ADA 14 xarici diplomat üçün təlim kursu keçib - FOTO
09 sentyabr 2011 17:58 (UTC +04:00)

ADA 14 xarici diplomat üçün təlim kursu keçib - FOTO

Bu gün Azərbaycan Diplomatik Akademiyası (ADA) “Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi” proqramı üzrə Cənubi Afrika Respublikası, Nigeriya, Uqanda, Zimbabve, Namibiya, Qambiya, Madaqaskar kimi ölkələrdən olan əsasən yüksək və orta səviyyəli 14 diplomat üçün təlimləri sona çatdırıb.
ADA-dan Lent.az-a verilən məlumata görə, diplomatların 7-i hazırda BMT-nin baş qərargahında çalışır.
Kursun bitməsi münasibət ilə diplomatları təbrik edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev deyib ki, əsasən BMT kimi mötəbər təşkilatlarda çalışan diplomatların Azərbaycanla bağlı müzakirələr aparıldığı dövr ölkəmiz haqqında dolğun məlumata sahib olmaları vacibdir. Hafiz Paşayev Xəzər hövzəsi ilə bağlı proqramın diplomatlarla yanaşı, xarici dövlət qurumlarda çalışan digər vəzifə sahiblərinin də şamil olunması müzakirə edilir.
Diplomatların adından ADA-ya minnətdarlığını çatdıran Malavinin BMT-dəki Daimi Nümayəndəliyinin 1-ci katibi Janet Zənnət Kərim bildirib ki, bundan sonra təmsil olunduğu qurumda fəaliyyət göstərən 193 ölkə arasında Azərbaycan onun üçün xüsusi əhəmiyyət kəsb edəcək. Tədbirin sonunda, səfir Hafiz Paşayev təlim iştirakçılarına sertifikatlar təqdim edib.
Xatırladaq ki, sentyabr ayının 1-dən 9-a kimi davam edən təlimlərdə Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər keçiblər. Xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyiblər. Onlar tanışlıq məqsədi ilə Xarici İşlər Nazirliyində olublar. Eyni zamanda Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün Quba, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.
Xatırladaq ki, 2011-ci ildə "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı çərçivəsində ADA 43 Cənubi Amerika, Asiya və Afrikanın orta və yüksək səviyyəli diplomatları üçün təlim keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar