Qüdrət Həsənquliyev: “Bütöv Azərbaycan ideyasını Azərbaycan xalqına unutdura bilməyəcəklər” – MÜSAHİBƏ
07 sentyabr 2011 17:37 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Bütöv Azərbaycan ideyasını Azərbaycan xalqına unutdura bilməyəcəklər” – MÜSAHİBƏ

0
- Qüdrət bəy, ötən gün prezident Bakıda xalq qəhrəmanı Babəkin abidəsinin ucaldılması barədə sərəncam imzalandı. Buna münasibətinizi bilmək istərdik...

- Doğrusu, mən bu sərəncamı eşidəndə çox sevindim. Bu, tək mənim, partiyamızın deyil, bütün Azərbaycan xalqının çoxdan gözlədiyi sərəncamdır. Xatırlayıram ki, bir neçə il öncə partiyamızın Ali Məclisi bununla bağlı təkliflə çıxış etmiş və Ali Məclisin sədri Mikayıl Rəhimov baş nazirə məktub göndərmişdi. Çünki Babək Azərbaycanın bütövlüyünün simvoluna çevrilib. Hər il iyunun 30-dan iyulun 6-dək Bəzz qalasına on minlərlə azərbaycanlı yürüş edir, çünki o, Azərbaycanın müstəqilliyi uğrunda 20 ildən artıq müddətdə qeyri-bərabər döyüş aparmış xalq qəhrəmanıdır. Bakıda Babəkin abidəsinin ucaldılması təkcə onun xatirəsinin əbədiləşdirilməsi deyil, həm də siyasi baxımdan millətimizin birliyinə, bütövləşməsinə xidmət edən hadisədir. Mənim təklifim budur ki, abidə bu abidə «Azadlıq» meydanında ucaldılsın, «Neftçilər» prospekti də «Babək» prospekti ilə birləşdirilib, xalq qəhrəmanının adını daşısın. Bu gün azərbaycanlıların böyük bir hissəsi İran dövlətinin tərkibindəki doğma yurd-yuvalarında yaşasalar da, bu, bizim birliyimizin simvolu ola bilər. Bu, həm də bizim öz tariximizə hörmətimiz və ehtiramımızın göstəricisidir. Əlbəttə, bu addıma qarşı tərəfdəki rejimin fərqli yanaşacağı aydındır. Çünki son illər Cənubi Azərbaycanda milli özünüdərk prosesi gedir. Onlar böyük bir xalqın və millətin nümayəndələri kimi insani haqlarını təmin eləmək, ana dilində təhsil almaq, yazıb-yaratmaq üçün mübarizə aparırlar. Say tərkibinə görə azərbaycanlılardan az olan farsların İranda hamını farsca yazıb-oxumağa məcbur eləməsi dözülməzdi. Bilirsiniz ki, son illərdə bu milli oyanışın baş verdiyi, özünü göstərdiyi yerlərdən biri də məhz Bəzz qalasıdı. İran hakimiyyəti ora insan axınının qarşısını almaq üçün bütün qüvvəsini səfərbər edir, yürüş təşkilatçılarını zindanlara atır. Məqsəd Azərbaycan xalqına öz tarixini, milli kimliyini unutdurmaqdır. Lakin yüz illər boyu Babəki, Bütöv Azərbaycan ideyasını Azərbaycan xalqına heç kim unutdura bilməyib, bunu bacarmayacaqlar.

- Azərbaycan və İran arasında Babəkdən sonra ikinci mübahisə obyekti olan şəxs dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Bu il onun anadan olmasından 870 il ötür. Sizcə, həmin tarix dövlət səviyyəsində qeyd olunacaqmı?

- Təəssüf ki, bəzən ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslərin təşəbbüskarlığı heç də həmişə bizim arzuladığımız səviyyədə olmur. Düşünürəm ki, Nizami Gəncəvinin yubileyi Azərbaycanda yüksək səviyyədə qeyd olunmalıdır. Nizami Gəncəvi həm də fars dilində yazıb yaradıbsa, bu o demək deyil ki, o fars şairidir. Bu gün Cənubi Azərbaycandan da çoxlu sayda Tehranda doğulmuş azərbaycanlılar var ki, onlar Azərbaycan dilində normal danışa bilmirlər. Bu da onunla bağlıdır ki, onlar həmin dildə təhsil alıblar. Elə burda da vaxtilə rus dilində təhsil almış və indi də rus dilində yazıb yaradan insanlar var, amma bu o demək deyil ki, onlar rus şair və yazıçılarıdır. Ona görə də mən o iddiaları qətiyyətlə rədd edirəm. Bu gün bütün dünya Nizami Gəncəvini böyük Azərbaycan şairi kimi tanıyır. Biz öz mütəfəkkirlərimizə, onların irsinə sahib çıxmalıyıq.

Yeri gəlmişkən, onu da demək istəyirəm ki, biz farslarla tarix boyu qonşu olmuşuq. Bir dövlətin tərkibində, bəzən ayrı-ayrı dövlətlər formasında olmuşuq. Həm də İslam mədəniyyətindən gələn oxşarlıqlarımız var, Şərq mədəniyyətini, psixologiyasını farslarla paylaşırıq. Lakin İranda uzun illər vətəndaşlara fars şovinizmi aşılanıb, əhalinin bir hissəsi böyük imperiya arzusuyla yaşayır. Bir qrup İran alimi, siyasətçisi də bu ideya ilə yaşayır. Tez-tez rastlaşırıq ki, onlar Azərbaycanın müstəqilliyi ilə barışa bilmirlər. Onlar hesab edirlər ki, Şimali Azərbaycan İran torpağıdır və oranı ruslar qoparıblar. İranda bəzi insanlar elə düşünür ki, başqa xalqın, elə azərbaycanlıların da öz ana dilində oxuyub yazması farsların faciəsidir. Nədir bu faciə? O baxımdan biz çalışmalıyıq ki, farslar da o səviyyəyə çatsınlar ki, çex və slovakların mədəni şəkildə ayrılmaq addımını davam etdirsinlər. Anlasınlar ki, bu böyük xalqın öz dövlətinə qoşulmaq, öz dövlətinin tərkibində yaşamaq haqqı var. Gec-tez bu xalq öz haqqına nail olacaq. Lazımdır ki, bu qansız, itkisiz olsun. Bundan sonra qardaş, eyni dini paylaşan xalqlar kimi qonşuluğumuzu davam etdirək. Onlar bilməlidirlər ki, başqa milləti təhqir etmək, aşağılamaq heç bir millətə tarixdə yüksək yer qazandırmayıb.

- Urmiya gölünün qurumasının qarşısının alınmamasına etiraz edən soydaşlarımıza qarşı baş verənlərə sizin münasibətiniz necədir?

- Bu, əslində İran rejiminin mahiyyətini göstərir. Gölün həcmi az qala yarıbayarı azalıb, duzluluğun səviyyəsi artıb. XXI əsrin insani tələbi budur ki, qeyd olunan ekoloji fəlakətin qarşısı alınmalıdır. Biri var bu fəlakəti təbiət özü yaratsın, biri də var ki, bunu fars rejimi yaradır. Gölə gedən su mənbələrini başqa istiqamətə yönəltməklə gölün qurumasına yol açırlar. İnsanlar da haqlı narazılıqlar edirlər ki, bunu etmək olmaz. Bu fəlakət nəticəsində orada min illərdir yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarını tərk edib başqa ərazilərə köçməlidir. Bu da öz növbəsində oradakı azərbaycanlıların assimilyasiyasıdır. Bunu bilməyən yoxdur. Lakin bunu böyük qıcıqla qarşılayırlar. Azərbaycanda da bəzi hallarda İranın buradakı nüfuz müvəkkilləri, fars rejiminin nümayəndələri bunu separatizmlə bağlayır, milli azadlıq hərəkatı ilə əlaqələndirirlər. Ekoloji fəlakətə etiraz edən insanları tutub həbsxanaya atırlarsa, təqib edirlərsə, bunu hansısa ideologiya ilə bağlamaq istəyirlərsə, burada məkrli niyyətlər ortaya çıxır. Mətbuatda oxudum ki, İran parlamenti problemin həllinə 20 milyon dollar vəsait ayırıb. Buna görə də oradakı azərbaycanlılar aktivlik göstərməli və hüquqlarını tələb etməli, repressiyalardan qorxmamalıdırlar. Belə mübarizələrdə biz də onlara lazımi dəstək verməli, onların səsini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Təəssüf edirəm ki, demokratik ölkə olan Türkiyə mediası bu məsələdə oradakı azərbaycanlılara lazımi dəstəyi vermir. Azərbaycanla yanaşı Türkiyə də onlara dəstək verməlidir.

- Sizcə, burdakı siyasi partiyaların və medianın dəstəyi yetərlidir?

- Çox təəssüf ki, bu gün Azərbaycanda İrana bağlı, İran tərəfindən maliyyələşdirilən və yönləndirilən qruplar və insanlar var. Nardaranda bir vaxtlar Qüds günü ilə bağlı aksiyalar keçirilir, Amerika və İsrailin bayraqları yandırılırdı. Azərbaycanda hər kəs bilir ki, bu, İranın tapşırığı və təbliği məqsədilə edilir, heç də müsəlman təəssübkeşliyindən irəli gələn məsələ deyil. Qarabağı işğal edən ermənilər 1 milyon müsəlmanı yurd-yuvasından qovub. Müsəlman təəssübkeşliyindən danışan İran Ermənistanla sıx əlaqələr qurur. Bir dəfə də olsun Nardarandakı molla ünsürləri İran səfirliyi qarşısında aksiya keçirib İranı qınamayıblar. Onlar nə vaxt müsəlmanlara terror edən, məscidləri tövləyə çevirən, dağıdan, İslam mədəniyyətinə aid abidələri yerlə-yeksan etmiş erməni ilə qucaqlaşan Əhmədinejaddan hesab soruşdular? İranın burdakı emissarlarından olan İlqar İbrahimoğlunun soydaşlarımızın aksiyaları ilə verdiyi açıqlama onların maliyyələşdiyi, tezis aldığı yeri aydın göstərir. İranda baş verən hadisələri separatizmlə əlaqələndirilməsini milli təəssübkeşlikdən uzaq, İrana yarınmaq və İrandan faydalanmaq meyli kimi qiymətləndirirəm. Tam əminliklə deyə bilərəm ki, İlqar İbrahimoğlu Azərbaycan xalqının maraqlarını yox, fars-molla rejiminin maraqlarını qoruyan bir ünsürə çevrilib. Yəqin ki, İran tərəfi bu şəxsə təşəkkürünü edəcək.

Bəzi siyasətçilər, jurnalistlər də İranı müdafiə eləmək üçün hərəkət keçmişdilər. Elə bu günlərdə Güney Azərbaycanda baş verən proseslərin Azərbaycan Respublikasında müzakirə olunmasına, qabardılmasına qarşı çıxanlar da eyni yerdən himayə olunurlar.

Mən hesab eləyirəm ki, biz İrandakı soydaşlarımıza dəstək verməklə yanaşı burda proseslərin əleyhinə olanlara, dini vasitə kimi istifadə edənlərə qarşı da dözümsüz olmalıyıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 970

Oxşar yazılar