“İranda Qarabağla bağlı yazdığım şeirlər tapılsa, məni edam edərdilər”
12 sentyabr 2011 11:44 (UTC +04:00)

“İranda Qarabağla bağlı yazdığım şeirlər tapılsa, məni edam edərdilər”

0
Türkiyənin “Yeni Şafak” qəzeti İstanbulda könüllü sürgün həyatı yaşayan Cənubi Azərbaycandan olan şair Həbibdən müsahibə götürüb. Lent.az-ın verdiyi məlumata görə, 33 yaşlı Həbib “Yeni Şafak”a açıqlamasında deyib ki, Türkiyədə yaşamasının səbəbi azərbaycanlı olduğuna görə məruz qaldığı diskriminasiya və təhqirlərə qarşı çıxdığı üçün İran rejimi tərəfindən təzyiqlərə məruz qalmasıdır.

Bu cür düşünən dostlarının həbsxanada olduğunu bildirən Həbib deyib ki, həbsdən can qurtarmaq və susmaq məcburiyyətində qalmamaq üçün vətənini tərk edərək Türkiyədə yaşamağa üstünlük verib. Həbib onu da deyib ki, İran-Ermənistan əlaqələri ucbatından Ermənistanı tənqid edə bilmirlər: “Qarabağla bağlı yazdığım şerlərim İranda tapılsa, məni orada edam edərdilər. Bir çox dostlarım da bu səbəbdən həbsə atılıb. Rahat danışmaq, yazdığım şeirləri bir kitab halında çap etdirmək və universitetə daxil olmaq üçün İstanbula gəlmişəm. Hələ bir işim yoxdur. Ancaq bütün çətinliklərə baxmayaraq, burada yaşamaq istəyirəm, çünki Türkiyə mənə daha demokratik görünür”.


Həbib İranda hüquq fakültəsini bitirdiyini söyləyib: “Ancaq öz doğma Azərbaycan dilində təhsil ala bilməmişəm. Bu, bizi ən çox narahat edən məsələlərdən biridir. Qəzetlər, telekanallar və kitablar fars dilində yayımlanır. Bizə Azərbaycan türkcəsində yazmağa və oxumağa icazə vermirlər. İranda əhalinin 55 faizini təşkil etsək də, öz dilimizdə yazmaq və oxumaq hüququmuz yoxdur. Dilimizi və mədəniyyətimizi qorumaq üçün uşaqlarımıza körpəlikdən qəhrəmanlarımızı öyrədirik”.

Həbib onu da vurğulayıb ki, İranda Azərbaycan türkcəsini bu millətin güclənməsinin qarşısını almaq üçün qadağan ediblər: “Azərbaycan xalqı 8 əsr əvvəl böyük bir imperatorluğa sahib idi. İndi bizi parça-parça etdilər. Dünya türk millətlərinin birləşməsini istəmir. Dünya bizim gücümüzü anladığı üçün parçalayıb və bizə nəzarət etməyə çalışırlar. İranda da qəzetlər bizi aşağılamağa çalışır. Bizi əxlaqsız kimi qələmə verirlər. Filmlərdə bizi zibilyığan rollarında göstərirlər. İranda “İran” adlı bir qəzet var, haqqımızda çox təhqiramiz şeylər yazır. Buna etiraz etdiyimiz üçün bir çox gənclərimizi həbsə atıblar, onlar hələ də həbsdədirlər. Mən bu mübarizə üçün ailə qurmaqdan vaz keçmişəm və peşman da deyiləm. Bir gün İranda öz dilimizdə oxuyub yazmağa başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1428

Oxşar yazılar