“Qarabağ”  Siyasi  Bloku Sarkozi ilə görüşmək istəyir
20 sentyabr 2011 15:35 (UTC +04:00)

“Qarabağ” Siyasi Bloku Sarkozi ilə görüşmək istəyir

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında “Qarabağ” Siyasi Blokuna daxil olan Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasının İdarə Heyətlərinin birgə toplantısı keçirilib.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, “Qarabağ” Siyasi Blokunun gələcək fəaliyyət istiqamətləri və Əsasnaməsi müzakirə olunub.

İclasa sədrlik edən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, “Qarabağ” Siyasi Blokunun elan olunmasından xeyli vaxt keçməsinə baxmayaraq ciddi fəaliyyət göstərməməsinin əsas səbəbi müxalifətin vahid güc mərkəzinin yaradılması istiqamətində aparılan danışıqlar olub: “Bloka daxil olan partiyalar da bu ideyaya müsbət yanaşdığından keçən müddət ərzində biz praktik olaraq bu istiqamətdə fəaliyyət göstərmişik. Amma biz yenə də müxalifətin vahid güc mərkəzinin yaradılması ideyasına sadiq qaldığımızı bəyan etməklə, öz fəaliyyətimizdə ciddi dönüş etmək fikrindəyik. İnanıram ki, ictimaiyyət də qısa zaman kəsiyində bunun şahidi olacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, bu günə qədərki fəaliyyəti davam etdirməklə yanaşı cəmiyyətə yeni ideyalar verməlidirlər: “Hesab edirəm ki, “Qarabağ” Siyasi Blokunun güclənməsi müxalifət daxili narazılığı aradan qaldıracaq”.

Digər natiqlər də öz çıxışlarında “Qarabağ” Siyasi Blokunun güclənməsini, müxalifətin vahid güc mərkəzinin yaradılması istiqamətində aparılan danışıqların davam etdirilməsini və eyni zamanda hakimiyyətlə ümummilli məsələlərdə dialoqun aparılmasını da məqsədə uyğun hesab ediblər.

İclasda Fransa prezidenti Nikola Sarkozinin bu ilin 6-7 oktyabr tarixlərində Azərbaycana gözlənilən səfəri çərçivəsində müxalifət liderləri ilə görüşməsi üçün Fransanın ölkəmizdəki səfirliyinə “Qarabağ” Siyasi Bloku adından məktubla müraciət edilməsi barədə qərar da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar