“Növbəti seçkilərə qədər qeydiyyatsız evlərin hamısı qeydə alınacaq”
09 sentyabr 2011 11:18 (UTC +04:00)

“Növbəti seçkilərə qədər qeydiyyatsız evlərin hamısı qeydə alınacaq”

Hər bir seçki ərəfəsində Daxili İşlər Nazirliyi tərəfindən İşçi Qrupu yaradılır, hazırlanmış plan nazir tərəfindən təsdiqlənir. Lent.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini bildirib ki, seçki dövründə profilaktik tədbirlər görülür. Eyni zamanda, namizədlərin bir-birinə kəskin ittihamlarının cinayətə səbəb olmaması üçün də profilaktik addımlar atılır.

O. Zalov qeyd edib ki, keçən seçki dövründə əsas problemlərdən biri 16 yaşa çatmış vətəndaşların şəxsiyyət vəsiqəsi almaması və yaşla əlaqədar olaraq vəsiqələrin dəyişməməsi olub: “Məsələn, 25, 35, 50 yaş tamam olandan sonra şəxsiyyət vəsiqələri dəyişdirilməlidir. Bu problemi həll etmək üçün nazir tərəfindən xüsusi tapşırıq verilib. Yerlərdə şəxsiyyət vəsiqələrinin sürətli dəyişdirilməsi üçün işlər görülür. Eyni zamanda seçki dövrünə qədər vəsiqələrini dəyişdirmək mümkün olmayan şəxslərə seçkidə iştirak etmək üçün şərait yaradılır”.

Nazir müavinin sözlərinə görə, 2008-ci ildə yaradılan sahə rəisləri institutu şəxsiyyət vəsiqələri ilə bağlı problemlərin olmaması üçün vətəndaşlar arasında iş aparır. Hazırda əhalinin 99 faizdən çoxunun şəxsiyyət vəsiqəsi ilə bağlı problemi həll olunub. Bəzi yerlərdə bu göstərici hətta 100 faizdir.

Oruc Zalov onu da vurğulayıb ki, keçən seçki dövründə əsas problemlərdən biri də qeydiyyatsız evlərlə bağlı olub: “Həmin evlərdə yaşayan sakinlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün ünvan olaraq polis şöbələri göstərilib. Prezidentin də bu məsələdən xəbəri var, bununla bağlı göstəriş verib. Parlament seçkilərindən sonra qeydiyyatsız evlər bələdiyyələr, icra qurumları tərəfindən sürətlə qeydə alınır. İnanıram ki, növbəti seçkilərə qədər qeydiyyatsız evlərin hamısı qeydə alınacaq”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar