Brayza Dövlət Departamentinin hesabatından şikayətlənib
19 sentyabr 2011 13:16 (UTC +04:00)

Brayza Dövlət Departamentinin hesabatından şikayətlənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hidayət Orucov ABŞ-ın yeni səfirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini nəzərə çatdırıb və ölkəmizi yaxşı tanıdığını, regiondakı münaqişələrin tarixinə obyektiv bələd olduğunu söyləyib.


Dövlət Komitəsinin sədri Metyu Brayzanın azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini dilə gətirib. Hidayət Orucov bildirib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək.


Metyu Brayza deyib ki, karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq bizim ölkəmizdə çalışmaq arzusunda olub. Ailəsinin də bu məsələdə ona dəstək olduğunu vurğulayan səfi, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu önə çəkib. O, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinin mövcudluğunun əsas rol oynadığını qeyd edib: “Azərbaycan Amerikanın dostudur, Amerika da Azərbaycanın dostudur. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səy edəcəyəm”.


Metyu Brayzanın sözlərinə görə, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: “Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Əgər hər hansı dövlət öz din siyasətini başqa ölkəyə ixrac edərsə, yerli xalq buna birmənalı olaraq “yox, bizim öz dinimiz, öz dövlət-din münasibətlərimiz var” deməlidir. ABŞ isə xalqın bu iradəsinə dəstək verməli, kömək etməlidir: “Bəzən Dövlət Departamenti hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaq”.


Hidayət Orucov isə bildirib ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb: “Bizim dövlət isə təriqətlərüstü və saf din siyasəti aparır. Qədim və humanist ənənələrə əsaslanan belə bir dünyəvilik prinsipinin qorunub saxlanmasında Heydər Əliyevin xüsusilə böyük xidmətləri olub. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. “Din dövlətdən ayrıdır” prinsipi Azərbaycanda sözün əsl mənasında yaşarlıdır. XXI əsrdə dini ekstremizmə yol verilə bilməz. Terrorizmdə dindən dəstək almaq olmaz. Dinləri, xüsusilə də İslamı terrorizmdə günahlandırmaq isə ən azı ədalətsizlik və savadsızlıq kimi dəyərləndirilməlidir. Bu istiqamətdə amerikalı dostlarımızla biz həmfikirik”.


Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar