbirinə” qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir. Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb. Azərbaycanın Baden Vürtemberq vilayətindəki fəxri konsulluğu Baden-Vürtemberq əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrinə, tədbirin təşkilatçılarına, Baden-Vürtemberq Əyalətindəki erməni İcmasına etiraz məktubları göndərib.


Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Almaniyada fəaliyyət göstərən bütün Diaspor cəmiyyətlərinə məktubla müraciət edib, onları sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçiriləcək konsert haqqında məlumatlandırıb və konsertlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb. AAKM Almaniyanın adı çəkilən dövlət idarə və qurumlarına çoxsaylı etiraz məktubları göndərib. Eyni zamanda Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi, Saksen-Anhalt Vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Xəzər Cəmiyyəti, ALM.AZ Cəmiyyəti, Berlin-Bakı Qalereyası, Azərbaycan-Alman Dostluq Cəmiyyəti, Türk-Azərbaycan Birliyi, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası, Azərbaycan Akademiklər Birliyi, Finlandiyada fəaliyyət göstərən Diaspor Cəmiyyəti, Finlandiya Azərbaycan Assosiasiyası, İtaliyada fəaliyyət göstərən Diaspor Cəmiyyəti, Azərbaycan Mədəniyyət Assosiasiyası, yazılı etiraz aksiyasına qoşularaq açıq etiraz məktubu ilə Baden-Vürtemberq Əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrinə və rəsmi orqanlarına müraciət edib.


“Qondarma bayram konserti” günü - sentyabrın 19-da AAKM Cəfər Süleymanovun koordinatorluğu ilə Stutqartda yaşayan azərbaycanlılar və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə, Berlində “Azərbaycan Evi”nin sədr Tofiq Qarayevin təşkilati dəstəyi ilə Almaniyadakı Azərbaycan Diasporasını Bad Kanştatt rayonunda adı çəkilən konsertə qarşı piketə çağırıb. Etiraz aksiyasında Baden Vürtemberq və ətraf rayonlardan əlavə Almaniyada fəaliyyət göstərən Diaspor cəmiyyətləri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür və konqresin üzvləri, Raynland-Pfalz Türk Toplumunun rəhbərləri Fazil Lostar, Nail Munqan, Orhan Genc, Frankfurt-Azərbaycan Cəmiyyətinin üzvləri, SOCAR neft şirkətinin Almaniyadakı nümayəndəsi Nazim Əliyev, eləcə də Almaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür bəyanatla çıxış edib və keçirilən “qondarma 20-illik” tədbiri siyasi, ictimai nöqteyi-nəzərdən yanlış bir addım olduğunu və heç bir hüquqi normalara sığmadığını vurğulayıb. Piket iştirakçıları rayon sakinlərinə və konsertə gələn qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair broşurlər və kitablar paylayıb, piketi izləyən alman ictimaiyyətinin nümayəndələrinin suallarını cavablandırıblar. Bundan əlavə, konsertə gələn ermənilərə də Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətini, BMT-nin qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsini pisləyən, Azərbaycan Respublikasının dünyada tolerant bir dövlət kimi tanındığını bildirən, tarixi faktlar əsasında Dağlıq-Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan vərəqələr paylanıb.


Piketdən əvvəlki dövrdə həyata keçirilən addımların, təşkil olunan kütləvi yazılı etiraz aksiyasının səmərəli nəticəsi olub. Baden Vürtemberq əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrindən Azərbaycan diasporunun etiraz məktublarına izahatlı cavablar verilib, BV əyalətinin hakimiyyət dairələrinin konsertə himayədarlıq etmədikləri bildirilib. internet səhifələrindən qondarma ““Dağlıq Qarabağ Respublikası”nın “təmsilçisi”nin adı konsert təşkilatçıları tərəfindən çıxarılıb. Alman ictimaiyyətinin, rəsmi və siyasi orqanlarının heç bir nümayəndəsi erməniləri salamlamaq və yaxud təbrik etmək məqsədilə konsertə gəlməyib. Etiraz məktublarından sonra Baden Vürtemberq əyalətinin hakimiyyət orqanları konsertin təşkilatçıları ilə siyasi əlaqələrini kəsib. Ştutqart şəhərinin bələdiyyə rəisi konsertin təşkilatçılarına kəskin məktubla müraciət edib və konsertdə iştirakdan imtina edib. Baden Vürtemberq əyalətinin hakimiyyət orqanları konserti nə maddi, nə də məzmun cəhətdən dəstəkləmədiklərini bildirib. Nəticədə piketdə iştirak edən Azərbaycan Diaspor nümayəndələrinin sayı Bad-Kanştatt rayonunun Kurzalının konsert salonunda keçirilən tədbirə gələn təxminən 30 nəfər qonağın sayından çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar