Güney Azərbaycanda elan olunmamış hərbi vəziyyət
11 sentyabr 2011 13:18 (UTC +04:00)

Güney Azərbaycanda elan olunmamış hərbi vəziyyət

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da Güney Azərbaycanın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz olaraq, aksiyaların keçirilməsi planlaşdırılmışdı.
1979-cu il inqilabından sonra hakimiyyət Güney Azərbaycanın Təbriz, Urmiya kimi iri şəhərlərinə hərbi manevr adı altında görünməmiş sayda hərbçi yerləşdirib. Ona görə də etiraz aksiyası Güney Azərbaycanın başqa şəhərlərində keçirilib. Hakimiyyət Təbrizdə böyük qüvvə sərf edərək aksiyanın qarşısını alıb. Bununla belə şəhərin bir sıra küçələrində polis və bəsiclərlə etirazçılar arasında toqquşmanın baş verdiyi haqda da xəbərlər yayılıb.
Yayılan məlumatlara əsasən, kütləvi yürüşün gerçəkləşməsinin və baş verənlərlə bağlı xəbərlərin yayılmasının qarşısını almaq məqsədi ilə hakimiyyət Təbrizin əksər məntəqələrində internet və telefon xəttini qapadıb.

İran rejimi məsulları bunu da hərbi təlimlərlə əlaqələndirir.
İran ordusuna məxsus vertolyotlar təlim bəhanəsi Təbriz üzərində uçuşlar edib. Hakimiyyət belə uçuşlarla yerli əhali arasında qorxu xofu yaratmağa çalışır.

Sulduzda (adı dəyişdirilib, indi Nəğədə adlanır) etirazçılar İmam küçəsi ilə şəhər icra hakimiyyətinə sarı yürüş edərək, «Yaşasın Azərbaycan!», «Azərbaycan canımız - Urmu gölü qanımız!», «Azərbaycan var olsun - İstəməyən kor olsun!», «Urmu gölü can verir-Məclis onun qətlinə fərman verir» və başqa şüarlar söyləyiblər.

Sulduzun da bütün küçə və meydanlarına təhlükəsizlik qüvvələri yerləşdirilib.

Urmiyada şəhərin Mərkəz – Əyalət meydanları arasında yürüş keçirilməsi gözlənilirdi. Ancaq yerli müşahidəçilərin sözlərinə görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri hazırda hərbi düşərgəyə oxşayır. Şəhərin demək olar ki, bütün küçə və meydanları hərbçilər, çevik polis alayı, xüsusi təyinatlılarla doludur. Urmiya şəhəri 1988-ci ilin Pekinini xatırladır. Əsasən şəhərin Ətai, Xəyyam, Taliqani, Müntəziri küçələrinə hərbçilər çoxlu sayda hərbçilər yerləşdirilib.

Polislər Təbriz və Urmiyada gözlərinə şübhəli görünən hər kəsi həbs edərək, dəmir qəfəsli maşınlarla aparırlar.

Qoşaçayda Əsli «dördyolu» - İmam cəddəsi arasında etiraz yürüş keçirilib. Şəhərin Taliqani və Şühəda xiyabanlarının kəsişməsində indiyə kimi görünməmiş sayda polis və xüsusi təyinatlı qüvvələr yeridilib. Onlar əhalinin bir yerə toplaşmasını əngəlləyir.

Təbrizin «Traxtursazi» futbol Tehranın «İstiqlal» klubu üzərindəki qələbəsi Güney Azərbaycanın Xoy, Salmas şəhərlərində də böyük coşqu ilə qeyd edilib.

Xoyda polis və təhlükəsizlik qüvvələri havaya odlu silahdan atəş açıb.

Salmasda polis və təhlükəsizlik qüvvələri ilə dinc aksiya iştirakçılar arasında toqquşma baş verib. Polis gözyaşardıcı qazdan, silahdan istifadə edib.

Sentyabrın 12-də Urmiya gölü ilə bağlı etiraz aksiyasının Güney Azərbaycanın Ərdəbil şəhərində də keçirilməsi nəzərdə tutulub. Hakimiyyəti dünəndən bu aksiyanın qarşısını almağa başlayıb. Ötən gün tanınmış dissident Abbas Lisani həbs edilib. Bundan başqa, yerli ictimai fəal insanlar ETTELAAT-ın yerli idarəsinə çağırılır, hədələnir və qorxudulurlar. Bundan başqa, təhlükəsizlik idarəsinin məmurları əsasən, siyasi fəal gəncləri SMS, telefon əlaqəsi ilə sorğu-suala tutur, hədələyir, onları etiraz aksiyasında iştirakdan çəkinməyə çağırırlar. Belə durum üç gündən artıqdır davam edir.
Tehranda keçirilən futbol oyunu zamanı tutulanlardan ikisinin kimliyi bəlli olub - Höccət Muxtarzadə və Mütrəza Nəbinejad.

Nyu-Yorkdakı İnsan haqları Komitəsi İran hakimiyyətindən etiraz etdiyi üçün tutulanların dərhal buraxılmasını, Urmiya gölünün qurumasının qarşısının alınmasını tələb edib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar