Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək
12 sentyabr 2011 18:26 (UTC +04:00)

Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək

0
Türkdilli Ölkələrin II Media Forumu Azərbaycanda keçiriləcək. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbir oktyabrın 27-30 tarixində Bakıda düzənlənəcək.

Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşdiriləcək forumda ölkəmizlə yanaşı, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Özbəkistandan, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Ərazisindən media qurumlarının təmsilçilərinin qatılması planlaşdırılıb. Ümumilikdə 300 nəfərin iştirak edəcəyi tədbirə 100-dən artıq xarici qonaq dəvət olunacaq.

Toplantının gündəliyinə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması da daxildir. Sənədin peşə mübadiləsi prosesini gücləndirmək məqsədilə hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin, medianın müxtəlif sahələrinə dair treninq-məşğələlərin təşkilini, habelə Türkiyədə kütləvi informasiya vasitələrinin ölkənin iqtisadi münasibətlər sistemindəki rolu ilə bağlı təcrübənin öyrənilməsini və s. məsələləri nəzərdə tutacağı gözlənilir.

Qeyd edək ki, Forumun təşkilindən məqsəd beynəlxalq aləmdə yeni tendensiya kimi nəzərə çarpan türkdilli toplumların inteqrasiyasının genişlənməsinə, qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə kömək göstərməkdir. Tədbirdə türk media birliyinin gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək, türkdilli media qurumlarının konsolidasiyasının sürətləndirilməsinin prinsipial tərəfləri də müzakirə olunacaq.

Xatırladaq ki, Türkdilli Ölkələrin I Media Forumu ötən il dekabrın 21-22-də Ankarada baş tutub. Forumda ölkəmizdən Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurumun İdarə Heyətinin üzvləri, KİV rəhbərlərinin bir qrupu iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar