Güney ayağa qalxdı: Tehran rejimi “qan-qan” deyir
03 sentyabr 2011 23:41 (UTC +04:00)

Güney ayağa qalxdı: Tehran rejimi “qan-qan” deyir

Sentyabrın 3-də Güney Azərbaycanın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz aksiyaları keçirilib.

Aksiyalarda «Azərbaycan canımdır, Urmu gölü qanımdır!», «Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir», «Urmu gölü səslənir: «Susuzam, haray-haray!», eləcə də antişovinizm şüarlarını söyləyiblər.

Aksiya yerli vaxtla saat 18:00-da başlayıb.

Təbrizin Bazar meydanı, şəhər icra hakimiyyətinin binası ilə Rastaküçə arasında, Əmin üçyolu, «Konkabaşı» və Bağqabağında 10 mindən çox azərbaycanlının etiraz aksiyası keçirib. Təbrizdə polis dinc aksiya iştirakçısı olan uşaq və qadınları tutub. Əlində dəyənək olan motosikletli polislər və bəsiclər yürüşçülərə hücum çəkib.
Təbrizdə Şahnaz xiyabanında dinc aksiyanın iştirakçısı olan 20-22 yaşlı bir gənc kişi öldürüldüyü təsdiqlənsə də, onun adı hələ dəqiqləşdirilməyib.

Urmiyanın İmam, «Ətai», Besət, Cənubi Xəyyam, Kaşani xiyabanlarında, «Vilayəti-fəqih» və «Əyalət» meydanlarında çox saylı etirazçının iştirakı ilə etiraz yürüşü keçirilib. Bundan başqa Güney Azərbaycanın Sarab, Əhər, Meşkinşəhr kimi şəhərlərində də yerli əhali Urmiya gölünün qurudulmasına hakimiyyətin laqeyd münasibətinə öz etirazını bildirib.

Tehrandakı azərbaycanlılar «İmam Hüseyn» və «Azadlıq» meydanlarında aksiya keçirməyə çalışıb. Birbaşa əldə edilən məlumatlara əsasən, polis, çevik polis alayı, eləcə də inqilab keşikçiləri qvardiyasının əsas bazası sayılan bəsiclər, habelə tanınmayan bir sıra qüvvələr bütün şəhərlərdə keçirilən etiraz aksiyalara güc tətbiq edib.

Tehranın mərkəzini, Bahar meydanını, habelə şəhərin az qala bütün əsas küçə və meydanlarını polis maşınları nəzarətə götürüb.

Yerli müşahidəçilər bildirib ki, Urmiyanın «Zəncir», «Mərkəz», Müntəziri, Mahabad darvazası, Mədəni, Güküstü, Ətai məntəqələri «tam bir savaş mərkəzini xatırladır». Hakimiyyətin aksiyanı yatıran çeşidli qüvvələri aksiyaçılara qarşı odlu silahdan da atəş açıb. Motosikletçilər əllərindəki çomaqla Urmiya gölünün qurumasına etiraz şüarı verənləri vurublar. Polis qüvvələri aksiyanın yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Urmiyadakı Mütəhərri adına xəstəxanaya gətirilmiş yaralı aksiyaçıları İnqilab Keşikçiləri Qvardiyası aparıb.

Çoxlu sayda tutulan və yaralananların olduğu bildirilib. Onların sayını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, aksiya iştirakçıları aşağıdakı tələbləri irəli sürüblər:

- Urmiya gölünün məqsədyönlü qurudulması prosesi dərhal dayandırılsın;

- Gölün qurumasının qarşısının alınması üçü təcili gerçək tədbirlər həyata keçirilsin;

- Hökumət, parlamentin sədri və Azərbaycan xalqını təhqir edən deputatlar Azərbaycan xalqından üzr istəsin;

- Günahsız insanlara atəş açılması əmrini verən, Qərbi Azərbaycan əyalətinin valisi məsuliyyətə istefaya göndərilsin və cinayət məsuliyyətinə cəlb edilsin;

- Urmiya şəhərində keçirilən dinc etiraz aksiyasını qanla boğan hakimiyyət təmsilçiləri aşkarlanıb, mühakimə edilsin;

- Avqustun 27-də Urmiya gölünün qurumasına etiraz yürüşlərində həbs olunmuşlar sərbəst buraxılsın;

- Aksiyalar zamanı güc qurumlarının adi vətəndaşların mal-mülklərinə vurduğu ziyanı hakimiyyət ödəsin;

- dövlətin informasiya vasitələrin dinc etiraz aksiya iştirakçılarını «quldur», «yolkəsən», «tör-töküntü» kimi təhqiredici ifadələrlə adlandırması dayandırılsın.

Ötən gün Tehranın Ankaradakı səfirliyinin binası qarşısında Türkiyədəki Güney Azərbaycan türklərinin Urmiya gölünün qurudulmasına etiraz aksiyası keçirilib. Sentyabrın 4-də isə İsveçin Gütenberg şəhərində də oradakı azərbaycanlıların bu məqsədlə aksiyası gerçəkləşdiriləcək.

Yazı yayıma hazırlanarkən Urmiya və Təbrizdə aksiyalar davam etdiyi haqda xəbərlər alırdıq. Təbrizin və Urmiyanın küçə və meydanları etirazçılarla doludur. Polis artıq aradan çıxıb. Əsasən qvardiyaçılar, xüsusi təyinatlılar və bəsiclər əhali ilə üz-üzə durub. Təbrizdə aksiya keçirilən əraziyə yaxın evlərin və binaların damında snayperlərin yerləşdirildiyi haqda xəbərlər var. Polis məntəqələri həbs edilmiş uşaq və qadınlarla doludur. Şəhərin hər yerində polis qarşısına çıxan mülki şəxsləri həbs edir. Bəsic qüvvələri xüsusi təyinatlıları etirazçılara hücum etməyə çağırır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar