Urmiyada boğulanlar, yaxud ilqar düz olmayanda... -REPLİKA
02 sentyabr 2011 12:57 (UTC +04:00)

Urmiyada boğulanlar, yaxud ilqar düz olmayanda... -REPLİKA

1967-ci ildən Urmiya gölü qoruq elan olunub. Bundan başqa, YUNESKO da buranı qorunan təbii ərazilər sırasına daxil edib.

Ötən həftə Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün qurumasına etiraz aksiyası keçirilib.

Həmin etiraz aksiyalarına qarşı hakimiyyət zor tətbiq edib. İlkin məlumata görə, 200-ə yaxın aksiyaçı tutulub, 345 nəfər yaralanıb, bir nəfər isə həlak olub.

Yerli müşahidəçilərin məlumatına əsasən, bu tədbirə minlərlə vətəndaş qatılıb. Sayın dəqiq aparılmamasına səbəb yürüşün əsas küçələrdə, bir neçə istiqamətdə keçirilməsi göstərilir.

Baş verən ekoloji problemə hakimiyyətdən də reaksiya gəlir. Ötən gün İran prezidenti Mahmud Əhmədinejad Urmiyada olub.

Xatırladaq ki, İran hökumətinin ötən ilki iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da ötən 5 ay müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: «Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik».

Mütəxəssislər isə bildirib ki, qısa bir zamanda Urimya gölündə yaranmış problemlər aradan qaldırılmazsa, bu su hövzəsi xəritdən silinəcək.

Yerli əhalinin məlumatına əsasən, gölün quruyan ərazilərini hakimiyyət artıq paylamağa başlayıb.

Sadaladıqlarımızı başa düşməyənlər, yaxud başa düşə bilməyənlərdə var. Belələri İrandakı rəsmilərdən, panfarsçılardan da çox bu rejimin «qeyrətini çəkməyə» çalışırlar.

«Azadlıq» radiosu Azərbaycan redaksiyasının «İşdən sonra» verilişinin qonağı olan İlqar İbrahimoğlu müxbirin «Urmiya gölünün qurumasına etiraz aksiyaları» ilə bağlı sualına cavabında özünü «Papadan artıq katolik» kimi aparıb. İbrahimoğlu hesab edir ki, bəzi ölkələrdə insan haqları adı altında başqa meyllərə xidmət edən məsələlər var: «İstər Türkiyədə, istərsə İranda bəzən insan haqları adına örtünmələrlə müəyyən separatizm, dövləti dağıtma meylləri olan məsələlər meydana çıxır. Bu mənada da dövlətlərin də çox sərt davranışları olur. Dünyanın hər yerində ekoloji aksiyaların keçirilməsi əslində çox adi bir haldır. Buna da dözümlü yanaşılmalıdır. Yox, bu məsələlərin arxasında fərqli niyyətlər dayanırsa, o zaman dövlətlərin məsələləri belə qarşılamaları məntiqidir… Demokratik, insan haqları hərəkatlarına çox müsbət yanaşıram. Amma hansısa qüvvələrin öz məqsədləri, öz imkanlarını əldə etmək üçün oranı qarışdırmasına pis baxırıq...»

İranın Qəzvin şəhərində İmam Xomeyni adına Beynəlxalq Universitetdə ali təhsil almış bu Azərbaycan vətəndaşının çıxışı İslam Respublikasının fars şovinist düşüncəli ideoloqlarının çıxışını xatırladır. «Separatçılıqdan» danışan İ.İbarihimoğluna yazımızdakı faktları bir daha xatırlatmaq istərdik. Əgər bu separatçılıq meylidirsə, o zaman İran prezidenti Urmiyaya məlum məsələ ilə bağlı iki ildə üç dəfə niyə gəlib? Niyə M.Əhmədinejad özünün başçılığı altında bu məqsədlə hökumət komissiyası yaradıb? Nədən gölün qurumasının qarşısının alınması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb? Yaxud, nədən bunun qarşısının alınması ilə bağlı yeni-yeni layihələr hazırlanır?...

İlqar İbrahimoğlu və onun kimilər İrandakı rejimin dostunu özlərinə dost, düşmənini düşmən bilənlərdəndir. Bu qrupun nümayəndələri 2006-cı ilin mayında İranda dövlət qəzetində türkləri aşağılayan materiala qarşı etiraz aksiyaları zamanı da susmuşdular... amma tamamilə susqun deyildilər - Livandakı “Hizbullah”ı müdafiə edirdilər. Halbuki onda İranın ali rəhbərindən tutmuş, qatı fars şovinistləri belə «İran» qəzetində verilmiş həmin materialı qınadı. Bizim ibrahimoğlulardan səs çıxmadı...

Bu qrupun adamları İrandakı hakimiyyət kimi saxta islam təəssübkeşliyindən çıxış etməyə adət ediblər. Onlar «vətəni sevmək imandandır» həqiqətini çoxdan unudublar. Həmin kəsim əzbərlətdirilənləri deməyə, yamsıladıqları kimi hərəkət etməyə, düşünməyə çalışırlar. Qumdan, Tehrandan alınan təlimatlarla həqiqəti gizlətmək mümkün deyil. Onların müdafiə etdiyi rejimin təmsilçiləri Azərbaycan Respublikasını hədələyəndə, onun iç işlərinə qarışanda da İlqar İbrahimoğlu kimlər öz dövlətinin təəssübünü indiyədək çəkməyib. Üzü hara olmasından asılı olmayaraq, öz ölkəsinin, millətinin haqlı maraqlarını tapdayıb, yadların yalanını müdafiə edənləri el arasında ən yumşaq ifadə ilə «satqın» adlandırırlar. Allahı sevirsinizsə, parça-paça olmuş bir millətin haqlı tələblərini müdafiə edə bilmirsinizsə, heç olmazsa susun. Yoxsa, yalan danışıb, yabançıların haqqını öz vətənimizdə qorumaqla nə boyda günah etdiyinizin fərqində deyilsiniz?

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar