VHP-dən sərt bəyanat
29 avqust 2011 14:14 (UTC +04:00)

VHP-dən sərt bəyanat

0
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası İranda baş verən son proseslər və milli düşüncə sahiblərinin zorakılığa məruz qalmasıyla bağlı bəyanat verib. Partiyadan lent.az-a daxil olan bəyanatda son günlər İranda baş verən hadisələrin ciddi narahatlıq doğurduğu bildirilir: “Vətəndaşların etiraz aksiyalarına qarşı amansızlıq göstərilməsi təəssüf hissi ilə müşahidə edilir. Urmiya və Təbrizdən kütləvi həbslər haqda xəbərlər gəlir . Etiraz aksiyaları Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran hökumətinin heç bir tədbir görməməsinə qarşı yönəlib”.

Bəyanatda vurğulanıb ki, son 6 ildə Urmiya gölünün suyu qurumağa başlayıb, axırıncı iki ildə isə bu proses daha da sürətlə gedir: “Gölün 60 faizi quruyub. Yaxın 2 ildə gölün tamamilə quruması gözlənilir. İran hökuməti gölün ətrafını hasarlayıb, gölün qurumaması üçünsə heç bir tədbir görmür. Gölün quruması nəticəsində ərazidə 10 milyon ton duz qalacaq, bu da ətraf mühitə zərər vuracaq, orada yaşayanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olacaq. Ətrafda yaşayanlarsa azərbaycanlılardır. İranın millət vəkilləri gölə Araz çayından su çəkilməsi üçün pul ayrılmasının əleyhinə səs veriblər. Təklif ediblər ki, gölün ətrafında yaşayan azərbaycanlılar başqa şəhərlərə köçürülsünlər.

Avqustun 24-də milli fəallar olan Mustafa və Murtaza Əvəzpur qardaşlarının açdıqları iftar süfrəsinə yığışan 30-a yaxın azərbaycanlı elə oradaca tutularaq ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz şöbəsinə aparılıb. Avqustun 25-də isə «Traktorsazi»nin Təbrizdəki oyununu izləyən daha bir neçə milli fəal da həbs olunub. Ərdəbildə də bir neçə fəalın saxlanması barədə məlumat var.

Avqustun 27-də isə İranda Urmiya və Təbriz şəhərlərində azərbaycanlı milli fəallar kütləvi etiraz aksiyaları keçiriblər. Küçələrə axışan adamlar Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin heç bir tədbir görməməsinə, milli azadlıqlar tələb edənlərin həbsə atılmasına etiraz ediblər. İnsan haqları qrupları hüqu-mühafizə orqanları ilə toqquşmalar olduğunu xəbər verirlər. Polis Urmiya və Təbriz şəhərlərində gözyaşardan qazdan istifadə edib.

Bu, həbslər qanunsuzdur. Aksiya iştirakçıları mədəni şəkildə etirazlarını bildiriblər. Urmiya gölü quruyur və bu, təhlükəlidir. İnsanların haqqıdır ki, buna etirazlarını bildirsinlər. İran hökuməti növbəti dəfə insan haqlarına olan sayğısızlığını ortaya qoydu. On illərlə insan haqlarını kobud surətdə pozan İran rejimi son illər öz repressiya siyasətini daha da gücləndirib. Təbriz və Tehranda vətəndaşların siyasi və milli düşüncəyə görə kütləvi həbsi, onlara işgəncələr verilməsi, beynəlxalq hüquqla təsbit olunmuş azalıqlarının tanınmaması, insan haqlarına meydan oxumaq və öz vətəndaşlarına qarşı aqressiv repressiyadır. Dünya insan azadlıqlarına, demokratik dəyərlərə hörmətsizliyə susa bilməz. İran keçmiş SSRİ kimi kaloniya yaradaraq, özünü dünyadan təcrid edib. Bu ölkədə 30 ildən artıqdır ki, xalqa cəhənnəm əzabı verilir. Şəriət qaydalarını hakim tutan rejim siyasətdə İslama zidd gedərək, öz maraqlarını təmin etməklə, özünə gün ağlamaqla məşğuldur. Bu ölkədə müxalifətçilərin təqib, təzyiq və təhqir olunması, soydaşlarımızın təhqir olunmasi, ana dilinə qadağa qoyulması, etiraz edənlərin həbsi, işsizlik və zillət içində yaşaması İranın siyasi hakimiyyətinin mahiyyətindən xəbər verir. Regionda baş verən son hadisələrdən ibrət götürməyərək, öz avtoritarizm ənənələrinə sadiq qalması onu göstərir ki, İran rejimini də Hüsnü Mübarək və Müəmmar Qəddafi diktaturalarının aqibəti gözləyir”.

VHP müqəddəs Ramazan bayramı günlərində İran hökumətinin son addımlarının heç bir dini və siyasi prinsiplərə sığmadığını bildirib: “İslam dinində ayların sultanı sayılan Ramazan ayında, iftar süfrəsi ətrafında cəmləşən insanların həbsi nə insanlığa, nə İslama, nə də beynəlxalq hüquqa sığır. Vətəndaş Həmrəyliyi Partiyası repressiyaları kəskin şəkildə pisləyir və insan haqlarının heç bir ölkənin daxili işi olmadığını bir daha xatırlatmaqa, İran rejimindən repressiyalara son qoymağı tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1233

Oxşar yazılar