Rauf Arifoğlu: “Bu məktuba Türkiyə səfirliyi reaksiya verə bilməz”
15 sentyabr 2011 17:33 (UTC +04:00)

Rauf Arifoğlu: “Bu məktuba Türkiyə səfirliyi reaksiya verə bilməz”

“Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşavirliyinin “Yeni Müsavat” qəzeti ilə bağlı Anadolu Agentliyinə açıqlaması yanlış anlaşmadan, qeyri-peşəkarlıqdan doğub və problem yaranıb”.

Lent.az-ın məlumatına görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün yaydığı açıqlamada bildirib.

Rauf Arifoğlu deyib ki, Türkiyə səfirliyinin mətbuat müşavirliyi adından yayılan bəyanatda bildirilir ki, guya “Yeni Müsavat” qəzetində “Hərbi məktəbdə türk müdavimlər incidilir” adı altında bir yazı dərc olunub. Yayılan bəyanatda Türkiyə səfirliyi adından bunu təkzib ediblər: “Birincisi, qəzetimizdə nə keçən həftə, nə ondan əvvəlki həftə, ümumiyyətlə, tarixi boyunca o adda heç bir yazı dərc olunmayıb. İkincisi, biz Hərbi Akademiyanın türk əsilli tələbələrinin incidilməsi ilə bağlı məktubu dərc etmişik. Məsələ ondadır ki, bu məktuba Türkiyə səfirliyi reaksiya verə bilməz, çünki söhbət orada Türkiyə vətəndaşlarından yox, Azərbaycan türklərindən gedir. Türkiyə vətəndaşları haqqında bir cümlə də o yazıda yer almayıb. Bu səbəbdən də Türkiyə səfirliyinin, Türkiyə Cümhuriyyəti rəsmilərinin mandatına aid olmayan bir məsələdir. Odur ki, Türkiyə səfirliyi adından təkzib verilməsi və uzağa gedən nəticələr çıxarılaraq “Yeni Müsavat” qəzetinin iki dövlət arasında münasibətləri korlayacaq yazılarda ittiham olunması qeyri-peşəkar yanaşmadır”.

Baş redaktor məsələni araşdırdığını da bildirib. Məlum olub ki, Anadolu Agentliyinin Bakı nümayəndəliyinin bu məsələdən xəbəri yoxdur: “Mən xəbəri alarkən Türkiyə səfirliyinin üçüncü katibi Bahar xanımla bir tədbirdə idim. Məsələ barədə soruşdum, xəbəri yox idi. Aydınlaşdırdım ki, səfirlikdə polis işlərinə baxan İsmayıl bəy adlı bir şəxs var və açıqlamanı da o verib. İsmayıl bəylə də danışdım. Şifahi olaraq belə izah etdi ki, Türkiyədən Anadolu Agentliyindən ona zəng açıblar və deyiblər ki, “Yeni Müsavat”da belə bir yazı gedib, sizin buna münasibətiniz necədir. İsmayıl bəy deyir ki, düşündüm ki, hər halda Anadolu Agentliyi doğru deyər və açıqlama verdim ki, belə şeylər yanlışdır. İsmayıl bəy polis əməkdaşıdır və təəssüf ki, Türkiyə səfirliyi hazırda mətbuat attaşesi vəzifəsini də onun üzərinə qoyub. Ona görə də hesab edirəm ki, mətbuat sahəsində qeyri-peşəkarlıq bu şəxsin Türkiyə səfirliyi və Türkiyə dövləti adından bu cür yanlış material yaymasına gətirib çıxarıb”.

Rauf Arifoğlu bu açıqlamanın onları incitdiyini vurğulayıb: “Çünki biz yaradıcılığımız boyunca Türkiyə ilə bağlı öz ölkəmiz qədər həssas olmuşuq və bu həssaslığı indiyə qədər də gözləməkdəyik. Belə bir qəzeti iki dövlət arasında münasibətləri gərginləşdirməkdə suçlamaq heç bir əsası olmayan məsələdir. Xüsusən yayılan xəbərlərdə Türkiyə dövlətinə, vətəndaşlarına aid heç bir məsələ yoxdur”.

Rauf Arifoğlu səfirliklə və Anadolu Agentliyi ilə əlaqə saxlayıb, məsələnin təkzib olunmasını tələb edib: “Nəticələri gözləməkdəyəm. Ancaq xəbər Lent.azAPA agentliyində yayımlandığı üçün çox istəyərdim ki, bu mətbu orqanlarda da operativ şəkildə oxucular məlumatlandırılsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar