İran təyyarələri Azərbaycan sərhədi yaxınlığında iri miqyaslı təlim keçir
APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə sərhəddə 10 gün davam edəcək hərbi təlimlər “Vilayət-3 səmasının müdafiəçiləri” adlanır. İran Silahlı Qüvvələrinə aid onlarla qırıcı, bombardmançı, nəqliyyat və digər təyinatlı təyyarələr səmada taktiki tapşırıqlar yerinə yetirir. İran Hərbi Hava Qüvvələrinin komandan müavini, briqada generalı Məhəmməd Ələvi on günlük təlimlər zamanı döyüş təyyarələrinin taktiki xüsusiyyət, avadanlıq və imkanlarının dörd mərhələli sınaqdan çıxarılacağını açıqlayıb. Təlimlərə “MİQ-29”, “Su-24”, “F-4”, “F-5”, habelə İranın istehsalı olan “Saeqeh” təyyarə növləri qatılıb. Agentlik təlim zamanı qırıcı təyyarələrin şərti hədəfləri bombaladığını, nəqliyyat təyyarələrinin isə bir bölgədən digərinə iri həcmli yüklər çatdırdığını bildirir.
567